Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olan, quruluş verdiyi (operator kimi) filmlərdə fərdi yaradıcılıq üslubuna uyğun olaraq ekran əsərlərinə uğur gətirən, həyatını bütünlüklə milli kinomuzun inkişafına həsr edən Respublikanın Əməkdar incəsənət xadimi, məşhur kinooperator Arif Nərimanbəyovun 105 yaşı (13.04.1917-16.05.1992) tamam olur. Görkəmli sənətkarın ömür və sənət yoluna böyük hörmət, dərin ehtiram hissi ilə nəzər salırıq.
Arif Əmir oğlu Nərimanbəyov 1917-ci il aprelin 13-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 75 illik ömrünün 50 ilini kino sənətinə həsr edib, mənalı və şərəfli yaradıcılıq yolu keçib. 1944-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra böyük yaradıcılıq həvəsi ilə Bakı kinostudiyasında fəaliyyətə başlayıb. “Əbədi odlar ölkəsi” (Cavanşir Məmmədov, Vladimir Yeremeyev və Mirzə Mustafayevlə birgə, 1945), “Zəfər bayramı” (Vladimir Yeremeyev, Vladimir Zbudski, Seyfulla Bədəlov, Əsgər İsmayılov, Muxtar Dadaşov, Leonid Koretski, Mirzə Mustafayevlə birgə, 1945) sənədli filmərində çalışdıqdan sonra “Fətəli xan” (1947) və “Bakının işıqları” (1950) irihəcmli tammetrajlı filmlərində II operator kimi işləyib. Bədii filmlərlə paralel olaraq sənədli kinodakı fəaliyyətini davam etdirib, “Quba bağlarında”, “Səhər nəğməsi” (Ə.Atakişiyevlə birgə), “Mingəçevir”, Gənc leninçilər”, “Bərəkətli torpaq”, “Bakı və bakılılar”, “Azərbaycanın böyük kimyası” və digər sənədli filmlərini ekranlaşdırıb.
Yaradıcılığını tədricən püxtələşdirən, kino texnikasının sirlərinə yaxından bələd olan operator “Fətəli xan” tarixi-bioqrafik filmindəki (quruluşçu operator Ə.Atakişiyev) yaradıcılıq məsuliyyətinə görə həmkarlarının və kinostudiya rəhbərliyinin diqqətini çəkib. Etibarlı mənbələrə istinad edərək, “Fətəli xan” bədii filminin çəkilişi ilə bağlı filmin direktoru Yevdayevin Bakı kinostudiyasının direktoruna yazdığı məktubda yazılanlara nəzər salırıq: “İşıqla əlaqədar havanın pis olması və günəşin çıxmaması ilə bağlı iki böyük natura dekorasiyasının – Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın daxili tərəfinin (studiyanın həyəti) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım gələcəkdi. Halbuki səhnələr üçün çətinliklə də olsa, xeyli adam və süvari toplamışdıq.
Baş operator Ə.Atakişiyev və operator A.Nərimanbəyov çəkiliş prosesini saxlamağın mümkünsüzlüyünü görüb həm tutqun, həm də günəşli havada çoxlu sayda hərbi projektordan bacarıqla istifadə edərək bu obyektləri lentə almışlar… Səmanın tonunun müxtəlif xarakterli olması çətinlik törədirdi. Ona görə də səmanın sıxlığını müxtəlif filtrlərlə tənzim etmək lazım gəlirdi…
Beləliklə, bacarıqları, fərasətləri sayəsində biz çox qısa vaxt ərzində bu obyekti çəkib qurtara bildik… Bunları nəzərə alaraq baş operatora və operatora aylıq maaş həcmində mükafat verilməsini lazım bilirəm. Yedayev. 4 dekabr 1947-ci il”.
