Xalq artisti Zərnigar Ağakişiyevanın anadan olmasından 78 il ötür. Ömrünü Azərbaycan teatr, kino sənətinə həsr edən, maraqlı, rəngarəng obrazlar yaradan aktrisa artıq 5 ildir ki, aramızda yoxdur. Lakin böyük peşəkarlıqla təqdim etdiyi, filmlərdən, televiziya tamaşalarından izlədiyimiz maraqlı, məzmunlu obrazları aktrisanı dərin ehtiram və minnətdarlıq hissi ilə xatırlamağımıza səbəb yaradır.
Zərnigar Ağakişiyeva teatr və kino sənətimizin simasıdır desək, yanılmarıq. Onun Akademik Milli Dram Teatrının səhnəsində oynadığı yaddaqalan, baxımlı rolları, həmçinin kino obrazları mürəkkəb xarakterlərin toplusu, həssaslıqla cilalanmış, dəqiqliklə təhlil edilmiş psixologiyaların, davranışların cəmidir. Aktrisanın yaradıcılıq diapazonunun genişliyi istedadını, bacarığını müxtəlif aspektdə (teatrda, kinoda və teletamaşalarda) şaxələndirməsinə, sənət nailiyyətinin ardıcıllığına səbəb yaradıb.
Zərnigar xanım müsahibələrində sənətə təsadüfən gəldiyini etiraf etsə də, qismətinə yazılan məsləyinə vurğunluğunun sayəsində xalqın sevimlisinə çevrildi. Ələlxüsus da televiziya tamaşalarında oynadığı rolların daxili və xarici bənzərsizliyi, ifadə və jestlərin orijinallığı heyrətamizdir. Buna görə də onun adını televiziya tamaşalarının, eləcə də filmlərin titrlərində görəndə əsl sənət nümunəsini seyr edəcəyimizi, hər hansı bir həyat hekayəsinin inikasını izləyəcəyimizi yəqinləşdiririk. Bu isə minlərlə tamaşaçıya istedad sahiblərinin (müəllif və rejissorların) təfəkkür üsulunu diktə etmək, yüksək sənəti cəmiyyətin mənəvi ehtiyacına çevirmək deməkdir.
1973-cü il ildə rejissor Əşrəf Quliyevin dəvəti ilə Akademik Milli Dram Teatrında ilk rolunu oynayan (Aleksandr Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolu) aktrisa 1992-ci ildə bu teatrdan ayrılsa da, 1999-cu ildə yenidən teatrın yaradıcı heyətində fəaliyyət göstərməyə başlayıb, müəyyən fasilələrlə Milli Dram Teatrın səhnəsində maraqlı rollar yaradıb. Mədəniyyət məbədini həyatının ayrılmaz hissəsinə çevirən xanım burada sənətin bütün dərinliklərinə bələd olub, illərlə topladığı sənət təcrübəsini sonralar televiziya tamaşalarına, filmlərə sərf edib. Eyni zamanda Azərbaycan Televiziyasının hazırladığı ədəbi-bədii kompozisiyalarda çıxış edib, teletamaşalarda uğurlu rollar yaradıb. Yazıçı, dramaturq İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Atayevlər ailəsi” tamaşasında Dilşad xanım, “Sarıköynəklə Valehin nağılı”nda Ceyran xanım, yazıçı Anarın “Ötən ilin son gecəsi”ndə Həmidə xanım, Karlo Qoldoninin “Mehmanxana sahibəsi”ndə Mirondalina, Mövlud Süleymanlının “Kökdən düşmüş piano” tamaşasında qayınana, Üzeyir Hacıbəylinin əsəri əsasında hazırlanan “Ordan-burdan” tamaşasında Firuzə xanım, Altay Məmmədovun “Kişilər” komediyasında kolxoz sədri və digər televiziya tamaşalarında yaddaqalan obrazlarda çıxış edib.
Tamaşalardakı rolları xatırladıqca mürəkkəb, ziddiyyətli xarakterlər yada düşür, sənətin mahiyyəti dərk edilir, aktrisanın sənətə hopan varlığı minnətdarlıqla yad olunur. Zərnigar xanımın bütünlüklə daxili məninə sığdırdığı, həssaslıqla təhlil etdiyi (çoxluq təşkil edən) mənfi rollarını göz önündə canlandırdıqca başqalaşmasının, hətta mənfi rollarının mövqeyini müdafiə edərəkdən obrazları ustalıqla yaratmasının səbəbini yenə də sənətinə olan sonsuz məhəbbəti ilə əlaqələndiririk.
Həyatda zərif davranışa, xoş münasbətə mailk olan Zərnigar xanımın yaradıcılıq qismətinə daha çox hökmlü qadın rollarını yaratmaq düşüb. Obrazlarını sevərək yaradan aktrisa hər bir personajın yaşarı, real olmasına nail olub. Güclü sənət duyumu, zəngin səhnə plastikası, maraqlı jestləri, oynaq səs tembri rollarının dolğun alınmasına imkan verib. Xarakterlərə uyğunlaşdırdığı səs çalarları personajların məqsəd və niyyətini aydın göstərib, sentimentalizmdən, naturalizmdən bəhrələndiyi realist, romantik yaradıcılıq metodunu ustalıqla təqdim edib.
