Yaradıcılıq eşqi daxili təlatüm, narahatlıq, həyata həddən artıq diqqət və sevgidən yaranır. Yalnız belə olan halda insan sənətə bağlana, sənətlə yaşaya, ömrünü bütünlüklə sənətə həsr edə bilər. Xalq artisti, kinorejissor, aktyor Ramiz Əzizbəyli də taleyinə yazılan 75 illik ömür payının 60 ilini sənətə həsr etdi. Fərdi istedadı, zəhmətkeşliyi sayəsində milyonların sevimlisinə çevrildi, unudulmadı.
Ramiz Əzizbəylinin kino ilə ilk tanışlığı 9 yaşından başlayıb. Görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyi “Bir məhəlləli iki nəfər” (1957) filmində debüt rolunu (ayaqyalın uşaq) oynayıb. Görkəmli sənətkarlarla birlikdə çalışması hafizəsində silinməz iz buraxıb, həyatını bütünlüklə sənətə həsr etməsinə səbəb olub. Kinoya böyük sevgi duyan istedad sahibi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə kiçikplanlı, epizod rollarda yaradıcılığını təsdiqləyib, tədricən genişplanlı, aparıcı rollara dəvət alıb. İşgüzarlığı, zəhməti nəticəsində çoxsaylı tamaşaçıların sevimlisinə çevrilib, böyük məsuliyyətinə, insanpərvərliyinə görə isə həmkarlarının, ətrafdakıların rəğbətini qazanıb.
Yaradıcılıq filmoqrafiyasına 100-dən artıq film daxil olan sənətkar, çəkildiyi, səsləndirdiyi, rejissor kimi quruluş verdiyi və mahnılarını ifa etdiyi filmlərə fərdi dəst-xətti ilə baxımlılıq gətirib, uğur qazandırıb.
50-yə yaxın “Mozalan” süjetində xarakterik rollar yaradan sənət fədaisi 20-dən artıq filmdə müxtəlif rolları, həmçinin animasiya filmlərində alleqorik personajları (“Basat və Təpəgöz”də Aruz, “Talada ev”də siçan) məharətlə səsləndirib, 30 filmdə irili-xırdalı rol oynayıb, 4 (“Pirverdinin xoruzu” qısametrajlı bədii, “Bəxt üzüyü” komediya, “Yalan” dram-müharibə, “Qovğalı kəndinin gecələri” qısametrajlı bədii-televiziya) filmə quruluş verib.
Məlahətli, məxməri səsi, güclü musiqi duyumu olan aktyor bir neçə personaja aid (“Bəxt üzüyü” və s.) mahnıları obrazlı, baməzə üslubda səsləndirib.
Tanınmış kino xadimlərinin sənətkar haqqındakı düşüncələri vasitəsilə sənətinə və şəxsiyyətinə daha yaxın olaq. Respublikanın Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov: “Ramizlə 1970-ci ildə kinostudiyaya gələndə tanış olmuşduq və dostlaşmışdıq. Ancaq rejissor kimi onu ilk dəfə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novellada Səfər roluna çəkmişəm. O, təkcə çəkilmirdi, həm də rolla bağlı əlavələrini edirdi. Rola aid replika deyəndə həmin fikrin 3-4 növünü deyirdi. Tərəf-müqabili Kamil Məhərrəmova da öz tövsiyələrini verirdi. Onun özünəməxsus ironik ifası vardı və mən bunu başqa aktyorlarda görmədim. Onunla işləmək çox rahat idi. İşgüzar, işıqlı, pozitiv, aktiv insan idi.
Rejissor kimi ikinci filmi olan “Bəxt üzüyü” filmi tamaşaçılar tərəfindən sevgi ilə qarşılandı. Film ən çox gəlir gətirən kassa filmi oldu. Maraqlıdır ki, hətta rusdilli izləyicilər də sözügedən filmə böyük maraqla baxır və sevir.
