Xalq yazıçısı, dramaturq, ssenarist, kinorejissor, ictimai xadim Respublika Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli görkəmli sənətkar Maqsud İbrahimbəyovun anadan olmasından (1935-2016) 88 il ötür.
Kitabları dünyanın bir çox ölkəsində çap olunan, 36 xarici dilə tərcümə edilən yazıçının bir çox əsərlərinə Azərbaycan kinosu da biganə qalmayıb. Kinorejissorlarımız ədibin mühüm mövzuları əks etdirən əsərləri əsasında filmlər ekranlaşdırıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinodramaturqun ssenariləri əsasında müxtəlif illərdə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “Mezozoy əhvalatı”, “Bayquş gələndə”, “Gənc qadının kişisi” bədii filmləri, “Bir az da bahar bayramı” televiziya filmi, “Yeddi gözəl” film-baleti, “Günlərin bir günü” və “Bağçada rahat yer” kinonovellaları çəkilib.
Onu da qeyd edək ki, yazıçının ssenariləri əsasında 70-ci illərdə müxtəlif kinostudiyalarda istehsal olunan “Qoy o bizimlə qalsın”, “Bütün yaxşılıqlar üçün ölüm” və “Dağ mağarasının sirri” (M.Qorki adına kinostudiya), “Mən sənin adını bilirəm”, “Sən nəğməmsən mənim” (“Özbəkfilm”), “Truskavetsə kim gedəcək?” (“Tacikfilm”) “Ona görə ki, mən Ayvar Lidakam” (Riqa kinostudiyası) bədii filmlər çəkilib. Maqsud İbrahimbəyov həmçinin “Azərbaycanfilm” kinostudiyasında öz ssenariləri əsasında “De ki, məni sevirsən” və “Yarımçıq qalmış mahnı” bədii filmlərinə quruluş verib.
Maqsud İbrahimbəyovun əsərləri və şəxsiyyəti ölkədə və ölkədən kənarda tanınır, sevilir. O, ABŞ-ın Minniapolis və Litvanın Klaypeda şəhərlərinin fəxri vətəndaşı, Azərbaycan Milli Sülh Komitəsinin və Azərbaycan Əsilzadələr Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Yazdığı sanballı əsərlərdə ölkəmizi və xalqımızı tərənnüm edən, Azərbaycan incəsənətinə töhfələr verən, ömrü boyu çoxşaxəli yaradıcılıq nümayiş etdirən Maqsud İbrahimbəyovun sənətdəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, bir çox orden və medallarla təltif olunub, fəxri adlara layiq görülüb.
Görkəmli sənətkar bu gün həyatda olmasa da, nəsillərin tərbiyəsində mühüm rol oynayan yaradıcılığı, dəyərli əsərləri və əziz xatirəsi yaddaşlarda, qəlblərdə yaşamaqdadır.
Dövlət Film Fondu