Elə aktyorlar var ki, adları çəkiləndə ilk növbədə göz önündə yaddaqalan obrazları canlanır, qəlblərdə minnətdarlıq duyğusu yaranır. Xalq artisti Şamil Süleymanlı da ilk ekran obrazından (Baladadaş-“ Baladadaşın ilk məhəbbəti”, 1974) etibarən tamaşaçıların rəğbətini qazanıb, sevilib, tanınıb. Saf niyyətli, səmimi davranışlı, bəzən məzəli, bəzən ciddi xüsusiyyətli Baladadaş obrazı ilə qəlblərə yol tapan aktyor bu il 68 yaşını qeyd edir. Çoxsaylı tamaşaçı və həmkarlarımız adından Şamil müəllimi yeni yaşı münasibəti ilə təbrik edirik. Ona möhkəm cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
1955-ci il may ayının 11-də Bakıda dünyaya göz açan Şamil Süleymanlı bəlkə də, məşhur aktyor olacağını, milyonların diqqətini cəlb edəcəyini ağlına belə gətirməzdi. Lakin sevərək seçdiyi aktyorluq sənəti ona insanların sevgisini qazanmaq imkanı yaratdı. Aktyor özü də ona verilən bu şansdan məharətlə istifadə etdi. Yaradıcılıq qismətinə düşən rollarını peşəkarlıqla canlandırdı.
Aktyorun sənətlə tanışlığı Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil aldığı illərdən başlayıb. 1976-cı ildə institutun mədəni-maarif fakültəsini bitirən gənc 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib, 1977-1978-ci illərdə Xronika birliyində inzibatçı, 1979-cu ildən “Mozalan” kinojurnalında baş inzibatçı, çəkiliş qrupunun direktor müavini, direktoru kimi fəaliyyət göstərib. Həmçinin kinostudiyada istehsal olunan bədii filmlərdə maraqlı, yaddaqalan obrazlar yaradıb, “Mozalan”ın müxtəlif mövzulu kinosüjetlərində çəkilməklə yaradıcılıq potensialını bir daha təsdiqləyib. İlk ekran rolu olan Baladadaş obrazı isə onu “Azərbaycanfilm”in sevilən sakininə çevirib, yaradıcılıq yoluna işıq salıb.
Xalq yazıçısı Elçinin eyniadlı hekayəsi əsasında çəkilən, “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Baladadaşın ilk məhəbbəti” novellasının uğurunda rejissor (Fikrət Əliyev) traktovkasının, düzgün aktyor seçiminin mühüm rolu var. İronik münasibətlər, səmimi, diqqətçəkən dialoqlar fonunda ekranlaşdırılan novelladakı realist təqdimatlar mühitin ab-havasını, prototiplərin həyat tərzini, qarşılıqlı (tənəli) münasibətini aydınlıqla çatdırır, psixologiyalarını incəliklə cilalayır, əsərin ideya məzmununu bitkin formada əks etdirir. Şamil Süleymanlının inandırıcı, səmimi ifası isə əsərin təsvir həllini tapmasına imkan yaradır, mübaliğəli təbəssüm tamaşaçını düşünməyə vadar edir.
“Azərbaycanfilm” kinostudiyasında 50-yə yaxın filmdə çəkilən aktyor yuxarıda sözügedən filmdən başqa “Tütək səsi” kinodramında Cümrü, “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan “Bağçada rahat yer” novellasında Qəzənfər, “Babamızın babasının babası”nda Əziz, “Evlənmək istəyirəm” kinokomediyasında Şamil, “Qızıl uçurum” kinodramında Əziz, “Günaydın, mələyim”də Şamil müəllim, “Ölüm növbəsi” psixoloji dramında Şamil, “Əlavə təsir”də Eldar Tağıyev, “Üzeyir ömrü” bioqrafik musiqili dramında Fərəcov, “Əlvida, cənub şəhəri” filmində inspektor, “Bəyin oğurlanması” kinokomediyasında Həsən, “Dolu” kinodramında müəllim və digər filmlərdə maraqlı, baxımlı obrazlar yaradıb.
Müxtəlif xarakterli rolların təfsirində prototiplərin xarakter və psixologiyasını özünəməxsus, orijinal ştrixlərlə xarakterizə edən aktyor filmlərin ideyasının açılmasına, hadisələrin məzmununun aydınlıqla çatdırılmasına nail olub.
Aktyorun növbəti uğurlu ekran personajlarından biri də “Evlənmək istəyirəm” musiqili kinokomediyasında oynadığı Şamil obrazıdır. XX əsrin əvvəlində dövrünün sosial mühitini, milli adətləri əks etdirən filmdə aktyor baş rollardan birini canlandırır.
Papaqçı Şamil yaxşı papaq tikdiyinə və xeyirxahlığına, əliaçıqlığına görə hörmət sahibidir. O, varlı tacir Kəmyabın (aktyor Səyavuş Aslan) qızına (aktrisa Ruhsanə Topçuyeva) vurulur. Lakin ata qızını heç cürə dərziyə vermək istəmir. Şamilin həyatında baş verən ziddiyyətli məqamlar da bundan sonra başlayır.
Yaxın keçmişin müasirlərinin, prototiplərinin həyat tərzini, psixologiyasını təhlil edən kinokomediya Əbdürrəhim bəy Haqverdiyevin əsəri, İsi Məlikzadə və Sabir Əhmədovun ssenarisi əsasında çəkilib və bir çox mühüm amilləri, vacib məqamları diqqətə çatdırır.
Filmin leytmotivində Şamilin torpağına bağlılığı, insanlara qayğısı, sevgisinə sadiqliyi tərənnüm olunur. Pul xatirinə onunla dostluq edənlərin pis niyyətləri, xain planları Şamilin həyatında müəyyən təlatüm yaşatsa da, yaxşı insanların köməkliyi ilə o, yenə də istəyinə nail olur, sevgisinə qovuşur. Aktyorun böyük şövqlə oynadığı Şamil obrazı hadisələrin və rolun təfsirində əsərin ruhunu, mübaliğəli gülüşün məntiqini aydınlıqla tamaşaçıya çatdırır. Yaradıcılıq potensialını daha geniş şəkildə təsdiqləməsinə imkan yaradan film aktyorun digər ekran əsərlərinə dəvət almasına şərait yaradır.
Bədii kinodan əlavə, “Mozalan” kinosüjetlərində maraqlı, xarakterik rollar oynayan Şamil Süleymanlı ona həvalə olunan hər bir rolun öhdəsindən bacarıqla gəlib, məzmundan irəli gələn şərtləri inandırıcı ifasıyla yerinə yetirib, əsərin və filmin keyfiyyətini təmin edib. Aktyorun bacarığını təsdiqləyən yaradıcılıq nailiyyətini digər ekran obrazlarına da şamil etmək mümkündür.
Şamil Süleymanlı kinoda göstərdiyi xidmətlərə görə, 2005-ci ildə Əməkdar, 2016-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2023-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Dövlət Film Fondu