Xalq artisti Gülşən Qurbanova xarakterik rollar ifaçısı kimi yaddaşlarda iz salan, unudulmayan, xatirəsi daim əziz tutulan aktrisalarımızdandır. Uzun illər Gənc Tamaşaçılar Teatrının səhnəsində, kinoda, televiziya tamaşalarında bənzərsiz rollar canlandıran aktrisanın sənətdə peşəkarlıq nümayiş etdirməsi sənətkar ailəsində doğulmasından (19.12.1950), böyüməsindən, yaradıcı mühitdə tərbiyələnməsindən irəli gəlirdi. Gülşən Qurbanovanın atası Xalq artisti Ağadadaş Qurbanovun Azərbaycan teatr, kino sənətinin inkişafında rolu əvəzsizdir. Sənətin sehrli aləminə hələ uşaqlıq illərindən düşən gələcəyin məşhur aktrisası imza atdığı hər rolunu inandırıcı təqdim etdi, hələ tələbəlik illərindən tələbə və müəllim heyətinin, daha sonra geniş tamaşaçı auditoriyasının rəğbətini qazandı.
Gülşən Qurbanova Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini 1974-cü ildə bitirib, Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan tamaşalarda rəngarəng obrazlar yaradıb, paralel olaraq televiziya tamaşalarında, kinoda yaddaqalan rollar təqdim edib. Aktrisanın personajların həyat mövqeyinə uyğunlaşdırdığı jest və xüsusiyyətləri rolların yadda qalımlı olmasına, tərəf-müqabilləri ilə maraqlı yaradıcılıq tandemi yaratmasına imkan yaradıb. Aydın diksiyaya, gur səsə, şaqraq gülüşə malik aktrisa hər bir obrazının fərdi cizgilərini, vəziyyəti şərh edən xüsusiyyətini maraqlı improvizələrlə təqdim edib, maraqlı tapıntıları ilə rolların inandırıcılığına, dolğunluğuna zəmin yaradıb.
Aktrisanın kinoda debütü görkəmli kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Ad günü” (1977) filmindəki Şeyda roludur. Rol kiçikplanlı olsa da, personajın inandırıcı davranış və dialoqu hadisələrinin axıcılığını, inandırıcılığını təmin edir. Bundan sonra o, “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novellada Güldəstə rolunda çəkilib, çoxuşaqlı ananın zəhmətkeş, ailəcanlı xüsusiyyətlərini maraqlı, orijinal səpkidə çatdırıb.
Filmdəki hadisələr Azərbaycan kəndlərinin birində baş verir. Bostançı Fazilin (Kamil Məhərrəmov) ailəsində 11 uşaq böyüyür. Həyat yoldaşı Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Günlərin birində 11 uşaq böyütdüyünə görə Güldəstəyə mükafat verilir və avtomobil hədiyyə olunur. Qonşuları müğənni Səfər (Ramiz Əzizbəyli) avtomobili ona satmağı və daha çox qazanc əldə etmək üçün onunla toylara getməyi məsləhət görür. Xülyalara düşən Fazil daha bostançı işləmək istəmir və onda ailəsinə qarşı biganəlik yaranır. Buna görə də Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir. Fazil evinə və işinə qayıdır.
Filmin ana xəttini övladlarına və həyat yoldaşına qarşı daim diqqətli olan Güldəstənin ailədə yarana biləcək xoşagəlməz halların qarşısını vaxtında alması, ailə tamlığını qoruması təşkil edir. Daim ailə-məişət problemləri ilə məşğul olan ana övladlarına böyük qayğı ilə yanaşır, ailənin sabitliyini qoruyur. Həssaslığı və ağlı sayəsində vaxtında ailə münasibətlərinin gərginləşməsinin, hadisələrin dramatikləşməsinin qarşısını alır.
Aktrisanın ailədaxili vəziyyəti agah edən jest və xüsusiyyətləri, hadisələrə, həyat yoldaşına qarşı olan münasibəti orijinal priyomlarla çatdırılır, mövzuya qarşı maraq doğurur, mövzunun mahiyyətinin aydınlıqla şərh edir.
