Ceyhun Mirzəyev – 80

Elə sənətkarlar var ki, adları çəkiləndə peşəkarlıqları ilə yanaşı, müsbət şəxsi keyfiyyətləri də ehtiramla vurğulanır, sənətkar və şəxsiyyət kimi yaddaşlarda əbədiləşir, hörmətlə xatırlanır. Hələ kiçik yaşlarından milyonların sevgisini qazanan kinoaktyor, kinorejissor Ceyhun Mirzəyev də yüksək sənətkarlıq keyfiyyətinə, müsbət cəhətlərinə görə sevilən, qəlblərdə iz salan kino xadimlərimizdəndir. İstedad və bacarığı ilə milli kinomuzun inkişafına təkan verən kino fədaisinin yubiley ilində (09.04.1946) əziz xatirəsini dərin ehtiramla yad edirik.

Kinoya böyük sevgi və məsuliyyətlə yanaşmaq müxtəlif həyat hekayələrinin bitkin, dolğun şərhini vermək, düşündürücü ekran əsərlərinin həyat üçün mühüm əhəmiyyət kəsb etdiyini sübut etmək deməkdir. İstedadlı kinoaktyor, kinorejissor  Ceyhun Mirzəyev də müraciət etdiyi hər bir mövzuya daim həssaslıqla yanaşmış, sevərək sarıldığı məsləyinin fövqündə sənətin aliliyini, cəmiyyət üçün gərəkliliyini dönə-dönə sübut etmişdir.

Hələ uşaq yaşlarından kino kameraları qarşısında istedadını sərbəst, səmimi oyunu ilə nümayiş etdirən, çəkiliş meydançalarında sərbəst davranışı, səmimi ifası ilə kino heyətinin diqqətini çəkən Ceyhun Mirzəyev 15 tammetrajlı filmdə, bir çox “Mozalan” kino süjetində maraqlı, xarakterik obrazlar yaratmış, peşəkar təqdimatına görə Azərbaycan kinosunun simasına çevrilmişdir. Kinoda debüt rolunu “Görüş” (1955) kinokomediyasında ifa etmiş, Şıxəlinin (Əliağa Ağayev) oğlu rolunda çəkilmişdir. Bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində xarakterik, yaddaqalımlı obrazlar oynamışdır. “Ögey ana” filmindəki İsmayıl rolu yaradıcılıq taleyini müəyyənləşdirmiş, kino aktyoru olmaq fikrini qətiləşdirmişdir. Filmdə baş rollardan birini canlandıran C.Mirzəyevin obrazın daxili mənini duyması, düşüncə və psixologiyasını dəqiq, orijinal ştrixlərlə çatdırması, tərəf-müqabilləri ilə səmimi, təbii münasibəti filmin ideya məzmununun dolğunluğuna, böyük maraqla qarşılanmasına, ölkədən kənarda belə maraqla baxılmasına, ekran taleyini uğurla yaşamasına səbəb olmuşdur. Səmimi, inandırıcı təqdimatı, peşəkar oyunu ilə kinorejissorların diqqətini çəkən aktyorun, demək olar ki, yeniyetməlik, gənclik dövrü kinoda keçmiş, hər bir rolu ilə tamaşaçıları ekran başına toplayan sənət aşiqi kinoda böyümüş, boya-başa çatmışdır.

C.Mirzəyevi kinoda kəşf edən kinorejissor Tofiq Tağızadə “Əsl dost” filmini ekranlaşdıranda Fərmanın uşaqlığı rolunu gələcəyinə böyük inam bəslədiyi yeniyetmə aktyora həvalə etmişdir. Rol kiçikplanlı olsa da, xarakterikdir, yaddaqalımlıdır. Filmin çəkilişləri başa çatdıqdan sonra yeniyetmə aktyoru “Matteo Falkone” kinodramında aparıcı rollardan birinə, Fortunato roluna çəkmişdir. Cəldliyi, çoxbilmişliyi ilə yaşıdlarından fərqlənən yeniyetmə Fortunato özünəməxsus xüsusiyyətləri ilə hadisələrin dinamik inkişafına təkan verir, filmin ideya-məzmununu açır, əsərin mahiyyətini çatdırır.

