Kinoaktyor Gündüz Abbasovun 95 illik yubileyi qeyd olundu

Martın 6-da Azərbaycan Dövlət Film Fondunda tanınmış kino aktyoru Gündüz Abbasovun 95 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, aktyorun böyük Cəfər Cabbarlının nəslindən olduğunu, onun 12 yaşından etibarən filmlərə çəkildiyini, müxtəlif dövrlərdə yazıçı, jurnalist, idmançı kimi fəaliyyət göstərdiyini qeyd etdi. Sonra çıxış edən Xalq artisti Xalidə Quliyeva, Əməkdar artistlər Suğra Bağırzadə, Əliqulu Səmədov, filologiya üzrə fəlsəfə doktoru, professor Abbasqulu Nəcəfzadə, dosent Firudin Qurbansoy, Xızı rayonu ağsaqqalı, G.Abbasovun gənclik dostu Adil Sadıqov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tarzən Cəbrayıl Göyüşov mərhum aktyorun çox sevdiyi “Bayatı Şiraz” muğamını ifa etdi.

Aktyorun ailə üzvləri adından nəvəsi Şəmsəddin Abbasov çıxış edərək, vaxtilə Dövlət Film Fondunda G.Abbasovun 80 illik yubileyinin keçirildiyini xatırladı, tədbirin təşkilinə görə qurumun rəhbərliyinə təşəkkürünü bildirdi.

Tədbirdə Gündüz Abbasovun yaradıcılığını özündə əks etdirən videoçarx, aktyorun çəkildiyi filmlərdən fraqmentlər və rejissor Əmirhüseyn Məcidovun arxivindən sənətkarın nadir görüntüləri nümayiş etdirildi.