Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimli Azərbaycan Dövlət Film Fondunda olub.
Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev naziri qəbul edərək, əvvəlcə ümumi ərazi ilə tanış etdi. Bildirildi ki, Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilmişdir.
Mədəniyyət naziri Adil Kərimli ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, tamaşa salonu, yardımçı otaqlarla, həmçinin Fondda filmlərin saxlanılma və bərpa şəraiti, filmlərin saxlanma boksları, lentlərin bərpa avadanlıqları və digər texniki imkanları ilə tanış oldu.
Nazirə Film Fondunun nəzdində fəaliyyət göstərən Kino Muzeyinin eksponatları haqqında geniş məlumat verildi, diqqətinə çatdırıldı ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinin xatirələrinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır və hazırda Fondda qorunan ümumi saxlanma vahidlərinin sayı 80.000-i ötüb.
Sonra Mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə maraqlandı və qurumun gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını xüsusi vurğuladı.