O, heç bir filmə çəkilməsəydi, təkcə “Bəxt üzüyü” filmini çəksəydi belə, yenə də adı Azərbaycan kino tarixinə klassik rejissor kimi düşəcəkdi. Çünki “Bəxt üzüyü” filmi əsl milli filmdir. Şair, dramaturq Vaqif Səmədoğlunun ssenarisi və Əzizbəylinin fərdi yaradıcılıq üslubu klassik milli filmin ərsəyə gəlməsinə səbəb oldu. Ramiz Əzizbəyli insanların qəlbində iz qoyub getdi”.
Əməkdar mədəniyyət işçisi, rejissor, aktyor Elman Dadaşoğlu: “Ramiz Əzizbəyli ilə “Bəxt üzüyü” filmində birlikdə (ikinci rejissor kimi) işləyəndə onun istedadının bir daha şahidi oldum.
Bildiyimiz kimi, pyesdə hadisələr bir məkanda, bağ evində baş verir. Ramizin özünəməxsus üslub və forma zənginliyi, duzlu-məzəli söhbətləri filmi sıxıcı olmaqdan uzaqlaşdırır. O, bütün vasitələrdən istifadə edərək tamaşaçını darıxdırıcılıqdan qurtarır.
Bu pyes çəkilməmişdən əvvəl Sumqayıt Dram Teatrında səhnəyə qoyulmuşdu. Baş rolları (Söylü, Moşu Göyəzənli) Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov oynayırdı. Ramiz çəkiliş meydançasında peşəkarlarla çox işləmirdi. Obrazların kimliyi haqqında onları məlumatlandırırdı, aktyorlara sərbəstlik verirdi, istədiyini ala bilməyəndə isə göstərirdi. Aktyor peşəkarlığı bu məqamda ona çox kömək edirdi. Epizodu elə əlvan çalarla göstərirdi ki, səhnəni hazır görürdün. O, improvizəni çox sevirdi. Aktyor bunu edəndə imtina etmirdi, bir şərtlə ki, süjet xəttindən kənara çıxmasın, bayağılığa yol verməsin, rolun daxili qatlarını açmağa köməklik etsin.
Çəkiliş meydançasında onu səsini qaldıran, əsəbiləşən görmədim. Çox zarafatcıl insan idi, amma zarafatının yerini bilirdi. Özünəməxsus lətifə danışmaq bacarığı olduğuna görə ssenaridə olmayan zarafatları əlavə olaraq çəkə bilirdi. Adi lətifəni elə gülməli danışırdı ki, ona gülməmək mümkün deyildi. İrili-xırdalı epizodları zərgər dəqiqliyi ilə, komik ruhla, baməzə əhvalla işləyirdi. Buna görə də tamaşaçıların sevdiyi bir film ərsəyə gətirdi.
Gözəl musiqi duyumu, şirin və məlahətli səsi vardı. Çox məşğul olsaydı, bəlkə də məşhur müğənni olardı. Bəstəkarlarla xüsusi həssaslıqla işləyirdi. Mahnıların yazılışının əksəriyyətində yaxından iştirak edirdi. Rəssamlıq qabiliyyəti də vardı. Kompozisiyadan tutmuş kadrlardakı xırda detalların düzülüşünə qədər hər bir tərtibata rəssam gözü ilə baxırdı. Çəkiliş meydançası onun üçün hər şey idi. Yorulmadan çalışırdı.
Ramiz şeir yazmağı sevirdi. Qəzəllər, sərbəst janrda heca vəznində şeirlər, hətta həcvlər yazırdı. Kiçik yaşlarından televiziya və radio proqramlarında çıxış etdiyindən, sənətlə məşğul olduğundan filmlərin dublyajında xüsusi yeri vardı. Səsləndirməni də böyük həvəslə, məhəbbətlə edirdi. Səsini məharətlə dəyişə bilirdi. Elə vaxt olurdu ki, bir filmdə iki-üç rol səsləndirirdi. Geniş anlamda çox istedadlı, zəhmətkeş insan idi. Allah ona rəhmət eləsin”.
Dövlət Film Fondu