Sentyabrın 5-də Kazanda XIX Müsəlman Kinosu Festivalı işə başlayıb. 2005-ci ildən Tatarıstan paytaxtını məkan etmiş bu festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Tatarıstan Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında keçirilir. Festivalın “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” şüarı altında çox maraqlı filmlər nümayiş olunur.
Zəngin proqramla kino bilicilərinin və kinosevərlərin görüşünə gələn builki festivalın “Tammetrajlı sənədli filmlər” müsabiqə proqramında “Azərbaycanın ziyalı ulduzu: Professor Tofiq İsmayılov” filmi iştirak edir. Filmin rejissoru Kamil Engindir.
Rejissor “Mədəniyyət” qəzetinin müxbirinə Xalq artisti Tofiq İsmayılovla tanışlığı barədə danışıb: “1994-cü ildə iş adamı Məhmət Tanrıseverin təşkil etdiyi kino kurslarına qoşulmuşdum. 20 yaşım var idi, İstanbul Universitetinin tələbəsi idim. Tofiq hocanı (müəllimi) ilk dəfə burada tanıdım. Bu kursun dinləyiciləri mədəni davranışı və zəngin həyat təcrübəsi ilə diqqətçəkən və çox sevimli bir ləhcəylə danışan təxminən 55 yaşlarındakı müəllimə qısa müddətdə öyrəşdilər. Tələbələrə qayğıkeş yanaşan, idealist və intizamlı şəxsiyyət olan müəllimimiz hər kəsin sevgisini qazandı. Bir neçə ay sonra Tofiq hocanın yazmaq istədiyi bir kitab üçün köməkçi aradığını eşitdim. Bir dostumla müəllimə dedik ki, bu işə həvəsimiz var və ona kömək etməyə hazırıq. 1995-ci ilin aprelindən başlayaraq onunla yaxından çalışmağa başladım. Tofiq İsmayılovun beşillik böyük zəhməti və yorulmadan çalışmasının nəticəsi olan “Türk cumhuriyetleri sinema tarihi” kitabı 2001-ci ildə çapdan çıxdı. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli kinosunun tarixindən bəhs edən bu kitab üzərində çalışmaq mənim üçün ikinci bir universitet təhsilinə bərabər oldu. Artıq bizim ata-oğul münasibətimiz vardı. Sonralar o, İstanbula gələndə mütləq görüşürdük. Tofiq hocanın vəfatından sonra İstanbul və Malatya kinofestivallarında onun xatirəsinə proqramlar həsr olundu, çəkdiyi filmlər göstərildi. Elə müəllimim haqqında sənədli film ideyası da o zamanlarda yarandı. Əsas niyyətim professor Tofiq İsmayılovu yaxından tanımış insanların gözü ilə göstərmək, onun sənətkar xislətini və əsərlərini yada salmaq idi. Çünki Tofiq hoca təkcə qardaş Azərbaycanın deyil, həm də Türkiyə mədəniyyətinin öncül simasına çevrilmişdi”.
Qeyd edək ki, “Azərbaycanın ziyalı ulduzu: professor Tofiq İsmayılov” filmində Azərbaycandan məhrum kinorejissor Eldar Quliyev, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, akademik Rafael Hüseynov, Xalq artistləri Oqtay Mirqasımov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Aydın Kazımzadə və Elxan Cəfərov, Türkiyədən Şənol Dəmiröz, professor Sami Şəkəroğlu, İhsan Qabil, Çətin Tunca, İrfan Çiftçi və Rasim Aşının müsahibələri yer alıb.