Xalq artisti, teatr və kino aktyoru Ramiz Məlikin 80 yaşı tamam olur. Sevimli aktyorumuzu sənətsevərlər və Dövlət Film Fondunun əməkdaşları adından ürəkdən təbrik edir, cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinin məzunu olan (1967) gələcəyin məşhur aktyoru müsahibələrinin birində sənətə gəlişi barədə belə deyir: “Orta məktəbi bitirən kimi sənədlərimi Neft-Kimya İnstitutuna verdim, axırıncı imtahandan kəsildim. Sonra sənədlərimi Politexnik İnstitutuna verdim, bu dəfə də üçüncü imtahandan kəsildim. Əvvəllər Əbilov adına klubda dram dərnəyinin iştirakçısı olsam da, heç vaxt sənətə gəlmək istəməmişəm. Ancaq Politexnik İnstitutundan kəsildikdən sonra rejissor olmaq qərarına gəldim, sənədlərimi Mirzəağa Əliyev adına Teatr İnstitutunun rejissorluq fakültəsinə verdim və keçdim. Yer olmadığına görə institutun rektoru Rahib Hüseynovun və Xalq artisti Məlik Dadaşovun məsləhəti ilə aktyorluq kursunda oxudum. Bir şərtlə ki, yanvar ayında rejissorluq kursuna keçəcəkdim. Ancaq başım Məlik Dadaşovun dərslərinə elə qarışdı ki, bir də ayıldım ki, birinci kursu bitirirəm. Xəbərim olmadan Rahib müəllim də əmrimi aktyorluq fakültəsinə vermişdi. Beləliklə, taleyimə aktyor olmaq yazıldı.
Xoşbəxtliyimiz onda idi ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi korifey müəllimlərimiz olub”.
1960-cı illərin sonlarından kinoya dəvət alan Ramiz Məlik az müddət ərzində bir-birinin ardınca filmlərə dəvət alır, irili-xırdalı ekran obrazları ilə tamaşaçıların rəğbətini qazanır.
İlk dəfə ekranda “Qanun naminə” (1968) filmində epizod rolda (gənc prokuror) görünən aktyorun bəxti bir daha onda gətirir ki, görkəmli kinorejissor Həsən Seyidbəyli quruluş verdiyi “O qızı tapın” filmində (1970) aparıcı rollardan birini – Ziya obrazını ona həvalə edir. Kinoya yeni simalar gətirən, gənc aktyorların istedadını filmlərində təsdiqləyən H.Seyidbəylinin doğru seçimi Ziya rolunun rəğbətlə qarşılanmasına səbəb olur.
“O qızı tapın” filmi ilə eyni ildə ekranlara çıxan “Yeddi oğul istərəm” tarixi-inqilabi ekran əsərində çəkilən aktyor filmin finalında epizodda çıxış edir. Bu rol film boyu tamaşaçıları XX əsrin 20-ci illərində baş verən inqilabi hadisələrə şahid çəkir, digər personajlar qədər maraq yaradır.
“Qanun naminə” filmindəki gənc prokuror və “Yeddi oğul istərəm” filmindəki hökumət nümayəndəsi obrazları əslində öz dövrünün mühüm mövqeli, yetkin xarakterli prototipləridir. Rolun təqdimatının yaşarı təəssüratı isə rejissor və müəllif fikrinin tamamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Aktyorun məqsədini təsdiqləyən qətiyyəti, şux qaməti, intizamlı görünüşü, cəsur, vətənpərvər xüsusiyyətini təqdim edə biləcək potensialı peşəkar heyətin bir araya gəldiyi filmdə, kiçik planlı rolda belə görünməsinə zərurət yaradır. Kinoya uyğun gələn bu kimi xüsusiyyətlərinə görə də tamaşaçı aktyorun təqdimatındakı kiçik planlı rollarını belə vacib obraz kimi qəbul edir. Uğurlu kino personajları da aktyorun böyük kinoda tanınıb sevilməsinə zəmin yaradır.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-dan artıq filmdə irili- xırdalı rol oynayan aktyor “Babək” tarixi filmində Səhl ibn Sumbat, “İşarəni dənizdən gözləyin”də balıqçı, “Məhkumlar”da Cəfər həkim, “Sevinc buxtası”nda Asanov, “Qatır Məmməd”də Müllerin yavəri və başqa dolğun psixoloji rolları ilə peşəkarlığını təsdiqləyir.
Ekran obrazlarına böyük coşqu ilə nəfəs verən Ramiz Məlik dublyaj sahəsində də olduqca məhsuldar yaradıcılıq təqdim edib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə, eləcə də “Doğma sahillər” filmində kapitan Nəzərov (aktyor Ənvər Həsənov), “Şeytan göz qabağında” filmində sürücü (Təvəkkül İsmayılov), “Tütək səsi”ndə Tapdıq (Akif Məhərrəmov) və başqa rolları ifaçılar qədər ustalıqla səsləndirib, onlarla xarici filmin dublyaj olunmasında yaxından iştirak edib.
Əməkdar mədəniyyət işçisi, dublyaj rejissoru Arif Həbibinin dediklərindən: “Ramiz Məliklə dublyaja gəldiyim ilk vaxtlardan (1967), assistent kimi işlədiyim zamanlardan birgə çalışmışam. Olduqca aydın, fərqli, səlis diksiyaya, məlahətli səsə malik aktyordur. O zamanlar belə idi ki, aktyorlara mətni təqdim edirdik, oxuyub hazırlaşırdılar, bir neçə dəqiqədən sonra səsi birbaşa yazırdıq. Sənətinə çox hörmət edən, savadlı, tələbkar aktyorlarımızdandır. Onunla bir yerdə çalışmaq mənim üçün çox xoş idi”.
Sovet hökumətinin Bakı neftini mənimsəməsi, digər tərəfdən də ingilislərin “qara qızıl”ı ələ keçirmək üçün törətdikləri fitnə-fəsadlar “Sevinc buxtası” tarixi-inqilabi filmində yüksək bədii keyfiyyətlə əksini tapıb. Ekran əsərində bolşevik Asanovun (Ramiz Məlik) ölkədə gizli yaşayan keçmiş neft sahibkarlarının, həmçinin ingilis kapitalistlərinin neft səhmlərini ələ keçirmə cəhdlərinin qarşısını alması realist təqdimatda diqqətə çatdırılıb.
İctimai-siyasi (1920-ci illər) hadisələrin mərkəz xəttini bolşeviklərin var qüvvələri ilə dənizdən çıxarılan nefti ələ keçirmələri təşkil edir. Qanun keşikçisi olan Asanov da keçmiş sahibkarlardan ələ keçirdiyi maddi sərvətləri hökumətə təhvil verən, sovet quruluşuna can-başla xidmət göstərən bolşevikdir. Obrazın taleyini, mövqeyini düşündürərək yaşayan, inandırıcı təqdim edən aktyor rola uyğun qurduğu doğru mizanlarla personajı müvəffəqiyyətlə təqdim etməyə nail olub. Həmçinin “Qara gölün cəngavərləri” filmindəki zabit obrazı kifayət qədər dövrünün gərgin proseslərini tamaşaçıya fərqli boyalarla göstərib.
Aktyorun “Qatır Məmməd” filmindəki Müllerin yavəri obrazı kiçik planlı olsa da, çar siyasətinin istilaçı missiyasını göstərən personajdır. Aktyorun obrazın nitqinə (vəziyyətə əsasən) uyğunlaşdırdığı həyəcan, peşmanlıq, çaşqınlıq, xilas olma istəyi fərdi yaradıcılıq xüsusiyyəti ilə göstərilib. Tərəf-müqabili (Rasim Balayev) ilə olan dialoqda yüksək sənət nümayiş etdirməklə də hadisələrin gərginliyini artırıb, ekran təhkiyəsini yaradıb.
Bununla da o, kollektiv sənət növü olan kinonun vahid məqsədə yönələn cazibəsini bir daha təsdiqləyib. Böyük kinoda hər hansı bir rolun öhdəsindən bacarıqla gəldiyinə görə də rejissorların rəğbətini, tamaşaçıların sevgisini qazanıb.
“Bircəciyim” (1986) filmində aktyorun oynadığı müstəntiq rolu da uğurlu ekran personajıdır. Müstəntiq Yusifov həyatın acısını dadan, uşaq evində böyüyən Sarıköynəklə Valehə qarşı haqsız davranır. Sarıköynəyi əldə etmək üçün çirkin niyyətindən əl çəkmir. Lakin Sarıköynəyin dostlarının, xeyirxah insanların köməyi sayəsində haqq-ədalət öz yerini alır. Mühüm mesajlar verən kinodram vasitəsilə insan həyatının faciələrlə nəticələnmə səbəbi, həyatda baş verəcək neqativ halların başlanğıcı, üzücü nümunələri aktyorun özünəməxsus yaradıcılıq metodu ilə təhlil obyektinə çevrilir.
Kinoda həyat həqiqətləri, təbii ki, fərdi yaradıcılıq yolu və üsulu ilə əks olunur. Zəngin sənət təcrübəsi kinoda həyat üçün vacib olan mesajları verir. Mənfi obrazların ifşası cəmiyyətdə etik davranış qaydalarının tədqiqinə hesablanır, peşəkar yaradıcılıq bir növ metodoloji əhəmiyyət daşıyır.
Ramiz Məlikin kino yaradıcılığının uğuru da ekran hadisələrini gerçək həyat həqiqəti kimi təqdim etməsində, tipik keyfiyyət daşıyıcılarını (ekran obrazlarını) inandırıcı şəkildə tamaşaçıya qəbul etdirməsində, mənfi xarakterləri tənqid hədəfinə çevirməsindədir.
İnsanı və onu əhatə edən həyat həqiqətlərini kinoda gerçək aləmə çevirmək, inandırmaq kinonu yaratmaq, sənətkar olaraq yaşamaq və sevilmək deməkdir.
80 yaşlı yubilyara bir daha şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq, cansağlığı diləyirik.
Dövlət Film Fondu