Xalq artisti Eldar Quliyevin 85 illik yubileyi qeyd olundu

Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin 85 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, rejissor haqqında məşhur kino xadimlərinin fikirlərini səsləndirdi. Xalq yazıçısı Elmira Axundova “Bir cənub şəhərində” və “Babək” filmlərinin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolundan bəhs etdi. Sonra çıxış edən Xalq artistləri Oqtay Mirqasımov, Rafiq Əzimov, Siyavuş Kərimi, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, rejissorun tələbələri Elşən Zeynallı və Kəmalə Musazadə görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.

Kinorejissorun ailə üzvləri adından qızı Nərminə Quliyevanın videomüraciəti tamaşaçılara təqdim olundu. Çıxışda N.Quliyeva tədbirin təşkilinə görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə səmimi təşəkkürünü bildirdi.

Sonda rejissor Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdirildi.