Azərbaycan kino salnaməsinə mühüm mövzulu, düşündürücü ekran əsərləri bəxş edən görkəmli kino rejissorlarımızdan biri də Kamil Rüstəmbəyovdur. İstedadlı rejissorun ustalıqla quruluş verdiyi ekran əsərləri kino sənətimizin inkişafına, həmçinin istedadlı aktyor nəslinin yetişməsinə imkan yaradıb.
İstedad Allah tərəfindən hər kəsə eyni paylanılır, deyirlər. Qalır onu vaxtında kəşf edib zəhmət müqabilində inkişaf etdirərək, həyatın mənasına çevirmək. Kamil Rüstəmbəyov da 1956-cı il fevralın 14-də Bakı telestudiyasında fəaliyyətə başladığı ilk günlərdən etibarən zəhmətkeşliyi, istedadı ilə kollektivin, rəhbərliyin hörmətini qazanmış, görkəmli ədəbiyyat, elm və incəsənət xadimlərinə həsr etdiyi verilişlərə, hazırladığı maraqlı konsert proqramlarına görə peşəkar televiziya rejissoru kim tanınmışdı.
Rüstəmbəyovun 1960-cı ildə quruluş verdiyi “Aygün” bədii televiziya filmini kino fəaliyyətinin başlanğıcı hesab etmək olar. Xalq şairi Səməd Vurğunun eyniadlı poeması əsasında veriliş (radiotamaşa) hazırlamalı olan rejissor nəticədə əsər əsasında bədii televiziya filmini çəkir. Çəkilişlər çox çətin şərtlər altında gerçəkləşsə də (iki il ərzində çəkilən film digər verilişlərdən imkan daxilində edilən qənaət hesabına başa gəlir), Kamil Rüstəmbəyov istədiyinə nail olur. Azərbaycanın ilk televiziya bədii filmini ekranlaşdırmaqla tərbiyəvi əhəmiyyətə malik poemanı bir daha tamaşaçıların ixtiyarına verir, hər ailənin sevimlisi olan film ərsəyə gətirir.
“Aygün” filmi ilə uğur qazanan K.Rüstəmbəyovun sonrakı yaradıcılığına beş bədii film (“Zəncirlənmiş adam”, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə), “Gözlə məni”), film-konsert (“Mahnı qanadlarında”) və bir sıra sənədli filmlər daxildir. Rejissorun işinə olan böyük məsuliyyəti, filmlərində etdiyi dəqiq aktyor seçimi ona ardıcıl yaradıcılıq nailiyyətləri qazandırırdı.
“Aygün” bədii televiziya filmi az aktyorlu iş olsa da, istər yığcam süjet xəttinə, istərsə də aktyorların təqdimatında rejissor və müəllif ideyalarını dolğun əks etdirdiyinə görə uğurlu ekran taleyi yaşadı. Xalq artistləri Nəcibə Məlikovanın, Həsənağa Salayevin, Rza Əfqanlının, Əməkdar artist Fateh Fətullayevin, istedadlı aktyor Gündüz Abbasovun və başqa aktyorların təqdim etdikləri koloritli obrazlar kino yaradıcılıqlarında mühüm yer tutan ekran personajları oldu. Bunu rejissor istedadının əsas amili kimi onun aktyorlarla işləmək bacarığına şamil etmək olar. Məhz bu mənada, əsasən də 1960-1970-ci illərdə fəaliyyət göstərən kinorejissorların peşəkarlığı, sənət biliciliyi sayəsində Azərbaycan aktyorları yerli, həmçinin ümumittifaq tamaşaçıları tərəfindən tanınırdı, sevilirdi.
