Ədiblərimiz haqlı olaraq teatrı və kinonu həyat məsələlərinin həlli üçün ən yaxşı vasitə adlandırıblar. Sənətə gələn, həyat haqqında düşüncələrini, təfəkkürünü, dünyagörüşünü səhnə və ekran vasitəsilə bizlərə çatdıran, çoxşaxəli yaradıcılıq nümayiş etdirən sənətkarlarımızın yaradıcılıqları məhz bu mənada ibrətamizdir, unudulmazdır.
Görkəmli gülüş ustası, respublikanın Xalq artisti Eldəniz Zeynalov da bədii kinoda, televiziya tamaşalarında, həmçinin “Mozalan” satirik kinojurnalının süjetlərində bənzərsiz yaradıcılıq nümayiş etdirib, rəngarəng, özünəməxsus üslubda təqdim etdiyi yaradıcılığında tənqid hədəfinə çevirdiyi personajlara tamaşaçıları ürəkdən güldürüb, məntiqli, mənalı gülüşü fonunda da düşündürüb. Sənəti və şəxsiyyəti hər zaman əziz tutulan sənətkarımızın anadan olmasının 87-ci ildönümündə (01.01.1937) xatirəsini dərin ehtiramla yad edirik.
Sənətə hələ uşaq yaşlarından həvəs göstərən Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də Bakıda yuxarı dağlı məhəlləsində, Abdulla Şaiq küçəsində hərbçi ailəsində dünyaya gəlib. Xalq şairi Səməd Vurğun təsadüf nəticəsində onların ailəsində qonaq olub. Yeni doğulan körpəyə Eldəniz adını verib. Gələcəyin məşhur aktyorunun sənətə olan sevgi qaynağı isə qohumu, respublikanın Xalq artisti Həsənağa Salayevin yaradıcılığı olub. Aktyorun xatirələrindən: “Mənim sənətdəki bütün müvəffəqiyyətlərimin əsas səbəbkarı Xalq artisti Həsənağa Salayevdir. Hər dəfə dayımın teatr sənəti haqqındakı söhbətlərinə qulaq asanda sanki sehrlənirdim. Mən evdə onun rol üzərində necə işlədiyinə heyranlıqla tamaşa edirdim. Sən demə, o da ürəyimdən keçənləri duyubmuş. Bir dəfə dayım məni yanına çağırıb dedi ki, Eldəniz, sənə bir rol tapşırsaq, öhdəsindən gələ bilərsənmi? Gözləmədiyim bu sual məni bərk çaşdırdı. Nə deyəcəyimi bilmədim. Lakin bir neçə gündən sonra mən artıq teatrda idim”.
Sənət vurğunu olan aktyor teatr fəaliyyətinin ilk illərindən etibarən səhnə korifeylərindən M.A.Əliyev, S.Ruhulla, M.Davudova, Ə.Ələkbərov kimi aktyorlarla səhnəyə çıxıb, onlarla tərəf-müqabil olub. “Sevil” tamaşasında Gündüz, “Türkiyədə” tamaşasında qəzet satan oğlan rollarında çıxış edib. Bu kiçik rollar onun həyatında unudulmaz hadisəyə çevrilib və məslək seçimində dəqiq qərar verməsinə səbəb olub.
Xalq artisti Ağadadaş Qurbanov Dəmiryolçular klubunda dram dərnəyinə rəhbərlik etdiyi vaxtlarda Eldəniz Zeynalov bir çox tanınmış sənət adamları kimi həmin dərnəyin üzvü olub, ustad sənətkarın peşə sirlərindən bəhrələnib. Sonrakı çoxşaxəli yaradıcılığında dərindən bələd olduğu sənət bilgisinə ilkin olaraq burada yiyələnib. 1961-ci ildə sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə verib. Həmin ildə instituta daxil olan gənc sənətsevər burada görkəmli səhnə ustası, SSRİ Xalq artisti Adil İsgəndərovun sinfində təhsil alıb.
Tələbəsinin bacarığını görən sənət müəllimi (Adil İsgəndərov) onu Dram Teatrına işə dəvət edib. Eldəniz Zeynalov teatrdakı fəaliyyəti dövründə 100-dən artıq tamaşada çıxış edib. Kinoda debüt rolunu “Əhməd haradadır?” filmində oynayıb, rəngsaz Əhməd obrazını canlandırıb.
Nikbin əhval-ruhiyyəli rolun xarakterinə uyğunlaşdırdığı gülüşü, danışıq tərzi, baməzə jest və mimikaları rola uğur gətirib, filmin axıcılığına, hadisələrin dinamikliyinə şərait yaradıb. Filmin rejissoru Adil İsgəndərovun müsahibələrinin birində aktyor haqqındakı qeydləri diqqətimizi çəkir: “Bu kino əsərində Eldənizin öz yeri var. O, verdiyimiz mizanın öhdəsindən bacarıqla gəlib. Mən “Əhməd haradadır?” filmini Eldənizsiz təsəvvür etmirəm”.
Bu filmdən sonra aktyorun kinoda davamlı və uğurlu fəaliyyəti başlayıb. 30-dan artıq filmdə, həmçinin “İyirmialtılar” tarixi-inqilabi filmində komissar Vəzirov, “Yaşamaq gözəldir, qardaşım” romantik kinopovestində Mustafa Sübhi, “O qızı tapın” detektiv filmində Səyavuş, “Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasında Eldəniz, “Mən mahnı qoşuram” uşaq filmində sədr, “Qızıl uçurum” melodramında Nuru bəy və digər ekran əsərlərində irili-xırdalı maraqlı obrazlar yaradıb. Kinoda ilk böyük rolu “Bir cənub şəhərində” sosial kinopovestində Tofiq obrazı olub.
Mürəkkəb mövzulu, kəskin süjetli filmlərdə obrazlarını yüksək sənətkarlıq keyfiyyəti ilə təqdim edən aktyor “Bizim Cəbiş müəllim” hərbi kinopovestində Qulam rolunu filmin dramatik yükünü yumşaldan mizanda canlandırmağa, orijinal tərz nümayiş etdirməyə nail olub, personajı hafizələrdə yaşadıb. Rol kiçik həcmli olsa da, Eldəniz Zeynalovun ifasında təbii, canlı, koloritlidir. Ümumuyyətlə, aktyorun istedad və zəhmətinin, sənət bilgisinin məhsulu olan kino obrazları inandırıcıdır, yaşarıdır, dolğundur.
Bundan əlavə böyük istedada malik aktyor “Yeddi oğul istərəm” tarixi inqilabi filmində kəndli Kazım, “Həyat bizi sınayır” kinopovestində Məsi, “Yol əhvalatı” kinokomediyasında şikayətçi, “Babamızın babasının babası” kinokomediyasında həkim, “Əzablı yollar” nağıl filmində Div və digər personajları böyük həvəs və fərqli çalarlarla yaradıb. Kinoda əsasən, komik rollara dəvət alan istedad sahibi teatrda oynadığı dramatik rolların da öhdəsindən ustalıqla gəlib, fərqli xarakterli obrazları böyük şövq və coşqu ilə yaradıb.
Azərbaycan teatr, kino sənətində özünəməxsus dəst-xəttinə, fərdi yaradıcılıq üslubuna görə seçilən Eldəniz Zeynalovun xatirəsi sənətsevərlər üçün həmişə əzizdir, sənəti ucadır, unudulmazdır.
Dövlət Film Fondu