Həyatın inikası olan kino sənəti bəşəriyyətin ən böyük kəşflərindəndir. Mədəniyyətin bir neçə sahəsini özündə birləşdirən kinonun vacib xüsusiyyətlərindən biri də inandırma gücünə malik olmasıdır. Ekran kompozisiyasının mühüm komponentlərindən olan rəssamlıq sənəti hadisələrin reallığına imkan yaratdı, koloritini, baxımlılığını artırdı. Bu mənada filmlərin maraqla qarşılanmasında, uğur qazanmasında kino rəssamlarının rolu böyükdür.
Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq nümayiş etdirən peşəkar rəssam Ağanağı Axundov da sənətin fövqündə duran, ömrünün sonuna qədər məsləyinə sadiq qalan sənətkarlarımızdandır. Bir sıra filmdə (bədii və animasiya) rəssam və rejissor kimi çalışan Ağanağı Axundov işində daim peşəkarlıq nümayiş etdirib, çalışdığı filmlərin bədii həllini tapmasında xüsusi bacarıq nümayiş etdirib.
Ağanağı Axundov 1928-ci il oktyabr ayının 13-də anadan olub. Hələ kiçik yaşlarından rəssamlığa meyil göstərib. Sevdiyi sənətin sirlərinə daha dərindən bələd olmaq, bacarığını təsdiqləmək üçün Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssmlıq Məktəbinin rəngkarlıq şöbəsini bitirib (1956).
Rəssam kimi kinoda çalışmağa üstünlük verən gənc fırça ustası tamaşaçıların estetik zövqünün, dünyagörüşünün formalaşdırılmasında mütləq şəkildə iştrak etmək üçün rəssamlıq məktəbini bitirdikdən sonra Moskvaya gedib, orada “Soyuzmultfilm” studiyasının nəzdindəki ikiillik multiplikasiya rəssamlıq kurslarını (1961) bitirib. Həmçinin, “Soyuzmultfilm”in istehsalı olan “Canlı rəqəmlər”, “Hamam”, “Üç gombul” animasiya filmlərində rəssam-animator kimi işləyib.
“Soyuzmultfilm”də nəzəri və praktiki bilgilər qazanan rəssam kinoda çoxşaxəli fəaliyyət göstərmək, əsasən də animasiya filmlərində rejissor kimi çalışmaq istədiyinə görə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu yanında ikiillik Ali multiplikasiya kinosu quruluşçu rejissorluq kurslarını (1963) bitirib, “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. Bir neçə filmdə, o cümlədən, “Uzaq sahillərdə” müharibə dramında, “Onun böyük ürəyi” kinodramında, “Əsl dost” filmində rəssam assistenti kimi işləyib, “Matteo Falkone” filmində dekor rəssamı kimi çalışıb. “Sən niyə susursan?”, “İnsan məskan salır” bədii filmlərində geyim rəssamı, “Gecə qatarında qətl” filmində quraşdırılmış səhnələrin rəssamı işləyib. Rejissor kimi “Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları” elmi-kütləvi sənədli filmini çəkib. Filmdə texniki multiplikasiyadan geniş istifadə edib.
Onu da qeyd edək ki, Ağanağı Axundov yaradıcılıq potensialını və imkanlarını daha çox animasiya filmlərinin inkişafına sərf edib. “Azərbaycanfilm”in nəzdində olan animasiya sexinin bərpasında da böyük rolu olub. Burada rejissor kimi bir sıra animasiya filmi çəkib. Əsasən də xalq miniatürlərinin təsvir stilistikasına əsaslanaraq Azərbaycan tikmələrinin ornamentlərindən, naxışlarından istifadə edib. Azərbaycan miniatür sənətinə olan böyük sevgisinin təzahürü kimi XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin əsəri əsasında “Aslan və iki öküz” mikromultiplikasiya-aplikasiya filmini çəkib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında “Fitnə” (hər ikisi 1970) aplikasiya-animasiya filmini miniatür sənəti üslubunda ekranlaşdırıb.
Azərbaycan xalq nağılı əsasında “Pıspısa xanım və Siçan bəy” (1974, M. Pənahi ilə birgə), eləcə də böyük mənəvi-tərbiyəvi əhəmiyyətə malik, balaca tamaşaçıların təfəkküründə dərin iz buraxan “Cücələrim” (1980), “Sən belə cımbılısan” (1982, V. Məmmədovla birgə ssen.), “Sehrli naxışlar” (1984), “Yaz oyunları” (1989) animasiya filmlərini lentə alıb.
“Aslan və iki öküz” filmi 1972-ci ildə Ümumittifaq “Kaleydoskop-72” kino məcmuəsinə daxil edilib.
Dövlət Film Fondu