Xalq artisti, görkəmli sənətkar Əliağa Ağayevin adı çəkiləndə istər kinoda, istərsə də teatr və televiziya tamaşalarında təqdim etdiyi baməzə, komik rolları göz önündə canlanır, çöhrələrdə təbəssüm yaranır. Azərbaycan teatr, kino sənətində istedadına, bacarığına görə sənətsevərlərin böyük rəğbətini qazanan aktyor məşhurlaşana qədər çətin bir yol keçmişdir. 1913-cü ilin mart ayının 22-də Bakıda dünyaya göz açan gələcəyin məşhur aktyoru erkən yaşlarında valideynlərini itirmiş, ailədə böyüyən üç qardaş ağır həyat şəraitinin nə olduğunu hələ erkən yaşlarından hiss etmişdir. Ə.Ağayev yeddinci sinfi bitirdikdən sonra Bakıdakı Paris Kommunası adına Gəmi Təmiri Zavodu nəzdindəki sənət məktəbində oxumuşdur. Daha sonra həmin zavodda gəmi çilingəri işləmişdir. Hələ uşaq yaşlarından sənətə böyük həvəs göstərdiyinə görə burada su nəqliyyatı işçilərinin dram dərnəyinə getmişdir. Həvəskar aktyor kimi özfəaliyyət səhnəsində M.F.Axundzadənin “Hacı Qara” tamaşasında eyniadlı rolu ifa etmiş, bir müddət sonra peşəkar aktyor kimi səhnəyə çıxmışdır.
Tez-tez Dövlət Dram Teatrının tamaşalarına baxmağa gedən Ə.Ağayev burada A.M.Şərifzadənin, Ülvi Rəcəbin, M.Davudovanın, M.Əliyevin, S.Ruhullanın, İ.Hidayətzadənin və digər görkəmli sənətkarların ifasındakı tamaşaları izlədikcə aktyorluq sənətinə olan həvəsi daha da artmışdır. Həmin vaxtdan həyatını aktyor sənətinə bağlamağı qərara almışdır. 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) çıxış etmiş, ilk rolu “Kapitan Qrantın uşaqları” tamaşasında Dik obrazı olmuşdur.
Aktyorun kinoda debüt rolu “Görüş” kinokomediyasındakı Şıxəli obrazıdır. Filmin rejissoru Tofiq Tağızadənin müsahibəsindən: “Ə.Ağayev kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdır. Özünü elə sərbəst aparırdı ki, ona nəyisə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. O, işə çox ciddi yanaşırdı. Rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi”.
Aktyorun digər ekran personajlarından Məşədi İbad (“O olmasın, bu olsun”), mühəndis (“Qara daşlar”), Feyzi (“Bir məhəlləli iki nəfər”), fəhlə (“Telefonçu qız”), dəmirçi (“Koroğlu”), Məmişov (“Kazbek” qutusu”) və digər rolları bu gün də maraqla izlənilən ekran personajlarıdır.
İncə yumor, mənalı gülüş Əliağa Ağayev yaradıcılığının əsasını təşkil edir. Görkəmli aktyorun zəngin peşə təcrübəsi, müəlliflərə olan hörməti, rolu duyub, hiss etmə qabiliyyəti, personajın daxili aləmini incəliyinə qədər çatdırma məharəti onu hər bir yaradıcılığı fonunda məşhurlaşdırmış, izləyicilərə sevdirmişdir. “O olmasın, bu olsun” musiqili kinokomediyasında böyük ustalıqla, inandırıcı boyalarla oynadığı Məşədi İbad rolu aktyora geniş şöhrət qazandırmışdır.
“Kazbek” qutusu” satirik komediyasında yaratdığı Məmişov obrazı isə bitkin rol olduğuna görə istehzalı gülüşlə, ironik təbəssümlə izlənilən personajdır. Mənzil-istismar idarəsinin rəisi Məmişov şikayətçiləri qəbul edərkən sifət cizgiləri anidən dəyişir, başqalaşır, jest və hərəkətləri təəccüb yaradır, prototipin xarakter dəyişkənliyi istehza doğurur. Məmişovun gülüş doğuran cəhətlərini məharətlə çatdıran sənətkar rolu inandırıcı təqdim etməklə müəllif-aktyor olaraq obrazın həyat mövqeyini, niyyət və məqsədini qınayır, bitkin formada, satirik məzmunda tənqid hədəfinə çevirir.
“Sehrli xalat” nağıl filmində aktyorun yüksək sənətkarlıqla canlandırdığı xan obrazının hiyləgər, zalım xüsusiyyətləri maraqlı jestlərlə təqdim olunmuşdur. Sənət bilicisinin özünəməxsus mimika və hərəkətləri, lazımi məqamlarda rola uyğunlaşdırdığı intonasiyası yaddaqalımlı ifa maneraları ilə çatdırılmışdır.
Tamaşaçıların geniş rəğbətini qazanan sənətkarın istedad göstəricisi olan növbəti ekran personajlarından biri də “Əhməd haradadır?” kinokomediyasındakı xəzinədar roludur. Qeyri-normal davranışına, qəliz cəhətlərinə görə ictimaiyyətin qınaq obyektinə çevrilən personaj aktyorun peşəkar təqdimatında, orijinal hərəkət və danışığında gülüş hədəfinə çevrilmişdir.
Ə.Ağayevin “Qanun naminə” kinopovestində oynadığı Məmmədxan, “Bizim Cəbiş müəllim” filmində Əbülfəz, “Dəli Kür”də kəndli, “Bizim küçənin oğlanları” televiziya filmində Mehdi, “Evlənmək istəyirəm” kinokomediyasında Kərbəlayi Zal, “777 nömrəli iş” satirik-yumoristik filmindəki rüşvətxor rəis rolları müxtəlif dövr müasirlərinin xarakterləri ilə tamaşaçıları tanış edən, düşündürən, nəticə çıxarmağa vadar edən personajlardır. Özünəməxsus yaradıcılıq manerası ilə düşündürən, düşündürdükcə güldürən aktyor bütün ekran rollarını böyük şövqlə, canına, qanına hopan istedadı, bacarığı ilə ərsəyə gətirmiş, aktual məzmunlu, baxımlı etmişdir.
Adını Azərbaycan teatr, kino sənəti tarixinə qızıl hərflərlə yazan Ə.Ağayev “Mozalan” satirik kinojurnalının süjetlərinə də çəkilmiş, dublyaj studiyasında yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak etmişdir. Televiziya və radioda müxtəlif mövzulu verilişlərdə, tamaşalarda çıxış etmişdir. Sənətdə atdığı hər bir addımında peşəkarlığını təsdiqləmiş, yaradıcılığını yaddaşlarda əbədiləşdirmişdir. Böyük istedada malik sənətkar səhnədə, ekranda məzmunlu, bənzərsiz, dolğun obrazlar yaratdığına, sənətsevərlərin yaddaşında iz saldığına görə xatirəsi daim əziz tutulur, hörmətlə yad edilir.
Dövlət Film Fondu
