Əməkdar incəsənət xadimi Əsgər İsmayılovun doğum günüdür

“Ekranda demək istədiyini qısa göstərməlisən. Bu, istedadın göstəricisidir”. Əsgər İsmayılov

Kinonun uğur qazanmasında, həyatın inikası kimi qəbul edilməsində  kinooperatorların rolu böyükdür. İstedadlı kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılov da quruluş verdiyi filmlərdə həyatın rəngini, ritmini, dinamikasını göstərmiş, böyük məsuliyyət və məhəbbətlə seçdiyi peşəsinin fövqündə kinonun həyatımızdakı əhəmiyyətini vurğulamışdır.

Ə.İsmayılov 1905-ci il aprelin 1-də Tbilisi şəhərində dünyaya göz açmışdır.  Fotoqrafiya və rəssamlıqla hələ uşaq yaşlarından məşğul olmağa başlamışdır. Ailəsi Bakıya köçdükdən sonra orta təhsilini fəhlə fakültəsində almışdır. 1928-ci ildə Moskvaya getmiş, Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olmuşdur. İki ildən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülmüşdür. Burada böyük həvəslə kinooperatorluq sənətinin incəliklərinə yiyələnmiş, 1936-cı ildə təhsilini başa vurmuşdur. Bakıya qayıtdıqdan sonra “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) yaradıcı heyətinə (İvan Frolovla birgə) daxil olmuşdur.

Filmin natura çəkilişləri Şamaxıdakı Dədəgünəş kəndində gerçəkləşmişdir. İstər kənd mənzərələri, istərsə də personajların (Almazın, Yaxşının, Hacı Əhmədin, Şərifin, Fatmanisənin, Mirzə Səməndərin) portretləri sənətkarlıqla lentə alınmışdır.

Operatorun kölgə-işıq effektindən bacarıqla istifadə etməsi, fon, detal çəkilişlərini doğru prizmadan canlandırması hadisələrin reallığına rəvac vermiş, müxtəlif planlı rakurslar xarakterlərin dolğun təsvirini yaratmışdır.

Doğru təlimatlandırıldığı sənət istiqaməti, çəkiliş meydançalarında göstərdiyi peşəkarlıq, müvəffəqiyyətlə tapdığı detallar filmlərin təsvir gücünü müəyyənləşdirmiş, operatorun bir-birinin ardınca digər ekran əsərlərinə dəvət almasına səbəb yaratmışdır. Rejissorların istək və məqsədlərini dəqiq əks etdirdiyinə, istedadına, bacarığına görə ardıcıl olaraq filmlərə dəvət almış, 40-dan artıq filmdə çalışmışdır.

Ə.İsmayılovun operator kimi quruluş verdiyi növbəti bədii film “Kölgələr sürünür” macəra dramıdır. İsmayıl Əfəndiyev və  Şua Şeyxovun quruluş verdiyi filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən və başqalarının əməyini mənimsəməyə çalışan insanların ifşasından bəhs olunur. Macəra janrında olan filmdə təsvir olunan natura, dekorativ, fon, detal çəkilişləri mövzuya uyğun şəkildə ekranlaşdırılmış, personajların şəxsiyyətini müəyyənləşdirən, xarakterlərini, niyyətlərini təhlil edən kadrlar müxtəlif planlı rakurslardan işıqlandırılmışdır. Azərbaycanın rayonlarında gerçəkləşən filmin natura çəkilişlərində əsrarəngiz təbiət mənzərələri, meşələri, dağları böyük məhəbbətlə lentə alınmış, mövzunun təsvirlə ahəngi tamamlanmışdır. Operatorun peşəkarlığı onun digər görkəmli kinorejissorlarla çiyin-çiyinə işləməsinə, məzmunlu ekran əsərlərində dəst-xəttini təsdiqləməsinə imkan vermişdir.

Müxtəlif həyat hadisələrinin ekran təcəssümü tapmasında rolu olan,  hadisələrin inandırıcılığına rəvac verən Ə.İsmayılov tanınmış kinorejissorlardan Ağarza Quliyevin ekranlaşdırdığı “Qara daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında, “Səhər” tarixi-inqilabi filmində (II operator), həmçinin H.Seyidzadə və N.Bədəlovun birgə çəkdiyi “Sovqat” filmində (operator Seyfulla Bədəlovla birgə) , Q.Aleksandrovun ekranlaşdırdığı “Bir ailə” kinoalmanaxının bir novellasında, Şamil Mahmudbəyovun quruluş verdiyi “Əyri yolla qazanc” filmində, Şua Şeyxovla “Qəribə əhvalat” kinokomediyasında, R.Təhmasiblə “Səbuhi” kinodramında (II operator), S.Mərdanovla “Kəndlilər” tarixi-dramında (II operator – M.Dadaşovla birgə) işləmişdir.