Aktrisa teatrı daha çox sevsə də, yaradıcılıq potensialından kinoya da pay bölüb. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-yə yaxın filmdə fərqli rollar yaradıb. “Mezozoy əhvalatı” filmində satıcı, “Dantenin yubileyi”ndə Xədicə, “Yol əhvalatı” kinokomediyasında Ədilə, “Özgə ömür”də Səkinə xanım, “Yaramaz”da qayınana, “Təhminə”də Zivər, “Fransız”da Zərnigar, “Nə gözəldir bu dünya”da həkim, “Yuxu” filmində Xurşud xanım və digər obrazlarda çıxış edib. Bundan əlavə, bir çox xarici və yerli filmlərdəki personajları peşəkarlıqla səsləndirib. Çeşidli rolları potensialını çoxplanlı şəkildə xarakterizə etməyə imkan verib.
Teatrda və kinoda ədəbi əsərlərin məzmununun tamamlanması Zərnigar Ağakişiyeva yaradıcılığının əsasını təşkil edirdi. Bu mənada qəliz xarakterli insan təbiətinin təhlili və tədqiqi onun yaradıcılığının məcmusudur. Kinorejissor Fikrək Əliyevin quruluş verdiyi “Yuxu” (2001) filmindəki Xurşud obrazı da qəliz xarakterlidir. Xurşud özündən razı, həyat yoldaşının nüfuzuna görə kimsəni saymayan, ədabaz bir xanımdır. Kasıb oğlan Əlabbasın adının qızının adı ilə birgə çəkilməsinə razı deyil. Həddən artıq aqressivlik nümayiş etdirərək sadə insanlar üzərində olan hökmranlığını, saymazlığını göstərir. İnsani duyğulardan, hissiyyatdan kənar olan bu xanım üçün bir anlayış mövcuddur ki, o da yalnız nüfuzlu insanlarla dil tapa, münasibət saxlaya bilməsidir. Filmdə Xurşud xanımla bağlı epizodlar çoxluq təşkil etməsə də, rolun həyat mövqeyi tamlıqla açılıb.
Aktrisa cidd-cəhdlə ekran personajlarının vacib cəhətlərini qabardıb, xarakterizə etməklə həyat üçün təhlükəli, insanlar üçün üzücü olan incə, vacib nüansları dəqiqliklə göstərib. Mənfi rolları ilə yanaşı sadə, səmimi, təvazökar personajların qəlblərə yol tapmasına da nail olub. Belə obrazlardan biri də kinorejissor Gülbəniz Əzimzadə və Anarın çəkdiyi “Dantenin yubileyi” (1978) filmindəki Xədicə roludur. Xədicə həyat yoldaşı, aktyor Kəbirlinskinin az məvacib almasından, nüfuz sahibi olmamasından narahatdır. O, sevib ailə qurduğu insanla olan xoşbəxtliyini kiçik məişət problemlərinin zəminində görməzdən gəlir, deyingənliyi ilə həyat yoldaşını bezdirir, evin rahatlığını pozur. Ancaq onu bir məsələ sakitləşdirə bilər ki, bu da həyat yoldaşının (Kəbirlinskinin) iş yoldaşları, tamaşaçılar tərəfindən sevilməsi, çıxışlarının alqışlarla qarşılanmasıdır. Axı o, aktyorluq sənətinin çətinliklə təşəkkül tapdığı (XIX əsrin sonları), sənət fədailərinin min bir əziyyətlə bu sənəti yaşatdığı vaxtlarda Kəbirlinskiyə vurulmuşdu. Filmin finalında sənətşünasın həyat yoldaşından müsahibə götürmək üçün evlərinə gəlişinə sevinən Xədicənin sevincinin yerə-göyə sığmadığını görürük. Nəhayət ki, Kəbirlinski haqqında məqalə yazılacaq, yaradıcılığı xatırlanacaq, sənət dostları ilə olan xatirələri dinləniləcək, ictimaiyyətə çatdırılacaqdı. Deməli, o, yanılmayıb. Teatrın yeni yarandığı vaxtlarda bu sənəti inkişaf etdirən həyat yoldaşı vacib məsləyin sahibidir, cəmiyyətin ona və sənətinə ehtiyacı var.
Həyat yoldaşına, onun məsləyinə olunan hörmət, diqqət Xədicənin ən böyük xoşbəxtliyidir. İnsan həyatı üçün önəmli olan incə məqamlar aktrisanın təqdimatında ustalıqla cilalanıb. Zərnigar Ağakişiyevanın bu və ya digər sənət uğurları həyat eşqinin gücünə, insanlara olan hörmətinə, sənətinə olan sonsuz sevgisinə görə qazanılıb, alqışlanıb, qəlblərdə iz salıb.
Dövlət Film Fondu