Aktyor İsmayıl Əfəndiyevin doğum günüdür

Sənət ümumilikdə estetik idealların təcəssümüdür. Görkəmli sənətkarlar ideal amilini müsbət obrazlarla yanaşı, mənfi personajın həyat mövqeyinin təhlilində də təsəvvür etdirməyə müvəffəq olublar. Ömrünü kinoya sərf edən İsmayıl Əfəndiyevin dolğun ekran obrazları da daim “sənət ölməzdir” prinsipini aşılayıb.

Azərbaycan peşəkar aktyor nəslinin unudulmaz nümayəndələrindən olan, Əməkdar incəsənət xadimi İsmayıl Əfəndiyev yüksək mənəvi cəhətlərinə, sənətkarlıq keyfiyyətlərinə görə unudulmayan kino xadimlərimizdəndir. Şux qaməti, xəfif təbəssümü, təmkinli davranışı ekran personajlarının xarakterik cizgilərini bənzərsiz təqdim etməsinə imkan yaradan istedadlı aktyorun anadan olmasından 114 il (10.08.1910) ötür.

İncəsənətə hələ kiçik yaşlarından həvəsi olan, ailəsinin, qohum-əqrəbasının narazılığına baxmayaraq, çətin və məsuliyyətli peşəyə sahiblənən İsmayıl Əfəndiyev 1910-cu il avqustun 10-da qədim Şamaxı şəhərində, Mahmud kişinin ailəsində dünyaya göz açıb. O, hələ kiçik olanda ailəsi Göyçay şəhərinə köçüb. İsmayıl Əfəndiyev orta məktəbdə oxuyarkən Göyçay həvəskarlar teatrına gedib, orada hazırlanan tamaşalarda böyük həvəslə çıxış edib. 1927-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib, Pedoqoji texnikuma daxil olub. Burada Xalq şairi Rəsul Rza ilə tanış olub. Bu tanışlıq sonralar dostluğa, daha sonra isə qohumluğa çevrilib.

Pedaqoji məktəbdə təhsil aldığı müddətdə bütün varlığı ilə teatra bağlı olduğunu, ondan heç vaxt ayrıla bilməyəcəyini duyan gənc tələbə görkəmli teatr və kino xadimi, Xalq artisti İsmayıl Hidayətzadə ilə tanış olub. Onun rəhbərlik etdiyi dram dərnəyində çıxış edib. 1929-cu ildə texnikumu bitirdikdən sonra bir müddət pedaqoji fəaliyyət göstərib. 1931-ci ildə Bakı Türk İşçi Teatrına dəvət alıb, burada aktyor kimi çalışıb. Bir il sonra teatr Gəncəyə köçəndə kollektivlə birlikdə orada fəaliyyət göstərməyə başlayıb. Maraqlı, koloritli obrazlarla tamaşaçıların qəlbinə yol tapan gənc aktyor buradakı fəaliyyəti dövründə teatrın repertuarında olan tamaşalarda baş və aparıcı rollarda çıxış edib.

İsmayıl Əfəndiyevin teatrdakı fəallığı, məhsuldar yaradıcılığı kino xadimlərinin də diqqətindən yayınmayıb. 1935-ci ildə Xalq artisti Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Məhəbbət oyunu” kinokomediyasına dəvət alıb, kinoda debüt rolunu (Səttar) canlandırıb. Komik və baməzə xarakterli obrazın həyat mövqeyini, fərdiyyətini dəqiq jestlərlə çatdırıb, kinoda sevilən simaya çevrilib. 1939-cu ildən etibarən isə kinostudiyada fəaliyyət göstərməyə başlayıb.

