Azərbaycan kinosunda yaddaqalan obrazları ilə seçilən Ələsgər İbrahimov (30.01.1943) kinonun məşhurlaşdırdığı aktyorlarımızdandır. Adı çəkiləndə göz önündə xarakterik rolları canlanan aktyor, yaradıcılıq qismətinə düşən rollarının həyat mövqeyini dəqiq çatdırıb, rejissorların ideyasını realist təqdimatında təsdiqləyib, çoxsaylı tamaşaçı rəğbəti qazanıb, yoxluğunda belə adı rəğbətlə xatırlanıb, xatirəsi hörmətlə anılıb.
Uşaqlıq və yeniyetməlik dövrü ağır illərə təsadüf edən gələcəyin məşhur aktyoru orta məktəbi bitirdikdən sonra Dövlət Neft İnstitutunda (indiki ADNSU) təhsil alıb. Maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Görkəmli kinorejissor Arif Babayevlə tanışlığından sonra həyatını bütünlüklə kinoya bağlayıb. Kinostudiyada mühəndis işləyib, paralel olaraq filmlərdə çəkilib. Görkəmli rejissor Adil İsgəndərovun kinostudiyanın nəzdində açdığı kinoaktyor kursunda təhsil alması onun kino fəaliyyətinin püxtələşməsinə səbəb olub.
Epizod rolları ilə belə yaddaşlarda qalan Ələsgər İbrahimov Azərbaycan kinosu üçün bir tapıntı idi. Aktyorun kinoda debüt rolu kinorejissor Rüfət Şabanovun quruluş verdiyi “Liftçi qız” (1966) kinonovellasında (çimərlikdəki gənc) olub. Bundan sonra o, Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində Ramiz Ağayev obrazını yaradıb. Ekran qəhrəmanının fərdi xüsusiyyətini, bəzən çılğın, bəzən ciddi, mərd, qürurlu, zəhmətkeş cəhətlərini ustalıqla canlandırıb. Obrazın daxili aləmini, ətraf mühitə, həmkarlarına olan münasibətini orijinal üslubda, dəqiq ştrixlərlə göstərib.
Ramiz Moskvada ali təhsilini yarımçıq qoyaraq Neft Daşlarında işləməyə gəlib. Bu istəyini dostu ilə dialoqunda (“anladım ki, elmin Ramiz Ağayevə ehtiyacı yoxdur”) izah edir. Neft mühəndisi kimi yeni təyin olunduğu briqada üzvləri isə onu qəbul etmək və dənizdə həlak olan dostları Cavadın əvəzləyicisi kimi görmək istəmirlər. Çətinliklərdən qorxmazlığı, əzmkarlığı Ramizin briqada üzvlərinin rəğbətini qazanmasına səbəb olur, qərarının doğruluğunu təsdiqləyir.
Realist yaradıcılığı fonunda obrazın qəliz xüsusiyyətlərini, həyat amalını dəqiqliklə çatdıran aktyor personajın düşüncə və psixologiyasını xarakter səviyyəsində təqdim edib. Bu mənada yaradıcılıq artistizmdən əlavə intuitiv yanaşma, psixoloji hazırlıq tələb edir. Ələsgər İbrahimovun şəxsi keyfiyyətlərindən doğan müəyyən fərqli cəhətləri də rolun xarakteri ilə üst-üstə düşməsinə, personajın inandırıcı alınmasına zəmin yaradıb.
Sənətdə istedad, xarici görünüşlə bərabər daxili zənginlik çox önəmlidir. Ələsgər İbrahimovu tamaşaçılara sevdirən mühüm səbəblərdən biri də özünəməxsus mimika və jestlərlə personajların daxili aləmini, istək və düşüncələrini məharətlə çatdırması idi. Aktyor bu kimi xüsusiyyətləri personajların reallığına, qəbul olunaraq sevilməsinə səbəb olurdu. Ovçu (“Bizi dağlarda axtarın”), Kamil (“Torpaq. Dəniz. Od. Səma”), bolşevik (“Ömrün ilk saatı”), kapitan Cabbarov (“Arxadan vurulan zərbə”), Əlimərdan (“Dvorjakın melodiyası”) kimi personajlar aktyorun orijinal təqdimatında ekran hadisələrinin məzmununu tamamlayır, mahiyyətini çatdırırdı.
“Yeddi oğul istərəm…” filmindəki Zalımoğlu obrazı xüsusilə diqqət çəkir. Kiçikplanlı rolun filmin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradan aktyorun rola fərdi münasibəti, yanaşma tərzidir.
Ötən əsrin inqilabi-tarixi hadisələrindən bəhs edən filmdə Zalımoğlunun daim narahat, düşüncəli davranışı, məntiqli sualları tamaşaçı diqqətini hadisələrin məğzinə yönəldir. Siyasi-ideoloji mübarizədə insanların bir-birinin qanına bais olması, qardaş qanının (vətəndaş müharibəsi) nahaqdan axıdılması vurğulanır. Siyasi münaqişə kontekstində Zalımoğlu kimi gənclərin puç olmuş həyat hekayəsi məntiqli nüanslarla şərh edilib, filmin ümumi ideyası ətraflı şəkildə təsdiqini tapıb.
Ələsgər İbrahimovun realist yaradıcılığı ilə yanaşı, romantik aktyor məktəbinə aid xüsusiyyətləri kinorejissor Nazim Abbasın quruluş verdiyi iki filmdə təsdiqini tapıb. İstər İkinci Dünya müharibəsi illərində yaralı azərbaycanlı əsgərin başına gələn hadisələr (“Dvorjakın melodiyası”), istərsə də Daşkəsən dağlarında geoloq Leyla ilə təsadüfən rastlaşan ovçunun qısa həyat hekayəsi (“Bizi dağlarda axtarın”) aktyorun tərəf-müqabilləri ilə olan yaradıcılıq həmrəyliyi, doğru mizanlanmış təqdimatı fonunda bitkin fikir və mesaj olaraq qəbul edilir. Hər iki filmdəki azsözlü personajın xarakterik cizgiləri, fərdi cəhətləri mövcud vəziyyətə uyğunlaşmış şəkildə, səmimi ifada təqdim edilir. Rejissorlarla yaradıcılıq dostluğunun sübutu olan rolları aktyorun kinoya daxilən bağlılığını bir daha təsdiqləyir.
Ələsgər İbrahimovun müsbət fərdi keyfiyyətləri, işini sevməsi onu həmkarlarının, tamaşaçıların sevimlisinə çevirdi. Kinoda az çəkilməsi təəssüf doğuran aktyor digər filmlərdə rol almasaydı belə, təkcə Ramiz Ağayev obrazı ilə yaddaşlarda yaşayacaq, kinomuzun unudulmaz siması kimi xatırlanacaqdı.
Kinostudiyanın sevimli sakininin bəxti bir də onda gətirdi ki, filmlərdə canlandırdığı ekran personajlarını Həsənağa Turabov (Ramiz), Kamal Xudaverdiyev (Cabbarov), Həsən Əbluc (Kamil), Əliabbas Qədirov (bolşevik) kimi görkəmli sənətkarlar səsləndirdi, sevgi ilə yaratdığı rollarını ikiqat sevdirdi.
Kino istedadları sevir, yaddaşlara yazır. Ələsgər İbrahimovun məzmunlu, maraqlı ekran personajları da şəxsiyyətini unutdurmamağa, xatirəsini daim əziz tutmağa zəmin yaradır.
Dövlət Film Fondu