“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir sıra filmdə ikinci rejissor, rejissor kimi çalışan tanınmış kinorejissor Tofiq Məmmədovun 85 yaşı tamam olur. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Tofiq müəllimi yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edirik, ona cansağlığı, sağlam ömür arzulayırıq.
Tofiq Əsgər oğlu Məmmədov 1941-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi burada (1948-1958) bitirmişdir. Bakıya gələrək texniki məktəbə daxil olmuş, paralel olaraq Bayıl qəsəbəsində (həmin illərdə “Stalinneft” adlandırılan) neft buruqlarında (iki il) işləmişdir. Texniki məktəbi bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə daxil olmuş, görkəmli pedaqoq Adil İsgəndərovun kursunda sənətin sirlərinə yiyələnmişdir (1966).
Tofiq Məmmədov kinostudiyaya səmtləndirdiyi yolun başlanğıcını istinad verdi: “Mən hələ orta məktəbdə oxuyanda böyük qardaşım bir neçə tamaşaya quruluş vermişdi. Biz birlikdə Novruz bayramı şənliklərində, eləcə də digər tədbirlərdə çıxış edirdik. Səkkizinci sinifdə oxuyanda Bakıya gəlmişdim. İlk dəfə idi ki, Akademik Milli Dram Teatrına getmişdim. Sənətin sehrli qüvvəsi təsirsiz ötüşmür. Buna görə də nə vaxt Bakıya gəlirdimsə mütləq teatra üz tuturdum, tamaşalara baxırdım, görkəmli sənətkarlarımızın çıxışlarını böyük həvəslə izləyirdim. Beləcə qərara aldım ki, sənədlərimi mütləq Teatr İnstitutuna verməliyəm və orada təhsil almalıyam.
İnstitutu qurtardıqdan sonra Adil müəllim bir çox tələbəsi kimi məni də kinostudiyada işləməyə dəvət etdi. Həmin illərdə kinostudiyada çöx gözəl yaradıcılıq atmosferi vardı. Demək olar ki, qızğın iş gedirdi. Digər uşaqlara da, mənə də filmlərdə işləməyə imkan yaradıldı. İlk dəfə görkəmli kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “İstintaq davam edir” (1966) filmində rejissor köməkçisi işlədim. Daha sonra Kamil Rüstəmbəyovla “Dağlarda döyüş” (1967), Muxtar Dadaşovla “Qanun naminə” (1968) filmlərində rejissor assistenti kimi çalışdım. Sonralar ardıcıl olaraq ikinci rejissor, rejissor kimi müxtəlif mövzulu filmlər üzərində işlədim”.
T.Məmmədov “Azərbaycafilm” kinostudiyasında istehsal olunan “Yeddi oğul istərəm” (1970), “Axırıncı aşırım” (1971), “Od içində” (1978), “Tənha narın nağılı” (1984), “Cin mikrorayonda” (1985) və digər filmlərdə ikinci rejissor işləmişdir. 1988-ci ildən “Salnamə” sənədli filmlər studiyasında 30-a qədər sənədli film, o cümlədən yüzdən artıq kinosüjet çəkmişdir. 1991-2001-ci illərdə “Salnamə” studiyasının bədii rəhbəri, 2002-ci ildən studiyanın direktoru olmuşdur.
Fəaliyyəti dövründə “Aman, ayrılıq” (1989), “Goranboy-oğuz eli” (1989), “Azadlığa gedən yollar” (1990, X.Muradov, R.Əliyev, R.Almuradlı ilə birgə), “İşığını əsirgəmə” (1990), “Bir daha yüksələn bayraq” (1990), “Ulu yurd” (1990), “Boz qurdun harayı” (1991, R.Əliyevlə birgə), “Şəhidlər və qazilər” (1991, X.Muradov, R.Əliyevlə birgə), “Şirvan şikəstəsi” (1991, həm də ssenari müəllifi, A.Əbilovla birgə), “Parlament” (1996), “9 dəqiqə” (2000, X. Muradovla birgə, “Humay” mükafatı), “Şəhidlik zirvəsi” (2001, X. Muradovla birgə) və digər sənədli filmlər ərsəyə gətirmişdir.
“Azərbaycan… Əbədiyyət yolu” (2006, həm də ssenari müəllifi, Südabə Ağabalayeva ilə birgə), “Heydər Əliyev. Dünyaya pəncərə” (2006), “Azərbaycanın mədəni irsinə qarşı müharibə” (2007), “Heydər Əliyev. Vətənin keşiyində” (2007), “Monoloq” (2007), “Həqiqətin özü” (2008), “Azərbaycan mətbəxinin rəngləri” (2009) və digər filmlərin prodüseri olmuşdur.
Kinoda göstərdiyi xidmətlərə görə Respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür (2007).
Dövlət Film Fondu
