Kinooperator Xan Babayevin doğum günüdür

Kinonun uğur qazanmasında kinooperatorların rolu böyükdür. Ekran hadisələrinin inandırıcı təsir bağışlamasında, müxtəlif çəkiliş rakurslarının təsvir həllinin uğurlu alınmasında operator peşəkarlığı xüsusi önəm daşıyır. İstedadlı  kinooperator Xan Babayev də milli kinomuzda özünəməxsus dəst-xəttinə, yaradıcılıq üslubuna görə seçilmiş, məzmunlu ekran əsərlərinin uğurlu alınmasında mühüm rolu olmuşdur. Milli kinomuzda o, yüksək keyfiyyətli sənət münunələri yaratmış, kino operatorluq məktəbinin ənənələrini gənc kinematoqrafçılara miras qoymuşdur.

Xan Yusif oğlu Babayev Lənkəran rayonunun Seydəkaran kəndində həkim ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini Bakının 48 saylı orta məktəbində almışdır. Oranı  bitirdikdən sonra, 1931-1937-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) elektronika fakültəsində təhsil almışdır. Həmin illərdə müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin ikinci köməkçisi işləmişdir. Fotoqrafiyaya, kinoya olan marağına görə 1938-ci ildə Moskvaya getmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olmuşdur. Lakin İkinci Dünya müharibəsinin başlanması dövrünün gəncləri kimi onun da arzusunu yarımçıq qoymuşdur. Ön cəbhəyə gedən X.Babayev faşist işğalçıları ilə vuruşmaqla yanaşı, kinooperator kimi ümumittifaq jurnalları üçün xeyli sayda kinosüjetlər çəkmişdir. Onun döyüş yolu Polşadan, Macarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, Almaniyadan keçmişdir. Cəbhələrdə göstərdiyi igidliklərə görə I dərəcəli “Vətən müharibəsi” (1943), “Qırmızı ulduz” (1944), “Qırmızı bayraq” (1945) ordenləri, “Stalinqradın müdafiəsinə görə” (1942), iki dəfə “İgidliyə görə” (1943), “Berlinin alınmasına görə” (1945), “Praqanın azad olunmasına görə” (1946) medalları ilə təltif olunmuşdur.

Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında sənətin sirlərinə dərindən bələd olmuşdur. 1950-ci ildə institutu bitirib vətənə qayıtmış, Bakı kinostudiyasında təcrübəli kinooperator kimi fəaliyyət göstərmişdir.

X.Babayev hələ Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən dostu, kinooperator Teyyub Axundovla birlikdə iki sənədli film (“Çağırışa cavab”, “Yeni həyat qurucuları”) ərsəyə gətirmişdir. Həmin il istehsala buraxılan “Bakının işıqları” filmində ikinci  operator işləmişdir. Bu filmdə müstəqil çəkdiyi bir fraqmenti diplom işi kimi müdafiə etmiş, “əla” qiymətə layiq görülmüşdür.

Bakı kinostudiyasında fəaliyyətə başladığı illərdən etibarən “Gədəbəyin sərvəti” (T.Axundov və K.Həsənovla birgə), “Respublika stadionu”, “Neft kəşfiyyatçıları” (C.Məmmədov, L.Koretski, V.Zbudski ilə birgə) sənədli filmlərini çəkmişdir. “Doğma xalqımıza” bədii-sənədli filmində (Teyyub Axundovla birgə) ikinci operator kimi çalışmışdır (quruluşçu operator Əlisəttar Atakişiyev).

Yaradıcılıq potensialını, istedad və bacarığını quruluş verdiyi (operator kimi)   filmlərdə təsdiqləyən X.Babayev kinorejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana” (1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında üçüncü mükafat alıb) və “Böyük dayaq” filmlərində işləmişdir. Müxtəlif mövzulu filmlərin ekran həllini uğurlu traktovkaları ilə təmin etmişdir. Həmçinin 1960-cı ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində çalışmışdır. Burada çalışana qədər “Qara daşlar” kinopovestini (Ə.İsmayılovla birgə), “Səadət və əmək mahnıları” rəngli sənədli (baş operator) filmini ekranlaşdırmışdır. Paralel olaraq ittifaq və respublika kinojurnalları üçün çox sayda xronikal kinosüjetlər çəkmişdir. “Azərbaycan mədəniyyətinin baharı” tammetrajlı rəngli sənədli filmini rejissor kimi (C.Məmmədovla birgə) ərsəyə gətirmiş, filmin operator heyətinin daxilində (S.Bədəlov, C.Məmmədov, M. Prudnikov) çalışmışdır.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” (1965) tarixi-inqilabi filmi üzərində (R.İsmayılovla birgə) böyük yaradıcılıq eşqi ilə işləyən operatorun səhhətində yaranan ciddi problemlər təəssüflər olsun ki, filmdən uzaqlaşmasına səbəb yaratmışdır. Onun məsləhəti ilə filmin çəkilişlərini kinooperator Rasim İsmayılov davam etdirmişdir. Azərbaycan kinooperatorluq sənətinin məktəbini yaradan, peşəkarlığı ilə seçilən X.Babayev 1967-ci ilin may ayının 29-da dünyasını dəyişmişdir.

İmzası olan hər filmdə işinin bilicisi olduğunu təsdiqləyən X.Babayev ekran əsərlərində kompozisiya tamlığının vacibliyini önə çəkmiş, tamaşaçı zövqünü formalaşdırmışdır. Yüksək keyfiyyətli yaradıcılığına, həmkarlarına, ətrafındakılara olan xoş münasibətinə görə də onu tanıyanlar tərəfindən sevilmiş, xatirəsi daim hörmətlə anılmışdır.

Dövlət Film Fondu