Aktrisa Səidə Quliyevanın doğum günüdür

Xalq artisti Səidə Quliyevanın adı bir sıra yaddaqalımlı teatr və ekran obrazlarını xatırladır. Azərbaycan kinosunda özünəməxsus tərzdə canlandırdığı dramatik və komik rolları aktrisanı sənətinin yüksək səviyyəli təbliğatçısı kimi tanıdır, sevdirir. Hər bir rolun fərdiyyətini, xarakterini istedadı, zəhməti sayəsində dəqiq mizanlarda çatdıran S.Quliyevaya doğum günü ərəfəsində çoxsaylı tamaşaçı və Dövlət Film Fondunun əməkdaşları adından ən xoş və gözəl arzularımızı ünvanlayırıq.

Səidə Əbülfəz qızı Quliyeva 1957-ci ildə Bakıda anadan olmuşdur. Sənətə hələ kiçik yaşlarından maraq göstərmişdir. Gündən-günə artan marağının izi ilə də orta məktəbi bitirdikdən sonra tale yolunu sənətlə əlaqələndirmiş, Dövlət İncəsənət İnstitutuna qəbul olunmuşdur. Fikrimizin təsdiqi kimi aktrisanın xatirələrinə istinad edək: “Uşaqlıq illərimdə sənətə çox böyük sevgim var idi. Hələ o vaxt qərara almışdım ki, aktrisa olacağam. Lakin bu istəyi öz ürəyimdə saxlayırdım. Düzdür, evimizdə sənətə böyük məhəbbət var idi. Ancaq atam heç vaxt istəməzdi ki, qızı aktrisa olsun. 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibətilə tanınmış sənətkarlar mənim oxuduğum 199 saylı məktəbə gəlmişdilər. Onların arasında Leyla Bədirbəyli, İsmayıl Dağıstanlı da vardı. Onlar görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” tamaşasından bir parça oynadılar. Biz də səhnəciklər hazırlamışdıq. Leyla xanıma yaxınlaşanda o mənim haqqımda xoş sözlər söylədi. Bu mənə qol-qanad verdi, qürur hissi yaşatdı. Həmin anda qət etdim ki, mən mütləq aktrisa olacağam. Məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdim, yaxşı qiymətlərlə instituta qəbul olundum. Bəxtim bir də onda gətirdi ki, mənim kurs rəhbərim SSRİ Xalq artisti Adil İsgəndərov oldu”.

S.Quliyeva institutu bitirdikdən sonra (1978) Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamış, bir sıra tamaşalarda (“Həyatın dibində”, “Torpağa sancılan qılınc”, “Kəllə”, “Qatil”, “Sizi deyib gəlmişəm…”, “Qızıl teşt”, “Mənsiz dünya”, “Dirilən adam”, “Sənsiz” və s.) məzmunlu rollar oynamışdır.

Həmçinin müxtəlif televiziya tamaşalarında koloritli obrazlar canlandırmış, geniş tamaşaçı rəğbəti qazanmışdır. “Atayevlər ailəsi” tamaşasında Reyhan (rej.       Lütfi Məmmədbəyli), “Yollar görüşəndə” lirik dramında Çiçək (rej. Ramiz Həsənoğlu), “Kökdən düşmüş pianino”da Gülər (rej. Lətafət Cabbarova), “Qonşu qonşu olsa”da Müzəffərin arvadı (rej. Ramiz Həsənoğlu), “Bala – başa bəla”da İzzət Nəfisli (rej. Şərif Qurbanəliyev) və başqa obrazlar aktrisanın təqdimatında bu gün də mahiyyətini qoruyub saxlayan, maraq doğuran personajlardır.

Aktrisanın dediklərindən: “İstedadlı rejissor Ramiz Həsənoğlunun çəkdiyi televiziya tamaşalarında oynadığım rollar mənə uğur gətirib. İlk televiziya rejissorum Lütfi Məmmədbəyov olub. İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən “Atayevlər ailəsi” televiziya tamaşasında Reyhan obrazını oynamışam. Kamera qarşısına ilk dəfə baş rollardan birinin iştirakçısı kimi çıxmışam. Allah Lütfi müəllimə rəhmət eləsin. O, mənə etimad göstərdi. Təcrübəm az olsa da, hər sözümü, hər hərəkətimi izləyə-izləyə bu rolu uğurlu oynamağıma kömək etdi”.

Kinorejissor Arif Babayevin 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” filmində Klara obrazının gəncliyi aktrisanın kino debütü kimi uğurludur. Bundan sonra o, kinorejissor Tofiq İsmayılovun dəvəti ilə “Mən mahnı qoşuram” filmində kənd sakini obrazını canlandırmış, Vaqif Mustafayevin quruluş verdiyi “Yaramaz” filmində Hətəmin keçmiş arvadı, “Fransız”da Əlibalanın nişanlısı, “Milli bomba”da Əbdülqəninin qızı, “Yoxlama”da qonşu qadın və başqa rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Kino fəaliyyəti ilə yanaşı, dublyaj studiyasında da çalışan aktrisa (“Şahid qız”da tibb bacısı Rzayeva (Sona Mikayılova), “Qəzəlxan”da xanım (Həmidə Ömərova), “Yük”də Sona xanım (Nailə Əliyeva), “Ağ atlı oğlan”da Şəhla (Laləzar Mustafayeva), “Günaydın, mələyim!” Raya (Gülşad Baxşıyeva) və s.), yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak etmişdir. Həmçinin bir neçə serialda (“İtkin gəlin”, “Yoxlama”, “Susmuş vicdan”, “Aramızda qalsın”, “Durnalar qayıdanda”, “İtirilmiş həyat” və s.) müxtəlif xarakterli rollar canlandırmışdır.

Məsləyinə böyük məsuliyyətlə yanaşan, sevgi ilə təqdim edən aktrisa eyni zamanda tarixi salnaməmizi səhifə-səhifə vərəqləyən, adət-ənənələrimizə, milli mədəniyyətimizə sığal çəkən “Bulaq” verilişinin aparıcısı kimi tanınmış, dinləyici və tamaşaçı auditoriyasının coğrafiyasını bir qədər də genişləndirməyə müvəffəq olmuşdur.

Səhnəyə, çəkiliş meydançalarına qədəm qoyduğu ilk günlərdən tamaşaçıların böyük rəğbətini qazanan Səidə Quliyevanın sənəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, 1957-ci ildə respublikanın Əməkdar artisti, 2012-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2019-cu ildən Prezident təqaüdçüsüdür.

Dövlət Film Fondu