Rejissor Ramiz Əliyevin doğum günüdür

Uzun illər “Azərbaycanfilm” kinostudiyasında ikinci rejissor kimi çalışan, kino istehsalatı prosesində yaranan problemlərin öhdəsindən bacarıqla gələn, peşəkarlığına, müsbət insani cəhətlərinə görə həmkarlarının rəğbətini qazanan kinorejissor Ramiz Əliyevin əziz xatirəsini hörmətlə anırıq.

Ramiz Muxtar oğlu Əliyev 1938-ci il mart 15-də Ağcabədi rayonunda dünyaya göz açmışdır. Kinoya hələ kiçik yaşlarından həvəs göstərmişdir. Orta məktəbi bitirdikdən sonra (1956) Bakı kinostudiyasında fəaliyyət göstərməyə başlamışdır. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında rejissor köməkçisi işləmişdir. Daha sonra bir neçə filmdə rejissor assistenti kimi (“Qızmar günəş altında”, “Ögey ana”, “Koroğlu”,“Leyli və Məcnun” (A. Vəkilovla birgə),“Əmək və qızılgül” (T.Rəhmanov və L.Berladirla birgə), “İnsan məskən salır” (F.Əliyev, Ə.Əhmədov və A.İsmayılovla birgə) və s.) çalışmışdır. Kinodakı əmək fəaliyyətini daha da genişləndirmək məqsədilə 1968-cı ildə Moskvaya getmiş, orada rejissorluq sənəti üzrə ixtisasartırma kursunu bitirmişdir. Bakıya qayıtdıqdan sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirmişdir. “Yenilməz batalyon” (K.Mravladze ilə birgə),“O qızı tapın”,“Skripkanın sərgüzəşti”,“Xatirələr sahili”,“Səmt küləyi”,“Tütək səsi”,“Şir evdən getdi” (A.Rüstəmovla birgə),“Qayınana”,“Qəribə adam”,“İstintaq”,“Park”,“Özgə ömür”, “Həm ziyarət, həm ticarət…” və digər filmlərin ərsəyə gəlməsində xidmətləri olmuşdur.

Ali kino təhsilini 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) alan rejissor bir sıra sənədli film (“Ağdam bu gün, sabah”, “Azərbaycan-89”, “Biznes konqresi”, “Dünən, bu gün və…”, “Ağdam nemətləri”, “Boz qurdun harayı” /T.Məmmədovla birgə/, “Balıqların harayı” və s.) çəkmişdir. Kinostudiyadakı fəaliyyəti dövründə 40-dan artıq filmin ərsəyə gəlməsində əməyi olmuşdur. Sənət dostlarının xatirələri rejissor haqqındakı təsəvvürlərimizi daha da genişləndirir.

Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov: “Bədii kinoda mühüm işlərdən birini ikinci rejissor görür. O, bütün çəkilişləri planlaşdırır və baş rejissora təqdim edir. Yaradıcı insanların hamısını lazımlı vaxtda çəkiliş meydançasına gətirmək, çəkilişlərin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək ikinci rejissorun işidir. Söylədiyim bu kimi işləri Ramiz Əliyev yaxşı bacarırdı. Kimin nəyə qadir olduğunu bilirdi. Yerli və gəlmə aktyorları yaxşı  tanıyırdı. Aktyorlarla bağlı səhnələrin çəkilişlərini təyin edəcəyi vaxtı dəqiqliklə müəyyənləşdirirdi, bizimlə də məsləhətləşirdi. İşini elə qururdu ki, çəkiliş meydançasında heç bir problem yaranmırdı.

Onunla “Otel otağı” və “Özgə ömür” filmlərində işləmişəm. Çox rahat şəkildə işləyirdik. Bütün işlərini səliqəli, yüksək səviyyədə görürdü. Bəzən elə olurdu ki, çəkilişləri Moskvada, İstanbulda aparmalı olurduq. Həmin vaxtlarda da işini dəqiq qururdu. Mülayim insan idi. Hansısa bir səhnənin çəkilişi zamanı onu qaşqabaqlı gördüyümü xatırlamıram.”

Əməkdar incəsənət xadimi, kino rəssamı Elbrus Vahidov: “Ramiz Əliyev ikinci rejissor kimi filmlərdə çox dəqiq işləyirdi. Çəkilişləri qaydaya salmağı yaxşı bacarırdı. Üstün cəhətlərindən ən mühümü mehriban davranışı, gülərüz olması idi. Bu da iş prosesi zamanı ruh yüksəkliyi yaradırdı”.

Əməkdar mədəniyyət işçisi, kinooperator Nadir Mehdiyev: “Ramiz Əliyevi hələ yeniyetməlik yaşımdan tanıyırdım. Gülərüz, zarafatcıl insan idi. Həmişə məni xoş danışdırırdı. İşində peşəkar idi. Rasim Ocaqov tələbkar insan olduğuna görə hər adam onunla işləyə bilmirdi. Amma Rasim müəllim film çəkəndə ikinci rejissor kimi həmişə Ramiz Əliyevə müraciət edirdi.

“Ölsəm… bağışla” filmində operator assistenti işləyirdim. R.Əliyevlə birlikdə Kislovodsk şəhərində ezamiyyətdə olduq. Orada bir daha necə dəqiq insan olduğunu gördüm. Hər bir detalı incəliyinə qədər yoxlayırdı. Heç nəyi nəzərindən qaçırmırdı.

Sonra o, xaricə, qızının yanına köçdü. Uzun müddət ondan xəbər ala bilmədik. Sonra eşitdik ki, dünyasını dəyişib. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu