İncəsənətin əsas məqsədi cəmiyyətin intellekt səviyyəsini yüksəltmək, maarifləndirməkdir. Yüksək təfəkkürə malik insanların fərdi təqdimatları və yaradıcılıqları fonunda vacib mesajları ötürməsi, onların geniş dünyagörüşünün, ziyasının təcəssümüdür. Qazanılan hər bir uğurun cəmini intuisiyadan əlavə yaradıcılıq axtarışlarının, zəhmətin həcmi müəyyənləşdirir. Ruhdan, candan mayalanan orijinal sənət nümunələri sənətkarları yoxluqlarında belə yaşadır, unutdurmur.
Azərbaycan teatr, kino sənətində kiçikplanlı və epizod rolları ilə diqqət çəkən, ekran hadisələrində ovqat dəyişikliyi yaratmağa müvəffəq olan, personajların həyat mövqeyi, yaşam tərzi haqqında müəyyən təəssürat bağışlamağı bacaran, sərbəst manevr və jestlərinə görə mahir epizod rollar ifaçısı kimi tanınan Dadaş Kazımov da yaradıcılıq qismətinə düşən rollarını realist, səmimi ifası ilə yaddaşlara yazdı, yaradıcı heyətin istək və məqsədini təsdiqləyən sənət bilicisi kimi tanındı, rəğbət qazandı.
Dadaş Nadir oğlu Kazımov 1923-cü il oktyabrın 25-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) vokal fakültəsində üç il təhsil alıb (1949-1951). Bir müddət sonra Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, ömrünün sonuna qədər də orada işləyib (1957-1992).
Teatr aktyorlarının bacarığından məharətlə istifadə edən kino rejissorları aktyorun spesifik xüsusiyyətindən, səhnə görünüşündən, rolu qavramaq, orijinal təqdim etmək bacarığından yararlanaraq filmlərə və dublyaj studiyasına səsləndirməyə cəlb ediblər.
Aktyor dublyaj fəaliyyətinə 1958-ci ildən başlayıb, yerli və xarici filmlərin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak edib. “İnsan məskən salır” filmində neftçi, “Qanun naminə” kinodramında qoca; məhbus, “Bizim Cəbiş müəllim”də qaçqın, “Bir cənub şəhərində” filmində çəkməçi Davud, “Skripkanın sərgüzəşti” müharibə dramında Şkil, “Sən belə cımbılısan”da tısbağa və digər personajların xüsusiyyətlərini, vəziyyətə uyğun davranışlarını maraqlı diksiya və intonasiyada dəqiq ştrixlərlə təqdim edib. Bədii kinoda 50-dən çox filmdə çəkilən Dadaş Kazımov, həmçinin bir neçə “Mozalan” satirik kinosüjetində (“DHD”, “İki dəfə iki”, “Həmyerli”, “Güzgü” və s.) maraqlı çıxışları ilə satirik məzmunun aydınlaşmasına zəmin yaradıb.
Kinoda əsasən kiçikplanlı və epizod rollara dəvət alan aktyor, canlandırdığı hər bir ekran personajının kimliyini, şəxsi keyfiyyətini aydınlıqla göstərməyə müvəffəq olub, tərəf-müqabilləri ilə uğurlu yaradıcılıq tandemi yaradıb. “Ögey ana” kinodramında rəngsaz, “Əhməd haradadır?” kinokomediyasında komissiya üzvü, “Romeo mənim qonşumdur” kinokomediyasında pivə içən, “Uşaqlığın son gecəsi” filmində çəkməçi Əhməd dayı, “Qaraca qız”da nökər, “Avqust gələndə” filmində Ağakərim, “İstintaq”da çəkməçi, “Şərikli çörək”də qırçı, “Əgər bir yerdəyiksə” filmində Mehdi, “Gözlə məni” kinodramında Dadaş, “Var olun, qızlar…” kinodramında balıqtutan, “Nəsimi” tarixi-bioqrafik filmində Əli, “Yol əhvalatı” kinokomediyasında sərnişin, “Od içində” filmində kəndli, “Qara gölün cəngavərləri” filmində xəfiyyə, “Ötən ilin son gecəsi”ndə poçtalyon, “Pəncərə” filmində mağaza keşikçisi, “Qəzəlxan”da Mirzə Qədir, “Təhminə” filmində Məmmədnəsir və digər ekran əsərlərində kiçikplanlı rollar oynayıb. Hər bir rola uyğun maraqlı jest və davranışları ilə personajların yaddaqalımlı olmasına imkan yaradıb, ekran hadisələrinin məzmun tamlığına, tərəf-müqabillərinin məqsəd və məramının açılmasına təkan verib.
Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin aktyor haqqındakı fikirləri təsəvvürlərimizi daha da genişləndirir: “Azərbaycanın istedadlı aktyoru, İkinci Dünya müharibəsi veteranı Dadaş Kazımov hələ müharibədən əvvəl öz taleyini teatrla bağlamışdı və Bakıda müxtəlif teatrlarda çalışmışdı. Müharibədən qayıtdıqdan sonra da Musiqili Komediya Teatrında işləmişdi.
