Aktyor Əfrasiyab Məmmədovun doğum günüdür

Sənət bütün varlığı ilə ona bağlı olanların sayəsində formalaşır, təsdiqini tapır,  sevilir, alqışlanır. Tanınmış teatr, kino aktyoru Əfrasiyab Məmmədov da çoxşaxəli yaradıcılığı fonunda aktyorluq peşəsinə bağlılığını sübut etmiş, xarakterik rollarının təfsirində məsləyini milyonlara sevdirmişdir. Aktyorun özünəməxsus üslubda təqdim etdiyi ekran personajları kino salnaməmizi zənginləşdirən, yaddaqalan obrazlardır. 20-dən artıq filmdə çəkilən aktyor bədii filmlərlə yanaşı, “Mozalan” kino süjetlərində maraqlı rollar canlandırmışdır.

Sənətə hələ kiçik yaşlarından həvəs göstərən Ə.Məmmədov 1928-ci il martın 19-da Gəncədə dünyaya göz açmışdır. 1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olmuşdur. Burada təhsil aldığı müddətdə görkəmli sənətkar Adil İsgəndərov gənc tələbənin istedadı haqqında eşitmiş, onu aktyorluq kursuna keçirmişdir. Eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi işləməyə dəvət etmişdir. Zəngin ənənələrə, müqtədir sənət ustalarına malik olan Akademik Milli Dram Teatrının səhnəsində xarici və yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda Ə.Məmmədov uğurla çıxış etmişdir. “Otello”, “Vaqif”, “Ailə namusu” və digər tamaşalarda oynadığı rollarla qısa müddət ərzində potensialını təsdiqləmiş, həmkarlarının, tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Teatr aktyorlarının kinoya gətirdiyi uğur danılmazdır. Ə.Məmmədovun da teatrın səhnəsində təqdim etdiyi rolları kino rejissorlarının diqqətini çəkmiş, ötən əsrin 50-ci illərindən etibarən filmlərə dəvət almışdır. İlk dəfə kinorejissor Hüseyn Seyidzadənin (Yan Fridlə birgə) ekranlaşdırdığı “Doğma xalqıma” musiqili bədii-sənədli filmində təzəbəy rolunda çəkilmişdir. Rol kiçikplanlı olsa da, ekran personajını rejissor istəyinə uyğun tərzdə təqdim edən aktyoru bu filmdən sonra H.Seyidzadə quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında tələbə roluna dəvət etmişdir. Kiçikplanlı rollardan birinə, Sərvərin dostu obrazına çəkmişdir. Rolun xarakteri, həyat mövqeyi haqqında ilk baxışdan dolğun təəssürat yaradan, dövrünün bir çox gənclərindən fərqli təfəkkürə, yüksək mədəniyyətə sahib olan tələbə obrazını realist təqdimatda canlandıran aktyor tədricən dəvət aldığı digər filmlərdə baş və ikinci planlı rollarda çəkilmişdir.

Kinoya böyük rəğbət bəsləyən, dəvət aldığı hər bir rolunu inandırıcı təqdim edən Ə.Məmmədovun bədii kinoda ilk böyük rolu “Qızmar günəş altında” kinodramındakı Eldar obrazıdır. Eldar zəhmətkeşliyinə, mərd, cəsur xüsusiyyətlərinə görə yaşadığı kənddə sayılıb-seçilən gənclərdəndir. O, kəndə gələn suyun mənşəyini tapmaq üçün dağlara üz tutur. Uçqun zamanı qaya parçalarının altında qalaraq sarsıntıdan dili tutulur. Yaralı olmasına baxmayaraq, Eldar yenə də əkin sahələrinin susuzluğundan nigaran qalır. Kənddəki su kanalının quruması, ümumiyyətlə, baş verən hadisələr, ətrafdakıların qərəzli, mürəkkəb münasibətləri onu narahat edir. Xəstə olması ilə barışmayan, insanların diqqət mərkəzində olmaq istəməyən Eldar üçün önəmli olan kənd əhalisinin güzəranının yaxşılaşdırılması, əkin sahələrinin vaxtında suvarılması, bol məhsulun əldə edilməsidir.

Personajın fərdi xüsusiyyətlərini tərəf-müqabilləri ilə münasibət və jestlərində cilalayan, dəqiqliklə əks etdirən aktyor prototipin düşüncəsini, psixologiyasını, həyat mövqeyini orijinal, dolğun mizanlarla çatdırmış, filmin ideya məzmununu bitkin formada təqdim etmişdir.

Ə.Məmmədovun yaddaqalan ekran obrazlarından Rövşən (“Koroğlu”), sərdar (“Sehrli xalat”), Bayandır xan (“Dədə Qorqud”), Teymurun döyüşçüsü (“Nəsimi”), Filipp (“Qəribə adam”), Ələmdar (“Vulkana doğru”), Molla Əbdüləzim (“Evlənmək istəyirəm”), bədən tərbiyəsi müəllimi (“Musiqi müəllimi”), Nəbi (“Kişi sözü”) və digər rolları peşə bilgisinin zənginliyinin əyani təzahürüdür.

Aktyorun realist yaradıcılıq istiqamətindəki bacarığı bədii kino ilə paralel olaraq, “Mozalan” satirik kinojurnalında (“Diplomlu mütəxəssis”də qəssab, “Yanğın”da Mehdi dayı və s.) oynadığı rolların mövqeyini tanıtmış, süjetin əhəmiyyətini vurğulamışdır. Həmçinin, dublyaj studiyasında fəaliyyət göstərməsi, xarici və yerli filmləri səsləndirməsi ekran personajlarına ifaçılar qədər uğur qazandırmışdır.

“Yenilməz batalyon” kinodramında Viktor Alekseyev (Mixail Orlov), “Əmək və qızılgül” filmində Müsit (Gündüz Abbasov), “Üzeyir ömrü” bioqrafik filmində türk konsulu (Osman Həqqi) və digər yaddaqalımlı obrazlar Ə.Məmmədovun səsində uğurlu alınmışdır.

Rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə təqdim edən Ə.Məmmədov ömrünün sonuna qədər məsləyinə sadiq qalmış, 62 illik ömrünün 45 ilini sevib-seçdiyi sənətinə həsr etmişdir. İmza atdığı hər bir rolunu yaddaşlara yazmış, peşəkarlığı ilə daim sənətin yüksəlişinə xidmət etmişdir. Sənət sevgisinə, yüksək peşəkarlığına görə bütün dövrlər üçün mühüm əhəmiyyət kəsb edən özünəməxsus ifası lentlərin yaddaşında, əziz xatirəsi qəlblərdə əbədiləşmiş, unudulmamışdır.

Dövlət Film Fondu