Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev açaraq Eldar Quliyevin yaradıcılığı haqqında söhbət açdı. Sonra Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, rejissorlar Xalq artistləri Azərpaşa Nemət, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Xamis Muradov, kinooperator Rafael Qəmbərov, kinoşünaslar Aydın Kazımzadə və Ayaz Salayev çıxış edərək görkəmli kinorejissorun həyat və fəaliyyəti haqqında fikirlərini, xatirələrini bölüşdülər.
Anım mərasimində Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii film – fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu…” filmləri nümayiş olundu.
Tədbirin sonunda mərhum rejissor Eldar Quliyevin qızı İradə Quliyeva mərasimdə çıxış edənlərə və təşkilatçılara öz təşəkkürünü bildirdi.