Kinonu hamımız sevirik. Həyata fərqli baxışı, insanlara məhəbbətlə yanaşması, ürək sözü olanlar isə istək və düşüncələrini yaradıcılığına yansıdır, arzularını, düşüncələrini sənət vasitəsi ilə insanlara çatdırırlar. Respublikanın Əməkdar artisti, tanınmış kino işçisi Əlisəttar Məlikov da Azərbaycan kino sənətinin ibtidai və inkişaf mərhələsində biliyini, bacarığını milli kinomuzun dirçəlişinə sərf etdi, aktyor, rejissor assistenti, ikinci rejissor kimi bədii, sənədli filmlərdə böyük yaradıcılıq əzmi ilə çalışdı. Sənətə olan sevgisi, peşəsinə göstərdiyi böyük məsuliyyəti sayəsində fərdi dəst-xəttini təsdiqləyən, sənət dostları arasında böyük hörmət sahibi olan kino rejissorunun anadan olmasının (15.03.1892- 26.03.1971) 130 illiyində həyat və yaradıcılıq yoluna nəzər salırıq, əziz xatirəsini yad edirik.
Sənətdə ilk olaraq aktyor kimi fəaliyyət göstərən Əlisəttar Məlikov 1892-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlayıb. Teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpkili rollar ifa edib. Kinoda debüt rolu “26 komissar” filmində bolşevik obrazı olub. Buradakı ab-hava xoşuna gəldiyindən sənətə ürəkdən bağlanıb və həmin illərdə “Azərfilm” adlanan studiyada işləməyə qərar verib.
Kino sahəsində iki istiqamətdə fəaliyyət göstərən Əlisəttar Məlikov aktyor kimi 10-a yaxın filmdə, eləcə də “İsmət” filmində Məmməd, “Almaz” dramında Barat, “Bakılılar”da Cəfərin dostu, “Kəndlilər” kinodramında Rəhim, “Fətəli xan” tarixi-bioqrafik filmində Hüseyn xan və digər ekran əsərlərində baxımlı rollar ərsəyə gətirib. “Türkmənfilm” kinostudiyasının istehsal etdiyi “Mən qayıdacağam” bədii filmində Qurban rolunu oynayıb, Moskvanın “Mosnauçfilm” kinostudiyasının çəkdiyi “Qazma rejimi” elmi-kütləvi filmində qazma ustası rolunda çıxış edib.
Rejissor assistenti kimi 20-yə yaxın filmdə çalışıb, “Doğma xalqıma” bədii-sənədli, “Almaz”, “Bakılılar”, “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Mahnı belə yaranır”, “Kölgələr sürünür”, “Böyük dayaq” bədii, bir neçə sənədli filmdə rejissor assistenti, “Bir qalanın sirri” film-nağılında II rejissor işləyib.
Əlisəttar Məlikov yaradıcılıq əzminə, ətrafdakılara və doğmalarına olan mehribanlığına görə həmişə sayılıb, seçilib. Yüksək mənəvi xüsusiyyətlərinə, məsuliyyətli həyat mövqeyinə görə də haqqında hər zaman sevgiylə, rəğbətlə danışılıb. Beləcə, kino xadiminin müsbət xüsusiyyətlərini xatırladan səbəblərin çoxluğu sənətkarın anadan olmasından 130 il ötməsinə baxmayaraq, onu dönə-dönə hörmət və ehtiramla xatırlamağımıza, xatirəsini əziz tutmağımıza səbəb olur.
Dövlət Film Fondu