Kinodramaturq Əli Qafarovun 90 illik yubileyi qeyd olundu

Martın 18-də Azərbaycan Dövlət Film Fondunda yazıçı və kinodramaturq Əli Qafarovun 90 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ə.Qafarovun Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ən istedadlı tələbələrdən biri kimi seçildiyini xatırladı, onun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir sıra filmlərin ərsəyə gəlməsində xüsusi rolunu qeyd etdi. Sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimləri Oqtay Babazadə, Cahangir Zeynallı, Əməkdar mədəniyyət işçiləri Şahin Qalabəyov və Liliya Yusupova yazıçı haqqında xatirələrini bölüşdülər. Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev çıxışında yazıçının sovet dövründəki dissident fəaliyyətinə toxundu.

Kinodramaturqun ailə üzvləri adından Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova çıxış edərək, tanınmış sənət xadimlərinin Əli Qafarov haqqında fikirlərindən sitatlar səsləndirdi və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkürünü bildirdi.

Tədbirdə Əli Qafarovun ssenari müəllifi olduğu “Musiqiyə həsr olunmuş ömür” sənədli filmi, həmçinin 2012-ci ildə Ə.Qafarovun Dövlət Film Fondunda keçirilmiş xatirə gecəsində kinorejissorlar Xalq artisti Yalçın Əfəndiyev və Əməkdar artist Elxan Qasımovun çıxışları nümayiş etdirildi.