Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Elbəy Rzaquliyev istedad və bacarığı ilə milli kinomuza uğur qazandıran sənətkarlarımızdandır. 1953-cü ildən etibarən Bakı kinostudiyasında işləyən, yaradıcılığı, əsasən, iki istiqamətdə inkişaf edən tanınmış kino rəssamının 97-ci ildönümündə kino yaradıcılığını və sənət nailiyyətlərini birlikdə yada salaq.
Elbəy Mirzəhəsən oğlu Rzaquliyev 1926-cı ildə Bakıda dünyaya göz açıb. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər Evinin rəssamlıq studiyasında bu sənətin sirlərini öyrənib. Arzularını gerçəkləşdirmək üçün 1941-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, sənət müəllimi, rəngkar Eyyub Məmmədovdan sənətin sirlərini öyrənib, sənət məktəbini 1946-cı ildə bitirib.
Elbəy Rzaquliyevin bəxti onda gətirib ki, hələ kiçik yaşlarından Azərbaycan karikatura sənətinin banisi, Xalq artisti Əzim Əzimzadə kimi sənət dahisinin yaradıcılığından bəhrələnib, ondan ilhamlanaraq rəssamlıq sənətini seçib, ömrü boyu məsləyinin keşiyində durub.
Rəssamın uşaqlıq illəri ilə bağlı xatırələrindən: “Mən lap kiçik uşaq olanda bizim küçədə, Suraxanskidə (indiki Dilarə Əliyeva küçəsi) demək olar ki, evimizlə üzbəüz “Molla Nəsrəddin” jurnalının məşhur karikaturaçı rəssamı Əzim Əzimzadə yaşayırdı. Məhəlləmizdə rəssam olmaq istəyən uşaqlar çox idi. Əzim əminin qapısı bizim üçün həmişə açıq olurdı. Biz saatlarla dinməzcə oturub onun necə işləməsini izləyərdik. Rəssam başını qaldırmadan, ağır-ağır nəfəs alaraq, konturlar çəkir, sonra onları rəngləyir, nəticədə maraqlı səhnələr alınırdı: dəllək küçənin ortasında müştərinin başını qırxır, itlər boğuşur və s. Biz bu şəkillərə həsədlə və heyranlıqla baxardıq”.
Rəssamlıq məktəbini bitirdikdən sonra Respublika Maarif Nazirliyi Elbəy Rzaquliyevi Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərib (1946). Orada rəssamlıq fakültəsində oxuyan istedadlı gənc Q. Şeqal, Y. Pimenov, A. Dixtyar və M. Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb, institutda oxuduğu illərdə müəllim və tələbə heyətinin hörmətini qazanıb.
1953-cü ildə institutu müvəffəqiyyətlə bitirib Bakıya qayıdan gənc rəssam böyük sevgi ilə Bakı kinostudiyasında fəaliyyətə başlayıb. Kino rəssamlığı üzrə peşə təhsili almış ilk kino rəssamı kimi Azərbaycan kinosuna yaradıcılıq töhfələrini verib.
Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmində olub. O, bu film üzərində rəssamlardan C. Əzimov və A. Freydinlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu Cəbrayıl Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.
Həmin illərdə kinostudiyanın maddi-texniki imkanları əsasında məhdud sayda bədii filmlər istehsal olunduğuna görə yaradıcı heyət çox vaxt bir filmdə müştərək olaraq fəaliyyət göstərirdi. Elbəy Rzaquliyev də 1950-ci illərdə istehsal olunan yeddi filmdən yalnız birində – “Onun böyük ürəyi” filmində (1958) müstəqil işləyib. “Qara daşlar” filminə (1956) Kamil Nəcəfzadə, “Bir məhəllədən iki nəfər” filminə (1957) Kamil Nəcəfzadə və Məmməd Hüseynov, “Ögey ana” kinodramına isə (1958) Məmməd Hüseynovla birgə bədii tərtibat verib.
Gənc rəssamın kinostudiyada fəal çalışması, təcrübə toplaması, istehsalatı dərindən öyrənməsi kino sənətinin spesifik xüsusiyyətini başa düşməsinə, əsasən iri həcmli ekran əsərlərində məhsuldar çalışmasına səbəb olub.
1960-cı illərdə istehsal olunan bir neçə filmin, o cümlədən “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “İstintaq davam edir” (1966, N. Zeynalovla birgə), “Uşaqlığın son gecəsi” (1968) filmlərinin uğurlu ekran taleyində Elbəy Rzaquliyevin də böyük rolu var. Rəssamın səmərəli axtarışları ekran əsərlərinin emosional qüvvəsinin artırılmasına kömək edib, filmlərə aid eskizlərdəki dekorasiyalarla və natura ilə uyğunluq, əlvanlıq ekran əsərlərinin estetik təsirini artırıb.
Filmlərdə quruluşçu rəssam kimi çalışan fırça ustasının 1970-ci illərdə üzərində çalışdığı “Sevil” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” (1972), “Dənizə çıxmaq qorxuludur” (1973), “Tütək səsi” (1975), “Vulkana doğru” (1976-1977), “Arxadan vurulan zərbə” (1977) bədii filmlərində öz iş prinsipinə sadiq qalması əksini tapıb. 1980-ci illərdə isə o, istedad və təfəkkürünün məhsulu olaraq, həmçinin yorulmaz iş prinsipinə sadiq qalaraq, “Onun bəlalı sevgisi” (1980), “Yeddi gözəl” (1982, R. Nəsirovla), “Əzablı yollar” (1982, R. Nəsirovla), “Musiqi müəllimi” (1983), “Bəyin oğurlanması” (1985), “Qəm pəncərəsi” (1986, R. Nəsirovla), “Xüsusi vəziyyət” (1986, N. Zeynalovla), “Araqarışdıran” (1987, R. Nəsirovla), “Şeytan göz qabağında” (1987, R. Nəsirovla), “Sahilsiz gecə” (1989, R. Nəsirovla) filmlərinə bədii tərtibat verib. 1991-ci ildə quruluşçu rəssam Rafiq Nəsirovla birgə “Qəzəlxan” bədii filmi üzərində çalışıb.
Kinostudiyada çalışmaqla yanaşı, dəzgah rəsmləri seriyasından bir çox rəngkarlıq və rəsm əsərləri çəkən rəssam, “Kənddə”, “Bakı küçələrində”, “Neft mədənlərində”, “İnşaatçılar”, “Əmək adamları”, “Qələbə bayramı”, “Bakının və Abşeronun peyzajı” seriyasından olan işləri, “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyaları, “Şəhər tikilir” seriyasından “Əli Bayramlı HES”, “Yüksəklik” , “Rəfiqələr”, “Ailə” və başqa rəsmləri ərsəyə gətirib.
1958-ci ildən başlayaraq dünyanın əksər ölkələrində olan Elbəy Rzaquliyev “Meksikada”, “Hindistan abidələri”, “Yaponiya”, “ABŞ”, “Rumıniya”, “İsrail”, “Macarıstan” və digər portret, akvarel və rəngkarlıq işlərini respublika, ümumittifaq və beynəlxalq rəssamlıq sərgilərində nümayiş etdirib, böyük uğur qazanıb.
Görkəmli fırça ustası, milli kino və rəssamlıq sənətinin inkişafında böyük xidmətləri olan Elbəy Rzaquliyev bu gün aramızda olmasa da, onun yaratdığı sənət əsərləri daim yaşayacaq və tamaşaçıların zövqünü oxşayacaq.
Dövlət Film Fondu