Azərbaycan kinosunda bir sıra maraqlı ekran obrazları yaradan istedadlı aktyor Məmmədsadıq Nuriyevin 105 illik yubileyidir. Uzun illər müxtəlif teatrların səhnəsində (İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı) maraqlı rollar ifa edən aktyor dolğun xarakterlər canlandırdığına, geniş tamaşaçı auditoriyasının rəğbətini qazandığına görə az müddət ərzində görkəmli kinorejissorların diqqətini çəkib, filmlərinə dəvət alıb.
Ötən əsrin 50-ci illərinin sonlarından etibarən filmlərə çəkilən aktyora əsasən kiçikplanlı və epizod rollar həvalə olunub. Bununla belə, sənət təcrübəsinə malik olduğuna görə hər bir rolun mahiyyətini, səciyyəvi xüsusiyyətini dolğunluqla çatdırmağa, tərəf-müqabillərinin ona olan münasibətini aydınlıqla göstərməyə müvəffəq olub. Kinosevərlərin yaddaşına maraqlı rollar ifaçısı kimi həkk olunan aktyorun ekran obrazları bu mənada tutumlu və unudulmazdır.
Məmmədsadıq Nuriyevdən danışanda, ömür yoluna nəzər salanda yaradıcılıq keyfiyyətləri ilə yanaşı, Azərbaycan teatr, kino sənətinin keşiyində duran xələfi, Xalq artisti Yaşar Nurini xatırlamamaq, xarakterik rollarını göz önündə canlandırmamaq mümkün deyil. Hər iki sənətkarın sənət ulduzu bu gün də parlaqlığını qoruyub saxlamaqda, qəlblərə süzülən işartısını, hənirtisini qorumaqdadır. Allah hər ikisinə rəhmət eləsin.
Məmmədsadıq Qafar oğlu Nuriyev 1919-cu il 5 mart tarixində Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. Atası onu təhsil alması üçün 1928-ci ildə Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbinə qoyub. Orta təhsilini başa vurduqdan sonra 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Aktyor sənəti dərsini dövrünün məşhur aktrisalarından olan Fatma Qədridən alıb.
Teatr məktəbini 1937-ci ildə bitirən gənc aktyor Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. Səkkiz ilə orada aktyor kimi fəaliyyət göstərdikdən sonra Gəncə Dövlət Dram Teatrında çalışıb. 1956-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında işləməyə başlayıb.
Həyat hadisələrini, insan münasibətlərini dolğunluqla təcəssüm etdirən, təqdirəlayiq xüsusiyyətlərin vacibliyini önə çəkən, təbliğ edən, zəngin repertuar çərçivəsində böyük aktyor məktəbi yetişdirən teatr, sənət fədailərinin geniş təcrübə toplamasında mühüm rol oynayır. Müxtəlif mədəniyyət ocaqlarındakı fəaliyyəti Məmmədsadıq Nuriyevin də kino ailəsinin sevimli üzvünə çevrilməsinə, tez bir zamanda tanınmasına imkan yaradır.
Kinoda debüt rolunu (vəzir) görkəmli kinorejissor Hüseyn Seyidzadənin (Yan Fridlə birgə) çəkdiyi “Doğma xalqıma” (1954) bədii-sənədli filmində ifa edən aktyorun yaradıcılıq imkanlarını bəyənən Seyidzadə bundan sonra onu quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediysına (bazardakı adam) dəvət edib. Daha sonra korifey kinorejissorların filmlərində ardıcıl olaraq çəkilən aktyorun fərqli jest və üslubda canlandırdığı rolları yaradıcılıq imkanlarını təsdiqləyib, onu əsasən də kiçikplanlı rolların mahir ifaçısı kimi tanıdıb.
Müxtəlif dövr hadisələrinin məzmununu dərindən qavrayan, personajların həyat mövqeyini, vəziyyətini incəliklə cilalayan Məmmədsadıq Nuriyevin maraqlı kino obrazlarından olan Səməndər (“Axırıncı aşırım”), fəhlə Əhməd (“Əhməd haradadır?”), Kosa Səfər (“Koroğlu”), Sərrafzadə (“Qanun naminə”), tacir (“Sehrli xalat”), Məmmədəli bəy (“Sevil”), arıq (“Sən niyə susursan?”), Səlim (“Tütək səsi”), Bayram (“Ulduz”), Davud (“Uşaqlığın son gecəsi”), Kosa (“Yeddi oğul istərəm…”) və digər ekran personajları həyat mövqeyini müəyyənləşdirən, hadisələrdəki iştirak səbəbini dəqiqliklə çatdıran, maraqla izlənilən, epizodların məna və mahiyyətini anlamağımıza imkan yaradan, düşündürən obrazlardır.
Aktyor filmlərdə rol almaqla yanaşı, bir neçə filmin səsləndirilməsində də iştirak edib, dərin sənət duyumuna əsasən ekran personajlarının hiss və duyğularını ifaçılar qədər dolğunluqla çatdırmağa müvəffəq olub.
Məmmədsadıq Nuriyevin yaddaqalan ekran personajlarından biri də “Ulduz” kinokomediyasındakı Bayram obrazıdır. İki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışan kinokomediyada Bayram kişi kolxoz sədri Qədirin (Bahadur Əliyev) köməkçisi rolunda çıxış edib. O, sədrin göstərişlərinə əməl etsə də, yeri gəldikcə hadisələrə özünəməxsus münasibətini bildirir, çəkinmədən fikrini deyir, kənd sakinlərinin haqlı olduğu məqamları nəzərinə çatdırır. Sədrin “elmlə təcrübənin ittifaqını” yaratmaq istəyinə istehza ilə münasibət bildirir. Onun özündənrazılıq əlamətlərini gördükcə və yeri gəldikcə məzəmmətedici mimikaları, jest və danışığı, dəqiq münasibətləri ilə haqlı olmadığını büruzə verir. Beləliklə də, filmin ideya xəttinin çatdırılmasına, hadisələrin axıcılığına şərait yaratmış, tərəf-müqabillərinin münasibətlərinin açılmasına kömək etmiş olur.
Rollarını daim özü səsləndirən aktyorun personajların təbiətinə, xarakterinə uyğunlaşdırdığı intonasiya və jestləri fərdi yaradıcılıq tərzini təsdiqləməsinə, yadda qalmasına səbəb olub. “Uşaqlığın son gecəsi” filmindəki Davud rolunu xatırlamaq kifayətdir ki, aktyorun böyük məharət və ustalıqla təqdim etdiyi personajın təfsirində həmin illərə aid dövr, mühit, xarakterlər haqqındakı təsəvvürlərimizin tamlıqla əhatələnməsini etiraf edək.
İstedadlı aktyor filmlərdə az çəkilsə də, yaradıcılıq qismətinə düşən ekran personajlarını dolğun, inandırıcı canlandırdığına, filmlərin ideya məzmununu dəqiqliklə çatdırdığına görə xatirəsi daim əzizdir.
Dövlət Film Fondu