Göründüyü kimi Ə.İsmayılovun çalışdığı müxtəlif dövr və hadisələri əhatə edən filmlərdə mövzu və janr rəngarəngliyi var. Daim mütaliə ilə məşğul olan, sənət bilgisini artıran, müxtəlif dövrlərin tarixi və mühiti haqqında ətraflı məlumat toplayan, ədəbi əsərlərin ruhunu duyaraq ekranlara köçürən operator yaradıcılığında biliyini, bacarığını nümayiş etdirmiş, tamaşaçıları müxtəlif dövrlərin müasirinə çevirməyi bacarmışdır.

“Səbuhi” tarixi bioqrafik filmində Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundzadənin gənclik illərinin həyat və fəaliyyyətindən bəhs olunur. Səbuhinin Tiflisə gəlməsi, ozamankı Zaqafqaziyanın qabaqcıl adamlarından Bakıxanov, Mirzə Şəfi, Orbeliani və sürgündə olan rus dekabristlərindən Bestujevlə tanış olması, Qafqaz canişini Vorontsovun baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, Tubu xanımla evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və digər hadisələr ekranda müxtəlif məkan və planlarda əks olunmuşdur. XIX əsrin sonlarından bəhs edən kinodramda hadisələrin emosional təsir gücünü göstərməyə müvəffəq olan kinooperatorun sənət biliciliyi nümayiş etdirdiyi kadrlarda təsdiqini tapmışdır.

“Səhər” tarixi-inqilabi filmində 1905-1907-ci illərdə Bakıda baş verən inqilabi hadisələrdən söhbət açılır. Ə.İsmayılov filmdə (quruluşçu operator Dmitri Feldmanla birgə) XX əsrin əvvəllərinin Bakısını dövrə müvafiq şəkildə əks etdirmiş, şəhərin ab-havasını, neft mədənlərinin ovaxtkı görüntülərini, köhnə məhəllələrin, neft mədənlərində çalışan neftçi fəhlələrin etiraz dalğasını inandırıcı, təbii təsvirlərlə göstərmiş, filmin baxımlılığını təmin etmişdir.

Kinodramlarla yanaşı, kinokomediyalarda da işləmək bacarığını göstərmək imkanı əldə edən operator “Qəribə əhvalat” qısametrajlı filmində bədii ekran əsərinin ruhuna müvafiq kadrlar qurmuş, baş qəhrəmanın, Kefçilovun həyat tərzinin, düşüncə və davranışının tənqid hədəfinə çevrilməsinə səbəb olan amilləri qabarıq şəkildə əks etdirmişdir.

Kefçilov sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, bir sıra xoşagəlməz hadisələrlə qarşılaşır. Xalq artisti Lütfəli Abdullayevin özünəməxsus ştrixlərlə obrazın xarakterinə uyğunlaşdırdığı mizanları operatorla aktyorun birgə uğurlu işi sayəsində maraqla izlənilir, mövzunun mahiyyəti önə çəkilir, rejissorun məqsədi tamlıqla əksini tapır, kadrlarda bitkin fikir təmin edilir. Kefçilovun cəmiyyət və ailəsi üçün təhlükə yarada biləcək davranışları, hərəkətləri gülüş hədəfinə çevrilir, qınanılır.

Ə.İsmayılovun kino fəaliyyəti, filmlərə gətirdiyi uğurlu yaradıcılıq priyomu haqqında uzun-uzadı danışmaq mümkündür. İstedadlı operator bədii ekran ərərləri ilə yanaşı, bir sıra sənədli (“Bakıdan Göygölədək”, “Sabahın xeyir, Bakı!”, “Sabir” və s.) filmlərdə çalışmış, sənədli kino estetikası ənənələrinə uyğun şəkildə müxtəlif mövzuları təhlil obyektinə çevirmişdir.

Məsləyini sevən, bədii və sənədli filmlərin ərsəyə gəlməsində şövqlə çalışan, sənət yüksəlişini yaradıcılığının qayəsinə çevirən Ə.İsmayılov həmçinin, pedaqoji fəaliyyət göstərmiş, peşəkar kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. Kinostudiyada dərnək təşkil etmiş, kino sənətinin sirlərini gənc operatorlara öyrətmişdir. Onun təşəbbüsü və redaksiyası altında alman dilindən rəngli film texnikası üzrə xüsusi dərslik tərcümə olunmuş, kino işçilərinə kömək məqsədi ilə onların istifadəsinə verilmişdir.

İkinci Dünya müharibəsindən sonra kinostudiyada operator texnikası bazasına, quraşdırma çəkilişləri sexinə rəhbərlik edən Ə.İsmayılov uzun müddət bədii şuranın məsul katibi olmuş, bu müddətdə ekranlaşdırılan “Bakının işıqları”, “Bəxtiyar” bədii filmlərində quraşdırma çəkilişləri operatoru kimi işləmişdir. Ömrü boyu bilik və bacarığını kinomuzun inkişafına sərf etmiş, məzmunlu filmlərin ərsəyə gəlməsində əlindən gələn köməyi əsirgəməmişdir. Buna görə də sənətini böyük məsuliyyətlə təqdim edən kinooperatorun Azərbaycan kino sənətinin inkişafındakı xidmətləri danılmaz, xatirəsi əziz, şəxsiyyəti unudulmazdır.

Dövlət Film Fondu