“Həyat insana bir dəfə verilir. Onu gərək elə yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”. Bu ibrətamiz sözlər müdrik sənətkar, Xalq artisti Hüseynağa Sadıqova məxsusdur. Uzun illər Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı, məzmunlu, duzlu-məzəli rollar yaradan Hüseynağa Sadıqov sözün əsl mənasında kamil və ziyalı aktyor idi. Zəngin dünyagörüşü, həyat bilgisi sayəsində irili-xırdalı rollarının təfsirində müxtəlif xakterlərin məzmununu incəliyinə qədər cilalayan sənətkar eyni zamanda səmimiyyətinə, mehribanlığına görə həmkarlarının, ətrafındakıların sevimlisinə çevrilmişdi. Azərbaycan teatr, kino sənətinin inkişafında H.Sadıqovun rolu böyükdür. Aktyorun Azərbaycan kinosunda yaratdığı koloritli, dolğun ekran obrazları bu gün də maraqla izlənilir.
Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olmuşdur. Sənətə vurğunluğu hələ uşaq yaşlarından başlamışdır. Anası ilə teatra getdiyi ilk gündən sənət məbədinin ecazkar sehrinə qapılmış, teatrda, səhnədə olmağı arzularına, xəyallarına sığdırmışdır. 1930-cu ildə (16 yaşında) müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına (sınaq müddətinə) işə qəbul olunmuşdur. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olduğuna görə az müddət ərzində kollektivin rəğbətini qazanmışdır. Bir il sonra (01.06.1931) teatrda aktyor kimi işə düzəlmişdir.
H.Sadıqov kinoya 1955-ci ildə gəlmişdir. Görkəmli kinorejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmindəki Yusif obrazının uşaqlığını səsləndirmişdir. Bənzərsiz səs tembrinə malik olduğuna, səs artikulyasiyasının nizam-intizamına ciddi riayət etdiyinə, prototiplərin xarakterlərini səsində dəqiq çatdırdığına görə “Mosfilm”, Qorki adına studiyalarda istehsal olunan filmlərinin, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət almışdır.
Fərdi istedadı, sənətə intuitiv yanaşması ilə dublyaj sənətinin vacibliyini vurğulayan H.Sadıqov “Qara daşlar” filmində Teymur, “Kazbek” qutusu”nda tələbə Əliyev, “Böyük dayaq”da Nəcəf, “Əmək və qızılgül”də inzibatçı, “Əhməd haradadır?”da Ramiz, “Tülkü həccə gedir”də (animasiya filmi) Xoruz, “Yeddi oğlu istərəm”də bayraqdar və başqa personajları obrazlı səsləndirmişdir. İstedadlı aktyor tammetrajlı bədii filmlərlə yanaşı, “Mozalan” kinojurnalında istehsal olunan süjetlərin səsləndirilməsində yaxından iştirak etmişdir.
Sənət texnikasının mahir bilicisi olan aktyor kiçikplanlı kino obrazlarını da böyük ustalıqla canlandırmışdır. Görkəmli sənətkar Adil İsgəndərov epizod rolun vacibliyi haqqında fikrini belə ifadə etmişdir: “Balaca rolları oynamaq daha çətindir. Aktyorda böyük istedad, məharət gərəkdir ki, epizodik ifadələr əsərə “yamaq” olmasın”. H.Sadıqovun kiçik rollarının həyat mövqeyinin açılma səbəbi də aktyorun mütaliəsinin çoxluğundan, sənət bilgisinin, həyat müşahidəsinin zənginliyindən irəli gəlirdi.
Görkəmli kinorejissorlar H.Sadıqova kiçikplanlı rol həvalə edəndə rolun mahiyyətinin açılacağına, filmlərinə uğur gətirəcəyinə əmin idilər. Aktyorun “Ad günü” filmində oynadığı Əlinin atası, “Yenilməz batalyon” tarixi dramındakı Feldfebel, “Şərikli çörək” kinodramında canlandırdığı Paşa və başqa obrazları epizodik olsa da, pesonajların daxili aləminin, həyat mövqeyinin tanıdılması baxımından yaddaqalandır.
Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (1964) və Rusiya kinorejissoru Boris Rısarevin quruluş verdiyi “Ələddinin sehrli çırağı” (1966) filmi bu gün də tamaşaçıların maraqla baxdığı ekran əsərləridir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində baş vəzir obrazlarının insanlara qarşı olan biganə, xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahil və qeyri-normal mövqeyi aktyorun ifasında dəqiq xarakterizə olunmuşdur. Hər iki nağıl filmindəki aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləmiş, maraqlı, məntiqli kadrlar orta əsr insanlarının sosial mövqeyini aydın şəkildə işıqlandırmışdır.
İllərini böyük həvəslə məsləyinə sərf edən H.Sadıqovun kinorejissor Tofiq Tağızadənin “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, kinorejissor Arif Babayevin “Alma almaya bənzər” filmindəki Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var. O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaratmışdır. Personajların daxili dünyalarının təmizliyini, saf niyyətlərini dolğun, anlaşıqlı şəkildə xarakterizə etmişdir. Yüksək insanlıq nümunəsi olan personajların üstün cəhətlərini qabarıq, səmimi təqdim etdiyinə görə filmlər bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənilir, alqışlanır.
Rolların daxili aləmini dərindən duyan, rejissorlarla çəkiliş meydançalarında maraqlı, xoş ünsiyyət yaradan, müəlliflərin məqsəd və məramını məzmunlu sənət taktikası ilə çatdıran H.Sadıqov müdrik sənətkar kimi həyatın inikasını filmlərində, fərqli cəhətləri rollarında təlqin edirdi. Vəziyyətə uyğun məqamları, komediya və faciə yaradan səbəbləri məharətlə çatdırırdı. Ekran hadisələrinin aydınlıqla qavranılmasına, təhlil edilməsinə imkan yaradırdı. Bu mənada coşqun həyat eşqini sənətində göstərən, həyatın müxtəlif məqamlarını, fərqli insan talelərini, xüsusiyyətlərini sənətində təcəssüm etdirən H.Sadıqovun koloritli kino obrazları şəxsiyyətini hörmətlə xatırladır. Sənətdə göstərdiyi xidmətlərə görə böyük məmnunluq hissi ilə yad edilir, alqışlanır.
Dövlət Film Fondu