Gülşən Qurbanovanın yaradıcılıq imkanları geniş olsa da, təəssüflər olsun kinoda ona yalnız kiçikplanlı və epizod rollar qismət olub. Bundan sonra aktrisanın “Anlamaq istəyirəm” filmində oynadığı rəfiqə, “Balıq günü” filmindəki Əbdüləlinin arvadı, “Bir axşam…” filmində qonaq, “Cin mikrorayonda” kinokomediyasında Dəmirovun arvadı, “Qoca palıdın nağılı” filmində Sona, “Mən mahnı qoşuram” musiqili uşaq komediyasında canlandırdığı sədrin arvadı və digər rolları sənət bilgisinin təzahürü, zəngin müşahidə qabiliyyətinin təsdiqidir.
Aktrisanın maraqlı ekran personajlarından biri də “Bayquş gələndə…” filmindəki Ədilə roludur. Lirik-psixoloji kinodramda hadisələr Abşeronun qəsəbələrindən birində cərəyan edir. Yay tətili günlərində dənizin sahilində dincələn ailələrdən biri Ədilənin ailəsidir. Onun həyat yoldaşı Rəşid (Həsənağa Turabov) varlı iş adamıdır. O, qonşularının bağ evlərini alıb öz torpaq sahəsinə qatmaq, insanlardan yalnız öz mənfəəti üçün yararlanmaq, istifadə etmək fikrindədir. Həddən artıq pula həris olan Rəşid bağ qonşusu, yazıçı Kamilin (Vidadi Əliyev) ailəsinə də nifaq salır. Bundan duyuq düşən Ədilə özünü alicənab kimi göstərən ərinin iç üçünü açıb göstərir. Xeyirxah insan kimi görünməyə çalışan Rəşidi ifşa edir. Üsyankar xüsusiyyəti ilə də bədniyyətli insanların cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu, xeyirxah, xoşniyyətli adamların qiymətini zamanında bilməyin zəruriliyini açıqlayır. Rolun təfsirində rejissor fikrini təsdiqləyir, filmin ideya xəttini şərh edir.
Hər bir rolunu fərqli cizgilərlə təqdim edən aktrisa komediya janrının bilicisi kimi də “Mozalan” satirik kinojurnalı üçün çəkilən bədii süjetlərdə maraqlı obrazlar yaradıb (“Günlərin bir günü…”, “İntizam”, “İşgüzar adamlar” və s.), düşüncə və davranışlarına görə gülüş doğuran prototipləri qınaq hədəfinə çevirib.
Müxtəlif mövzulu televiziya tamaşalarında canlandırdığı Mahnur (“Bağdada putyovka var…”), Gözəl (“Mənim günahım”), Pəri (“Ordan-burdan”), Tahirin arvadı (“Evləri köndələn yar”) və digər rolları yaradıcılıq imkanlarını bir daha təsdiqləyib, dramatik rollarla yanaşı komik obrazların da öhdəsindən bacarıqla gəldiyini sübut edib.
Ömrünün son illərində filmlərə dəvət almayan, teatrdan uzaqlaşan aktrisa müxtəlif telekanallarla əməkdaşlıq edib. Azərbaycan Televiziyasının “Gəlin, birlikdə gülək” adlı layihəsindəki çıxışları, duzlu-məzəli söhbətləri ilə tamaşaçların sevgisini qazanıb. ANS-də “Qaynar qazan”, “Lider” telekanalında “Mikser” verilişinin aparıcısı kimi tanınıb. 2006-cı ilin 17 noyabr tarixində televiziya proqramlarının birindən evinə gedərkən üçüncü dəfə qəfildən infarkt keçirərək 56 yaşında dünyasını dəyişib.
Gülşən Qurbanovanın xatirəsi sənətsevərlər üçün həmişə əzizdir. Aktrisanın filmlərdə, televiziya tamaşalarında canlandırdığı rollarını hər dəfə izləyəndə vəziyyəti şərh edən yaradıcılığı sənətə vurğunluğunu, bağlılığını, fərqliliyini təsdiqləyir, sənəti alqışlanır, xatirəsi hörmətlə anılır.
Dövlət Film Fondu