“Onu bağışlamaq olarmı?” filmindən Veysəl əmi kimi tanıdığımız görkəmli sənətkar İsmayıl Talıblı potensial imkanlarını, yüksək sənətkarlıq xüsusiyyətini maksimal həddə göstərməyə nail oldu. Bu rola qədər teatr fədaisi kimi tanınan aktyor ikinci planlı ekran obrazına görə daha da məşhurlaşdı, geniş tamaşaçı auditoriyasının sevgisini qazandı. Unudulmaz aktyorun xatirəsi sənətsevərlər üçün daim əzizdir.
İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda anadan olmuşdur. Yeniyetməlik yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq etmişdir. Həmin yaxınlıq İsmayıl Talıblının sənət seçimini müəyyənləşdirmişdir. 1919-cu ildə yeni yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul edilmiş, 1924-cü ilin sonuna qədər Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli obraz yaratmışdır. Faciə, dramatik, satirik, komik obrazların ifasında böyük uğurlar qazanan İ.Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının kollektivinə göndərilmiş, orada ardıcıl olaraq sanballı rollar təqdim etmişdir. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılmışdır. 1932-ci ildə Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülmüşdür. 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə köçmüş, bir müddət sonra truppanın bir neçə üzvü Bakıya qayıtmışdır. Lakin İ.Talıblı doğma kollektivdən ayrılmamış, ömrünün sonunadək C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-1943-cü illərdə teatrda direktor vəzifəsində çalışmışdır. Gəncə teatrında yaradıcılığının parlaq nümunələrini yaratmış, sanballı obrazlar ərsəyə gətimişdir. Teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. Gənclərin teatra maraq göstərməsində, sənətə gəlməsində böyük rolu olmuşdur.
Böyük yaradıcılıq potensialına malik olan sənətkar Azərbaycan kinosunda iki filmdə rol almış, “Onu bağışlamaq olarmı?” (1959) kinodramında Veysəl Mirzə, “Telefonçu qız” (1962) filmində professor rollarını canlandırmışdır.
Sənətdə göstərdiyi xidmətlərə, qazandığı nailiyyətlərə görə respublikanın Əməkdar (1938), Xalq artisti (1940) fəxri adlarına layiq görülmüşdür.
Dövlət Film Fondu