Teatrın səhnəsində irili-xırdalı rolların öhdəsindən bacarıqla gələn aktyor Azərbaycanın görkəmli teatr rejissorlarından Şəmsi Bədəlbəyli, Əliheydər Ələkbərov, Niyaz Şərifov və digərləri ilə çalışırdı. Teatr fəaliyyəti ilə yanaşı, kinoda da səmərəli fəaliyyət göstərirdi.
Dadaş Kazımov kinoda əsasən kiçikplanlı, epizod rollarda çıxış etdi. Kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Bağlı qapı”, “Park”, “İstintaq” filmlərindəki rollarını aktyorun parlaq kino obrazları hesab edirəm. Filmlərdəki yaşlı insanların obrazlarını rəngarəng çalarlarla təqdim edirdi. Mən onu ilk dəfə 1984-cü ildə “Mozalan” satirik kinojurnalında gözətçi roluna çəkdim. Baxmayaraq ki, rol kiçikplanlı idi, ekranda təxminən 1 dəqiqəyə yaxın görünürdü, amma duzlu-məzəli rolu ilə yaddaqalan obraz yaratdı.
Zəngin plastikaya, dərin daxili aləmə malik idi. Ona qapalı xüsusiyyətli insan da demək olardı. Eyni zamanda ünsiyyət yaratmağı da bacarırdı. Daxilində bir xeyirxahlıq hissi vardı və bu hiss onun rollarında öz əksini tapırdı. Mərd, ürəyiaçıq, təmkinli insan idi. Bu cəhəti personajlarında da hiss olunurdu.
“Cansıxıcı əhvalat” filmini çəkəndə, əsas rollardan birini, bağ qonşusu Əliheydər obrazını ona həvalə etdim. Onun oynadığı rol daxili gücə, psixologiyaya malik personaj idi. Filmdə Əliheydərin iri bir planı təsvir olunur. O, baxır, lakin heç nə demir. Rolun daxilində dərin bir kədər hiss olunur. Dadaş müəllimin mətni az idi, buna baxmayaraq, obrazın tənhalığını, daxilində olan faciəni ekranda çox məharətlə çatdırdı.
1991-ci ildə şair, dramaturq Rüfət Əhmədzadənin “Sonuncu məhəbbət” komediyasının motivləri əsasında “Şirbalanın məhəbbəti” filmini çəkdim. Dadaş Kazımov filmdə Şirbalanın əmisi rolunu oynadı. Onu da qeyd edim ki, filmdən əvvəl o, Musiqili Komediya Teatrının səhnəsində bu rolu oynamışdı. Yaxşı səsi vardı, gözəl vokal imkanlarına malik idi. Baxmayaraq ki, filmə çəkiləndə 60-dan çox yaşı vardı, bununla belə vokal partiyalarını özü ifa edirdi. Çox təbii, müdrik, rəngarəng bir obraz yaratdı. Hər dəfə filmə baxanda Dadaş Kazımovun rola yanaşması, obraz üzərində çalışması gözümün qarşısında canlanır.
Mən onu həmişə böyük məhəbbətlə xatırlayıram. Çox təvazökar, gözütox, heç kimin qapısını döyməyən, xahişə getməyən bir insan idi. Bir dəfə ondan soruşdum ki, Dadaş dayı niyə sizin haqqınızda veriliş hazırlamırlar. Dedi: “Nə bilim, axı mən gedim kimə deyim ki, məndən veriliş et”. Mən onda Azərbaycan Televiziyasında Ədəbi-dram redaksiyasının baş redaktoru Nahid Hacızadədən xahiş etdim ki, Dadaş Kazımov haqqında veriliş etsinlər. Həmin vaxtlarda Dadaş Kazımov haqqında əhatəli veriliş hazırlandı və efirə getdi.
Dadaş Kazımov zəngin daxili aləmə malik insan, yüksək fəxri adlara layiq olan bir aktyor idi. Təəssüflər olsun ki, rejissorlarımız onun daxili potensialını tam olaraq aça bilmədilər. Ona baş rolları verməyə ehtiyat edirdilər. Amma mən ona iki filmimdə kifayət qədər məsuliyyətli rollar tapşırdım. Həmin obrazların öhdəsindən də bacarıqla gəldi. Çox istedadlı, realist yaradıcılığa malik aktyor idi. Baxmayaraq ki, ömrü boyu teatrda çalışmışdı, onda teatr ştampları yox idi. Kino obrazlarını çox təbii, real canlandırırdı. Buna görə də oynadığı rolları onu bu gün də yaşadır, xatırladır.
O, 1992-ci ildə rəhmətə getdi. Bizim bundan xəbərimiz yox idi. Təxminən 8 aydan sonra eşitdik ki, Dadaş Kazımov dünyasını dəyişib. Çox təəssüfləndik. Allah ona rəhmət eləsin”.
Dövlət Film Fondu