Kino rəssamı Rafis İsmayılovun doğum günüdür

Kinonun ərsəyə gəlməsində mühüm rolu olan sənət adamlarından biri də kino rəssamlarıdır. Ekran əsərlərində obrazlılığı, emosionallığı  göstərmək, mövzunun xarakterlərlə olan vəhdətini yaratmaq, kompozisiya qurmaq bilavasitə kino rəssamlarının üzərinə düşür. Kadrlara kolorit gətirmək, işıq-kölgə effektini vermək çəkiliş vasitələrini konkretləşdirir, rejissorlara istiqamət verir. Ümumiyyətlə, filmlərin ilkin komponentləri rəssamların təfəkkürünün məhsuludur.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 60-dan çox filmə rəssam kimi quruluş verən Xalq rəssamı Rafis İsmayılov da fərdi yaradıcılıq üslubunu əks etdirən dekorativ təsvirlər, natura planları sayəsində filmlərin məna dəyərini, məzmun mahiyyətini artırmış, baxımlı etmişdir.

Kino ssenarisi maraqlı olanda rejissorlar birinci növbədə filmin rəssamına və operatoruna müraciət edirlər. Filmin təsirli, inandırıcı olması üçün rəssamın  dünyagörüşünün, bilgisinin çoxluğu tələb olunur. Rəssam birinci tamaşaçı olaraq ssenari ilə tanış olur, hadisələri göz önündə canlandırır. Öz sənətində hər hansı bir dövrün emosionallıqla təsvirini, ssenaridə göstərilən mühitin atmosferini yaradır. Ardıcıl olaraq dekor və natura çəkilişlərində iştirak edir. R.İsmayılovun imza atdığı ekran əsərlərində də rəssamlıq sənətinin kinonun mahiyyətini təsdiqləyən əhəmiyyəti əksini tapmışdır.

1939-cu il mart ayının 30-da Bakıda dünyaya göz açan R.İsmayılov ilk sənət təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində almışdır. 1962-ci ildə məktəbi bitirdikdən sonra iki il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bədii filmlər üzrə rəssam assistenti işləmişdir. İlk dəfə görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” (1965) filmində rəssam assistenti kimi çalışmışdır. Bu filmdən sonra Moskvaya getmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır (1966-1972). Professor M.Boqdanovun emalatxanasında kino rəssamının filmdəki rolunu, iş üslubunu dərindən öyrənmiş, sənət sirlərinə bələd olmuşdur. Vətənə döndükdən sonra böyük həvəs və şövqlə yenidən “Azərbaycanfilm” kinostudiyasında çalışmış, 60-a yaxın müxtəlif janrlı filmdə çalışmış (“Oxuyur Müslüm Maqomayev” – Nadir Zeynalovla birgə, “1001-ci qastrol”, “Dədə Qorqud” – rekvizit üzrə rəssam kimi, “Dantenin yubileyi”, “Sevinc buxtası”, “Qara gölün cəngavərləri”, “Ölsəm… bağışla”, “Üzeyir ömrü”, “Təhminə” və s.), bilik və bacarığını ekran hadisələrinin uğuruna sərf etmişdir. Bədii filmlərdən başqa animasiya (“Danışan işıqlar”, “Xeyir və şər”, “Göyçək Fatma”, “Lağım” və s.) və sənədli (“Maestro Niyazi”, “Üzeyir Hacıbəyov”, “Azərbaycan xanlıqları”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” və s.) filmlər üzərində işləmişdir.

Əməkdar mədəniyyət işçisi, film direktoru Nadir Əliyev uzun illər birlikdə çalışdığı həmkarı haqqında danışdı: “Rafis müəllim öz işinə çox incəliklə yanaşırdı. Çəkiliş meydançasının tərtibi ilə məşğul olurdu. Onunla çox filmdə işləmişəm, həmişə zövq almışam. “Təhminə” filmində bəzi məkan çəkilişləri kinostudiyanın pavilyonunda aparılırdı. Rafis müəllim dekorasiya üzərində çox diqqətlə işləyirdi. Film ekranlara çıxdıqdan sonra tamaşaçılar mənə yaxınlaşıb məkanları harada çəkdiyimizi soruşurdular. Deyirdim pavilyonda çəkilib. Detalların və  dekorasiyaların dəqiqliyinə görə mənə inanmırdılar”.

Göründüyü kimi R.İsmayılov sənət biliciyi sayəsində müəlliflərin ideyalarını, istəklərini  yaradıcılığı fonunda dəqiqliklə çatdırırdı. Məkan təsvirlərini məzmunlu şəkildə  əks etdirirdi. Kino sənətinə töhfələrini verirdi, filmlərin baxımlılığını, inandırıcılığını artırırdı.

Çoxşaxəli yaradıclığı olan R.İsmayılov kino fəaliyyəti ilə paralel olaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“Gecə döyülən qapılar”, “Tənha iydə ağacı”, “Misir gecələri” və s.), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında (“Natəvan”, “Leyli və Məcnun” və s.) müxtəlif mövzulu tamaşaların quruluşçu rəssamı olmuşdur, teatr dekoru sənətinin inkişafına öz töhfələrini vermişdir. Tərtibatını verdiyi bir çox film və tamaşalar Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuşdur.

Dəzgah rəngkarlığı, illüstrasiya və dəzgah qrafikası ilə də məşğul olan rəssam şərq miniatür sənətini araşdırmış, bu sahədə də fəal çalışmışdır. Azərbaycan şairlərinin əsərləri, “Min bir gecə” nağılları mövzusunda miniatürlər çəkmişdir. Kitab qrafikasında bir sıra maraqlı nümunələr yaratmışdır. “Əfqan nağılları”, “Şah İsmayıl”, “Oliver Tvist”, “Spartak”, “Romeo və Cülyetta”, “Daş qonaq”, “Qaçaqlar” və digər əsərlərə illüstrasiyalar çəkmişdir.

Görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışan, ömrünü kino sənətinin inkişafına həsr edən R.İsmayılov sənətdə göstərdiyi xidmətlərə görə 1978-ci ildə Dövlət mükafatı ilə təltif olunmuşdur. 1982-ci ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarını almışdır. 2006-cı ildə “Sultan Məhəmməd” mükafatına, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.

Dövlət Film Fondu