Azərbaycan kinosunun inkişaf mərhələsini özündə əks etdirən filmlərimiz Arif Nərimanbəyovun adı ilə bağlıdır. Arif Nərimanbəyovun sənət biliciliyi digər peşəkar rejissorların diqqətindən də yayınmır, mütəmadi olaraq onu digər filmlərində işləməyə dəvət edirlər. Müxtəlif janr və mövzulu ekran əsərlərinə baxımlılıq gətirən operatora bir çox hallarda rejissorlar təkrar müraciət edir, filmlərinin taleyini ona həvalə edirdilər.
Yaradıcılıq filmoqrafiyasına 50-yə yaxın film daxil olan operatoru bir çox hallarda rejissorlar təkrar olaraq filmərinə dəvət edirdilər. Lətif Səfərovla “Bəxtiyar” kinokomediyasını, “Qızmar günəş altında” kinopovestini , “Leyli və Məcnun” məhəbbət dramını ekranlaşdıran operator, kinorejissor Həsən Seyidbəyli ilə “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, kinorejissor Şamil Mahmudbəyovla isə “Qaraca qız”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Bayquş gələndə” filmlərini çəkir və digər rejissorlarla yaradıcılıq tandemini uğurla davam etdirir. Görkəmli kinorejissor Eldar Quliyevin həmkarı haqqında söylədiyi fikirlər yerinə düşür: “Mən Arif Nərimanbəyovla 10 il ərzində üç film üzərində işləmişəm: “Var olun, qızlar…”, “Ürək… Ürək…” və “Nizami”. O, incə zövqə malikdir. Dramaturgiyanı dərindən başa düşür və bunu təsvir vasitələri ilə ekran dilinə çevirir. Operator sənəti məktəbi çoxdur. Mən şəxsən Arif Nərimanbəyovun yaradıcılığını klassik məktəbə aid edirəm. Onun xaricən statik görünən kamerası vasitəsilə əslində operator daxili gərginliyin üzə çıxmasına daha çox diqqət yetirir.”
Ümumiyyətlə, yaradıcılığında janr və mövzusundan asılı olmayaraq, özünəməxsus üslub xüsusiyyətləri nümayiş etdirən Arif Nərimanbəyovun kamerasının obyektivindən mühüm həyat lövhələri, hadisələr və ziddiyyətlər maraqlı, koloritli şəkildə təsvir olunub. Operator təbiiliyi, realizmi əks etdirən kadrlarla məkan və zaman anlayışını, müəlliflərin prinsipial, maarifləndirici mövqeyini ətraflı, dəqiq şəkildə əks etdirib. Onun operator kimi quruluş verdiyi filmlərə tamaşa edəndə kadrın işıq-rəng həllini dərindən duymasını, geniş, ifadəli panoramlarla hadisələri dəqiq çatdırmaq üslubunu, portret ustası olmasını, aktyor plastikasına xüsusi əhəmiyyət verməsini aydın görmək olur.
Çəkiliş vaxtı işıqlardan bacarıqla istifadə edən operator kadrın kompozisiya cəhətdən bitkin olmasına nail olur, mövzuya uyğun səhnələri lazımlı rakurslardan lentə alır. Personajların xarakterini dəqiq çatdırmaq üçün ekran qəhrəmanlarının daxili aləmini, keçirdikləri psixoloji durumları məharətlə tamaşaçıya çatdırır, həmçinin əsl portret ustası olaraq hər bir ekran işində operatorluq sənətinin məktəbini yaradır.
Kinooperatorluq sənətinin ustası kimi tanınan Arif Nərimanbəyovun hər dövrün tələblərini, həyat hekayələrini ölçüb-biçən, təhlil edən, ekran personajlarının fikirlərini, əməllərini, xarakterlərini, hiss və duyğularını dəqiqliklə çatdıran kadrları müxtəlif illərin şahidi kimi inandırıcı şəkildə bizə bələdçilik edir, yaxın-uzaq keçmişin müasirinə çevirir. Məhz buna görə də Arif Nərimanbəyov yaradıcılığı ölməz, şəxsiyyəti unudulmazdır.
Dövlət Film Fondu