Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, tanınan, istedad və bacarığına görə sevilən Xalq artisti Telman Adıgözəlovun xatirəsi sənətsevərlər üçün həmişə əzizdir. Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının dolğun təcəssümünə, təsdiqini tapmasına nail olan aktyorun yubiley ilində (1953-2010) kino fəaliyyətinə qısa nəzər salırıq.
Ömür yalnız illərdən yox, illəri mənalandıran, yaddaşlara yazan nəcib əməllərlərdən, xoş münasibətlərdən ibarətdir. Yaddaşlarda yazılan, qəlblərdə əbədiləşən də həmin illərdən qalan xoş xatirələrdir. Zəhmətlə istedad üst-üstə düşəndə isə şəxsiyyətini və sənətini xatırlatmağa daha çox səbəb olur.
Həyata, insanlara olan sevgisini, səmimi münasibətini sənətinə yansıdan, dolğun yaradıcılığı fonunda məsləyinin vurğunu olduğunu hər bir ifasında təsdiqləyən Telman Adıgözəlov Azərbaycan kinosunda 30-a yaxın bədii filmdə,“Mozalan” satirik kino süjetlərində çəkilib.
Hələ kiçik yaşlarından sənətə vurulan gələcəyin məşhur aktyorunun sənətlə tanışlığı orta məktəbdə oxuyarkən başlayıb, burada aktyorluq kurslarına gedib. Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verib, dram və kino aktyorluğu fakültəsində sənətin sirlərinə bələd olub (1975).
Həyatını sənətdən kənarda təsəvvür etməyən gənc tələbənin yaradıcılıq eşqini görən rejissorlar onu hələ tələbəlik illərindən filmlərinə dəvət ediblər. “Xatirələr sahili” (1972) filmində debüt rolunu (Şamil) oynayan gənc aktyor bu filmdən sonra “Nəsimi” tarixi-bioqrafik filmində hürufi,“Anlamaq istəyirəm” kinodramında Camal, “Çətirimiz buludlardır” filmində Bəkir, “Dörd bazar günü” filmində Murad, “Yol əhvalatı” kinokomediyasında tələbə, “Günaydın, mələyim!” məhəbbət dramında teatr rejissoru və digər filmlərdə məzmunlu rollar təqdim edib, həmçinin “Mozalan” satirik kino süjetlərində (rəisin oğlu – “Arşınmalçı”, abituriyent – “İmtahan” və s.) yaddaqalan obrazlar oynayıb.
1980-ci ildən Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif xarakterli rollara imza atan, tərəf-müqabilləri ilə uğurlu yaradıcılıq tandemi yaradan aktyor həmçinin, Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda xarakterik rollar canlandırıb, personajların fərdi xüsusiyyətini, daxili aləmini, fərqli psixologiyasını aydınlıqla çatdırıb, maraqlı jest və ifalardan istifadə edərək geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmağa nail olub.
Telman Adıgözəlovun televiziya tamaşalarında özünəməxsus üslubda təqdim etdiyi kolorotli, bənzərsiz rolları yaradıcılıq kredosunu təsdiqləyib, sənət biliciliyini sübut edib. Sənət duyumu güclü olan aktyorun böyük şövqlə oynadığı Kamil (“Evləri köndələn yar”), rəqs müəllimi (“Yaşıl eynəkli adam”), Zaman (“Yarımştat”), rəqs müəllimi (“Ordan-burdan”), Hüseyn (“Nigarançılıq”) və digər məşhur tamaşalardakı yaddaqalımlı obrazları bədii əsərlərin məzmun çalarlarını aydınlıqla cilalayıb, tərəf-müqabilləri ilə olan yaradıcılıq sazişində tamaşaçını müxtəlif dövr hadisələri ilə realist səpkidə tanış edib.
Unudulmaz kinorejissor Səməd Mərdanov: “Həyat özü komik və dramatik elementlərin bir-biri ilə üzvi bağlı olduğunu sənətkara diktə edir”, – deyirdi. Telman Adıgözəlovun irili-xırdalı rolları da müxtəlif dövr hadisələrinə şahidlik edir, həmin dövrlərin müasirlərinin xarakteri realist, səmimi ifada tamaşaçıya çatdırılır.
Kinoda əsasən dramatik obrazlar canlandıran aktyor televiziya tamaşalarında duzlu-məzəli, komik surətlər yaradıb. Müxtəlif dövr müasirlərinin qəribə, məzəli cəhətlərini etik dəyərlər çərçivəsində incə yumorla təqdim edib, gülüş hədəfinə çevirib.
Həyata, insanlara olan sevgisini, hadisələrə fərdi münasibətini sənətinə yansından Telman Adıgözəlov böyük səmimiyyətə, mədəniyyətə malik insan idi. Buna görə də nəcib xüsusiyyətlərindən, səmimiyyətindən rollarına pay bölürdü. Qəribə davranışlarına görə cəmiyyətin qınağına səbəb olan prototiplərin gülüş doğuran cəhətlərini böyük mədəniyyətlə, incə yumorla təqdim edirdi.
Aktyorun böyük məharətlə, xarakterik cizgilərlə təqdim etdiyi komik rollarının təfsirində avam, işində naşı, məqsədyönlü tipajlar tənqid hədəfinə çevrilir, personajların həyat mövqeyi, məqsəd və niyyəti komik nüanslarla təhlil edilirdi.
Ekran hadisələrindəki mövzunun mahiyyətini, personajın məqsəd və niyyətini dolğun çatdıran, bənzərsiz replika və improvizələri ilə vəziyyətdən yaranan komik, dramatik situasiyaları dəqiqliklə göstərən aktyor, müəlliflərin ideyalarını məntiqi əsaslarla (jest, nitq, plastika) təqdim edib, sənətin həyat üçün vacibliyini hər bir çıxışı ilə təsdiqləyib.
Telman Adıgözəlovun səmimi, mehriban xüsusiyyətləri onu insanlara daha yaxın edirdi və müşahidə imkanlarını genişləndirirdi. Buna görə də həyatdan gələn hadisə və xarakterləri orijinal üslubda şərh edirdi.
Sənətini daim yüksək peşəkarlıqla təqdim edən aktyor bu mənada milyonların sevgisi ilə əhatələnirdi, sevilirdi.
Sənəti Dövlət tərəfindən yüksək qiymətləndirilən istedadlı aktyor 2000-ci ildə Respublikanın Əməkdar, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Həyata sevgi ilə baxan, rollarında doğru, düzgün yaşamağın vacibliyini vurğulayan, şəxsiyyəti və sənəti ilə insanlara xoş ovqat, sevinc bəxş edən aktyorun yaradıcılıq eşqi ilə döyünən qəlbi 2010-cu ilin 15 aprel tarixində dayandı, 57 yaşında ürək çatışmazlığından vəfat etdi. Həyatdakı müsbət insani keyfiyyətlərinə, sənətdə göstərdiyi peşəkarlığa görə unudulmadı, daim hörmətlə xatırlandı.
Dövlət Film Fondu