XIX əsr məşhur fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan filmdə vətənpərvərlik, xalqına sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlər təbliğ olunur. Fortunatonun simasında satqınlıq, düşünmədən davranmaq, ailə dəyərlərini heçə saymaq kimi cəhətlər qınanılır, ailənin ləyaqətli təmsilçisi və  cəmiyyət üçün lazımlı vətəndaş olmaq kimi ali prinsiplər filmin leytmotivini təşkil edir.

Hər bir rolu ilə kinosevərlərin diqqətini çəkən aktyor bu filmdən sonra “Koroğlu” kinodastanında Ceyhun, “Qara qağayı” (“Lenfilm” kinostudiyası) macəra filmində Manolo, “Yenilməz batalyon” tarixi-macəra dramında Teymur, “Qanun naminə” filmində Absalam, “Yol əhvalatı” kinokomediyasında İbadulla, “Qanlı zəmi” tarixi-macəra filmində tacir və digər xarakterik rollar canlandırmışdır.

Kinostudiyanı ikinci evi bilən, həyatını kinosuz təsəvvür etməyən C.Mirzəyevin görkəmli kino xadimləri ilə uzun illər çiyin-çiyinə çalışması kino sənətinin incəliklərinə dərindən bələd olmasına, ekran hadisələrini inandırıcı çatdırmasına səbəb olmuşdur. Bir müddət sonra filmlərdə rejissor assistenti kimi çalışan (“Axırıncı aşırım”, “Ən vacib müsahibə” və s.) kino aşiqi az müddət ərzində “Mozalan” kinojurnalında rejissor kimi fəaliyyət göstərmiş, burada 60-dan çox bədii və sənədli süjet çəkmişdir. Həmçinin bədii kinoda 3 tammetrajlı film (“Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə), “İşarəni dənizdən gözləyin”, “Fəryad”) ekranlaşdırmışdır.

C.Mirzəyevin yüksək sənətkarlıq keyfiyyətləri, insani münasibətləri,  ətrafındakılara olan xoş rəftarı onu kinostudiyanın sevimli sakininə çevirmiş, həmkarlarının, dostlarının, tanışlarının sevgisi ilə əhatələnməsinə səbəb yaratmışdır.

Əməkdar incəsənət xadimi, kinorejissor, uzun illər “Mozalan” kinojurnalında baş redaktor kimi çalışan Ziyafət Abbasovun sənət dostu haqqındakı fikirlərindən: “Ceyhunla çox yaxın dost olmuşuq. Onun fəaliyyətinin çox hissəsi “Mozalan”da olub. Baxmayaraq ki, həmin dövrdə “Mozalan” studiyasında rejissor ştatı yox idi, amma o, rejissor kimi süjetlər çəkirdi. Mən ora baş redaktor təyin olunandan sonra onu “Mozalan”a bədii rəhbər təyin etdim. İşinə o qədər məsuliyyətli yanaşırdı ki, hamı ondan öyrənirdi. İşində çox səliqə-sahmanlı idi. İş metodu başqalarından fərqlənirdi. Çəkdiyi süjetlərə, özünə qarşı tələbkar idi.

Sənədli süjetlərə münasibəti başqa idi. Çalışırdı ki, həmin süjetlərdə problemli məqamları dəqiqliklə tamaşaçılara çatdırsın. Bunu da hər rejissor bacarmır. Bədii süjetlərin çəkilməyinə xüsusi marağı vardı. Aktyorlarla işləməyi çox sevirdi. Ona görə də bədii süjetlər ona daha yaxın idi.

Az hallarda olar ki, kollektiv kimisə çox istəsin. Onu isə kinostudiyanın bütün kollektivi sevirdi. Heç kimin xətrinə dəymirdi. Nadir adamlardan idi ki, həm aktyor, həm də rejissor kimi sevilirdi. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu