Əsl sənət bitib-tükənməyən bir xəzinədir. Mənəvi sərvətlərlə zəngin olan bu xəzinənin dəyəri illər ötdükcə daha da artır, çoxalır. Xalq artisti, görkəmli sənətkar Əli Zeynalov da istedad və zəhmətini maraqlı iş əmsalına çevirərək müxtəlif xarakterli obrazları fonunda sənəti həyatın güzgüsünə çevirmiş, Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidmətləri olmuşdur. Bəli, əsl sənətkarlar missionerdirlər. Onların parlaq ziyası, işıqlı zəkası daima cəmiyyəti maarifləndirir, mürəkkəb həyat məsələlərinin həllinə yol tapmağımıza kömək edir. Yaddaqalımlı, düşündürücü ifalar, bitkin yaradıcılıq nümunələri sənət adamlarının daxili təlatümünün, həyata baxışının, ətrafına olan dəqiq münasibətinin əyani sübutudur. Yalnız belə olan halda səhnədə və kinoda hadisələr inikasa çevrilə, inandırıcı təsir bağışlaya, sənətin vacibliyi təsdiqini tapa bilər.
Müxtəlif mövzulu həyat hadisələrini səhnədə və ekranda real həyat faktı kimi təqdim edən, realist yaradıcılıq istiqamətində maraqlı, dolğun rollar oynayan Əli Zeynalov müəllif aktyor olaraq tələbkar tamaşaçıları qarşısında ideya-məzmun cəhətdən yüksək səviyyəli sənət nümunələri təqdim etmiş, peşəkarlığına görə tanınmış, sevilmişdir.
Böyük potensiala malik aktyorun sənət yolu hələ kiçik yaşlarından, dram dərnəklərində oynadığı tamaşalardan başlamışdır. Müxtəlif səhnəciklərdə iştirak edən sənət aşiqi 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə sənətsevərlərin rəğbətini qazanmışdır. Bu müvəffəqiyyət onda aktyorluq sənətini seçəcəyinə bir daha əminlik hissi yaratmışdır. Bir müddət sonra o, Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirsə də, Moskvaya getmiş, buradakı teatrlarda istehsalat təcrübəsi keçmişdir. Vətənə döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləməyə başlamışdır. Çoxillik (İrəvan Tearında 1934-1935, Dram Teatrında 1945-1975) teatr təcrübəsi onun tədricən kinoya dəvət almasına, həmçinin dublyajda çalışmasına, imza atdığı hər bir roluna uğur qazandırmasına səbəb olmuşdur.
Kinonun vacib sahələrindən olan dublyaj sənəti aktyorların istedadını, potensial zənginliyini bir daha təsdiqləyir. Ə.Zeynalovun kinostudiyadakı ilkin fəaliyyəti də dublyaj sənəti ilə bağlıdır. Görkəmli kinorejissor Muxtar Dadaşovun ekranlaşdırdığı “Axşam müsamirəsi” (1948) qısametrajlı sənədli filmində kadrarxası mətn oxuyan aktyor bundan sonra ardıcıl olaraq sənədli filmlərdə mətn oxumuş (“Gənc metallurqlar”, “Vaqif” və s.), bədii kinoda (“Bəxtiyar” – Bəxtiyar (Rəşid Behbudov), “O olmasın, bu olsun” – Sərvər (Arif Mirzəquliyev), “Ögey ana” – Arif (Fateh Fətullayev), “Əmək və qızılgül” – Mahmud (Mahmud Esambayev), “Qanun naminə” – Vahidov (Rza Əfqanlı və s.) müxtəlif xarakterli ekran personajlarını səsləndirmişdir.
Kino xarakterləri sevir, paralel olaraq ekran obrazlarının fərdi cəhətlərini (ifaçı qədər) dəqiqliklə, məntiqli ifada cilalayan səsləndirməyə ehtiyac duyur. Məhz buna görə də, ekran əsərlərinə uğur gətirən dublyaj aktyorlarının sənət biliciliyi, məsuliyyəti tamaşaçı nəzərindən yayınmır, filmlərin baxımlılığını artırır.
Ə.Zeynalovun ahəngdar, ifadəli səsi ilə izlədiyimiz məşhur ekran personajlarından biri də “Uzaq sahillərdə” müharibə dramındakı Mehdi Hüseynzadə obrazıdır. Film Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. Baş qəhrəmnın obrazını Xalq artisti Nodar Şaşıqoğlu oynamışdır. Aktyorun rolun həyat mövqeyinə, düşüncə və psixologiyasına uyğunlaşdırdığı orijinal, dolğun mizanları ekran personajının həyatı, niyyəti haqqında bitkin fikir formalaşdırır, yaddaşlarda əbədiləşdirir. Kinorejissor Tofiq Tağızadənin düzgün təlimatına əsasən, Nodar Şaşıqoğlunun ifasını dublyaj ustası Əli Zeynalov səsləndirmişdir. Ümumiyyətlə, Nodar Şaşıqoğlunun bir neçə ekran personajını (“Əsl dost” – Fərman, “Telefonçu qız” – Zakir və s.) Ə.Zeynalovun səsində izləyirik. Aktyorun bu və ya digər uğurlu dublyaj fəaliyyəti haqqında uzun-uzadı danışmaq mümkündür. İstedad və bacarığının əyani sübutu olan uğurlu ekran əsərlərindəki yaradıcılığı bunu bir daha təsdiqləyir.
Yüksək peşəkarlığı, realist təqdimatı yaradıcılıq kredosuna çevirən aktyorun kinoda debüt rolu “Kölgələr sürünür” kinodramındakı İmamzadə obrazıdır. Arxeoloqların həyatından bəhs edən filmdə canlandırdığı personajın düşüncəsini, psixologiyasını davranış və jestləri aktyor mimika cizgiləri ilə aydın xarakterizə edir, vəziyyətdən yaranan situasiyalara dəqiq münasibəti nəticəsində obrazın hiyləgər, ətrafındakılar üçün təhlükəli cəhətlərini dolğun yaradıcılığı fonunda əks etdirir. Potensial imkanları daxilində realist səpkidə yaxın keçmişə aid hadisələrin şərhini verir, doğru mizanlanmış təqdimatda mənfi xarakterli personajın fərdi xüsusiyyətlərini, niyyət və məqsədini göstərir, filmin ideya məzmununu bitkin formada şərh edir.
Ə.Zeynalovun müxtəlif janrlı filmlərdə, o cümlədən “Bir qalanın sirri” uşaq-fantaziya filmində oynadığı Simnar xan, “Mollanın sərgüzəşti” qısametrajlı bədii filmində canlandırdığı sürücü, “Leyli və Məcnun” məhəbbət dramındakı Şeyx Haşimi, “Xoşbəxtlik qayğıları” məhəbbət dramında oynadığı Zəkiyyənin atası, “Üzeyir ömrü” bioqrafik filmində yaratdığı Həsən bəy Zərdabi və digər xarakterik rolları filmlərin ideya-məzmununu tamamlayan, müxtəlif dövrlərin mühiti, ab-havası, insanları haqqındakı təsəvvürlərimizi zənginləşdirən, ekran əsərlərinin inandırıcı, baxımlı olmasına səbəb yaradan personajlardır. Sənət biliciliyini peşəsinin qayəsinə çevirən, imza atdığı hər bir rolunu yaddaşlara, qəlblərə yazan aktyorun xatirəsinin əziz tutulmasının, unudulmamasının başlıca səbəbi də hər addımında sənətinin ucalığını sübut etməsi, əsl sənətkarlıq qüdrəti ilə təsdiqləməsidir.
Dövlət Film Fondu