Aktyorlarla ustalıqla işləmək bacarığına malik Kamil Rüstəmbəyova az aktyorlu filmlər təqdim ediləndə də imtina etməz, digər uğurlu filmləri kimi layiqli ekran əsəri olaraq təqdim edərdi. Ancaq təəssüf hissi ilə qeyd edək ki, belə bir peşəkar rejissora kino fəaliyyəti dövründə az film çəkmək nəsib olub. Bütün varlığı ilə məsləyinə bağlı rejissorun potensialından vaxtında istifadə edilməməsi isə təkcə onun yox, bütünlükdə Azərbaycan kinosunun itkisidir.
İşinə daim məsuliyyətlə yanaşan Kamil Rüstəmbəyov quruluş verdiyi hər bir filmi həyat həqiqətlərinə uyğun çəkməyə, yeni həyat uğrunda çarpışan, bacarığını təsdiqləməyə nail olan ekran personajlarını təqdim etməyə, milyonlara sevdirməyə nail olan vətənpərvər rejissordur. Etiraf edək ki, neçə-neçə nəslin tərbiyəsində Kamil müəllimin ibrətamiz təfəkkürünün, zəngin dünyagörüşünün məhsulu olan filmlərin rolu az deyil.
1967-ci ildə ekranlara çıxan “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi böyük rezonans doğurdu. Ata və oğulun mənəvi münaqişəsinə köklənən, yüksək əxlaqi dəyərləri, prinsipial vətəndaşlıq mövqeyini əks etdirən, ali vətənpərvərlik hissini təbliğ edən filmdə işlədilən bir çox ibrətamiz fikir və ifadələr düşüncələrdə iz saldı. Vətənpərvərlik ideyası Fərruxun (aktyor Şahmar Ələkbərov) simasında bütün amillərdən üstün irsiyyət kimi təqdim olundu, seyrçilər tərəfindən məmnuniyyətlə qəbul edildi. Həmin vaxtda hərbi xidmətdən yeni tərxis olunan Şahmar Ələkbərovun kinodakı ilk rolu yaradıcılıq uğurunun da başlanğıcı oldu. Kinoya yeni gələn istedadlı gənc kamera qarşısında ilk dəfə görünməsinə baxmayaraq, dramatik yüklü rolun təfsirində tamaşaçını gərgin situasiyalı mövzuya hakim kəsilməyə vadar etdi, tərəf-müqabili olan böyük teatr və kino aktyoru Rza Əfqanlı ilə sənət duetinə çıxaraq mübariz mövqeli aktyor kimi yaradıcılığını təsdiqlədi. Bu isə bilavasitə rejissor taktikasına uyğunlaşdırılmış oyun nümayişi, sənət təntənəsidir. Şahmar Ələkbərov kimi Azərbaycan kinosuna böyük nailiyyətlər bəxş edən digər sənətkarların ardıcıl kino yaradıcılığının uğurunun səbəbkarı olaraq Kamil Rüstəmbəyovun Azərbaycan kinosuna verdiyi töhfələri görməmək, qeyd etməmək mümkün deyil.
Rejissorun tarixi-inqilabi janrda çəkdiyi “Axırıncı aşırım” və “Gözlə məni” filmləri dövrün ideoloji prinsipləri əsasında ekranlaşdırılsa da, filmlərdə bir çox qorxmaz, mərd xarakterli obrazlar, vətənin azadlığı uğrunda canını əsirgəməyən, insanların həyat şəraitinin yaxşılaşması üçün narahat olan personajlar diqqət çəkir. Ekran hadisələrinin kinematoqrafik həlli sovet hakimiyyətinin, bolşevik hökumətinin qurulması prinsiplərinə hesablansa belə, ekran hadisələrinin peşəkar həllində yaxın keçmişə aid hadisələrdəki qəhrəmanlığı, milli adət-ənənələrimizi də görə bilirik.
Kamil Rüstəmbəyovun böyük şövqlə çəkdiyi istər sənədli, istərsə də, bədii filmlər hər biri sənətə bağlılığını, elinə-obasına olan hədsiz sevgisini dönə-dönə təsdiqləyir, sübut edir.
Dövlət Film Fondu