Müəlliflərin (ssenari müəllifi və rejissor) ideyasından yaranan kino kinooperatorların nəzərlərində canlandırılır. Müxtəlif rakurslu təsvirlər onların fərdi istedad və bacarığı sayəsində ekran həllini tapır.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 40-a yaxın filmdə kinooperator, fotoqraf-rəssam kimi çalışan Fikrət Əsgərov da hər bir ekran əsərində hadisələrə müvafiq kadrlar qurub, fərdi dəst-xəttinə uyğun yaradıcılıq nümayiş etdirib. Sənətsevər və insansevər kimi həmkarlarının, ətrafdakıların rəğbətini qazanan kinooperatorun anadan olmasının 80-ci ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.
Fikrət Əsgərov 1943-cü il 9 may tarixində Gəncədə dünyaya göz açıb. Kinoya hələ kiçik yaşlarından həvəs göstərib. Bu həvəs onu “Azərbaycanfilm” kinostudiyasına gətirib çıxarıb, 1959-cu ildən burada işləməyə başlayıb. 1964-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1965-1966-cı illərdə Bakı Zabitlər evi nəzdindəki Həvəskarlar filmləri kinostudiyasına rəhbərlik edib.
Çalışıb təhsil almaqla bərabər Fikrət Əsgərov kinostudiyadakı fəaliyyətindən ayrılmayıb, buradakı əmək fəaliyyətinin ilk illərində “Möcüzələr adası” məhəbbət dramında operator assistenti kimi çalışıb. Bu filmdən sonra “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən” novellasında rəssam assistenti kimi işləyib, “Arşın mal alan” kinokomediyasında operator assistenti olub. Sonrakı illərdə bir sıra filmdə operatorluq fəaliyyəti ilə yanaşı, fotoqraf-rəssam kimi işləyib, filmlərin ərsəyə gəlməsində bilik və bacarığını əsirgəməyib.
Kinostudiyadakı fəaliyyəti dövründə böyük təcrübə toplayan Fikrət Əsgərov 1972-ci ildə Moskvaya ali kino təhsili almağa gedib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini, B.Volçekin emalatxanasını bitirib. Vətənə qayıtdıqdan sonra kinostudiyada fəaliyyətini davam etdirib. Operator kimi “Suvenir” (rejissor Cəmil Fərəcov) sənədli filmini çəkib, “Musaküçə kəndinin sakinləri”, “Çətin yol” (Köçəri Məmmədovla birgə), “Azərbaycan”da dəniz səyahəti”, “Xəzər üzərində körpü” və başqa sənədli, həmçinin “Mozalan” kinosüjetlərinə daxil olan bədii, sənədli kinosüjetləri ekranlaşdırıb. 70-ci illərin ortalarından etibarən operator kimi müstəqil olaraq filmlərə quruluş verib. “Günlərin bir günü…” kinoalmanaxına daxil olan “Günlərin bir günü” novellasında, “Bizi bağışlayın”, “Qayınana”, “Qeyri-adi ov”, “Yapon” və yaponiyalı” (Kənan Məmmədovla birgə), “Kənar adamlar” və digər filmlərdə quruluşçu operator kimi çalışıb.
Filmlərin ərsəyə gəlməsində xoş ab-havanın yaranması, kollektivin nikbin əhval-ruhiyyədə olması şərtdir. Xoş münasibətlərin olması yaradıcı heyətə stimul verir, film çəkilişlərindən sonra belə xoş xatirələrə çevrilir. Fikrət Əsgərovla “Kənar adamlar” filmində çalışan Əməkdar incəsənət xadimi Elxan Cəfərovun xatirələri sənət dostu haqqındakı təsəvvürlərimizi daha da genişləndirir: “Fikrət Əsgərov işinin peşəkarı idi. Filmlərdə çalışırdı ki, müasir görüntü yaratsın, fərdi üslubunu təsdiqləsin. Yaradıcılıq hisslərini çəkiliş prosesində həyata keçirirdi. Çox mülayim, bilikli, zövqlü və maraqlı insan idi. Gənclərlə çox gözəl münasibət qururdu, onlarla asanlıqla ortaq dil tapırdı. Elə yaşlı mütəxəssislər vardı ki, gənclər onlardan çəkinirdi, nəsə soruşanda və yaxud fikir bildirəndə çəkinərək deyirdilər. Fikrət Əsgərov isə bizə doğma insan idi. Onun daxilində sanki gənclik duyğuları, hissləri qalmışdı. Buna görə gəncləri daha tez başa düşürdü və gözəl münasibət qura bilirdi. Biz gənclər də onu çox sevirdik. Çünki təcrübəli, həyat bilgisi dolğun, mehriban bir insan idi. Həmişə bizimlə dost kimi davranırdı və biz ondan çox şey öyrənirdik. Allah ona rəhmət eləsin.”
Dövlət Film Fondu