Xalq artisti Rasim Balayev vəfat etdi

Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.

Rasim Balayev “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Cavid ömrü” kimi tarixi filmlərdə ifa etdiyi rollarla böyük tamaşaçı sevgisi qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. “Qatır Məmməd”, “Firəngiz”, “Xoşbəxtlik qayğıları”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Sübhün səfiri” filmlərində yaratdığı obrazlar daim tamaşaçılar tərəfindən xatırlanır. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Şimali Osetiyada, Çeçenistanda, Özbəkistanda, Rusiyada, Gürcüstanda ekranlaşdırılan bir sıra filmlərdə yaddaqalan rollar ifa edib.

Rasim Balayev 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenlərinə layiq görülüb.

Azərbaycan Dövlət Film Fondu tanınmış aktyorun vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!