“Qarabağ” futbol klubundan bəhs edən “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi baş tutub.
Heydər Əliyev Mərkəzində təşkil edilən təqdimat gecəsində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, ölkənin idman ictimaiyyəti iştirak ediblər.
Film “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalıdır. Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev,Nazim Hüseynov, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.
2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan “Qarabağ” futbol klubuna həsr olunub. Yaradıldığı Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra qaçqın durumuna düşən komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib.
Ekran əsərində klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addım-addım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.
Üç seriyadan ibarət film “Qarabağ” komandasının hekayəsidir.