İsmayıl Əfəndiyevin teatr fəaliyyəti və sənət təcrübəsi onun koloritli ekran obrazları yaratmasına, daha geniş şəkildə məşhurlaşmasına səbəb olub. Yaradıcılıq filmoqrafiyasına 30-dan çox film daxil olan sənətkar, çəkildiyi filmlərdən əlavə, rejissor kimi də bir sıra (“Alagöz yaylağında”, “Bəsləsən atlas olar tut yarpağından”, “Əmanət kassası” və s.) sənədli filmləri ekranlaşdırıb, “Kölgələr sürünür” dram-macəra janrlı bədii filmə (kinorejissor Şua Şeyxovla birgə) quruluş verib, 10-dan artıq filmdə (həkim – “Əmək və qızılgül”, Rza İsmayılov – “Bəxtiyar”, Şirəli – “İnsan məskən salır”, Nadirov – “Qızmar günəş altında”, Kamal Qasımov – “Vətən oğlu” və s.) yaddaqalan obrazlar yaradıb. Ahəngdar səsə, qüsursuz diksiyaya malik aktyor bir neçə bədii filmdəki məşhur kino personajlarını (həkim Eldostu – “Bir qalanın sirri”, Cəlil – “Əsl dost”, Gülümsərov – “Ulduz” və s.) ifadəli səsləndirməklə peşəkar aktyorların ifasına bir daha uğur qatıb.

İsmayıl Əfəndiyevin səsli kinoda ilk böyük rolu “Yeni horizont” filmindəki Adil Kərimov obrazıdır. Görkəmli kinorejissor Ağarza Quliyevin Qriqori Braginski ilə birgə quruluş verdiyi film Bakı neftçilərinə, onların yeni neft yataqları kəşf etmək uğrunda apardıqları mübarizəyə həsr olunub. Aktyorun müxtəlif illərdə yaratdığı Rza (“Səbuhi”), Şeyda İmanov (“Qara daşlar”), Qurbanov (“Cazibə qüvvəsi”) və digər ekran obrazları xarakterik cizgilərinə görə yaddaqalan ekran personajlarıdır. Kinoya lazım olan keyfiyyətlərin daşıyıcısı olan aktyorun yaratdığı Süleyman (“Arşın mal alan”, 1945), Əmir Həmzə (“Fətəli xan”, 1947),  Həsənqulu bəy (“O olmasın, bu olsun”, 1956) kimi genişplanlı rolları da xarakterik cizgilərinə görə yaddaqalandır, baxımlıdır.

İsmayıl Əfəndiyev məsuliyyətli kinematoqrafçı olaraq peşə və vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. 1945-ci ildə bir qrup mədəniyyət işçisi ilə Cənubi Azərbaycanda olanda Təbrizdə “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Eşq və intiqam”, “Anamın kitabı” əsərlərini tamaşaya qoyub. Həmçinin 1947-ci ildə ekranlara çıxan “Arazın o tayında” filmi üçün müəyyən çəkilişlər aparıb. Kinorejissorluq fəaliyyətinə “Bir ailə” filmində rejissor assistenti kimi işləməklə başlayıb. Bundan sonra “Almanların Şimali Qafqazda vəhşilikləri” sənədli filmində operator köməkçisi işləyib. “Arşın mal alan” (1945), “Bəxtiyar” bədii və “Arazın o tayında” sənədli filmində ikinci rejissor kimi çalışıb. Bundan əlavə, bir neçə sənədli və elmi-kütləvi filmlər çəkib. Dublyajda 200-dən artıq xarici filmi səsləndirib. 1958-ci ildə kinorejissor Şua Şeyxovla birgə arxeoloqların həyatından bəhs edən “Kölgələr sürünür” tammetrajlı bədii filminə quruluş verib.

“Azərbaycanfilm” kinostudiyasında uzun illər kinooperator vəzifəsində çalışan Fəramiz Məmmədovun fikirləri sənətkar haqqındakı təsəvvürlərimizi daha da genişləndirir: “İsmayıl Əfəndiyev yadımda alicənab bir insan kimi qalıb. O, “Arşın mal alan” filmində canlandırdığı Süleymanın əksi idi. Filmdəki aktyor ansamblında öz yerini tapmışdı. Kinostudiyada çalışdığı müddətdə işini həmişə səliqə-sahmanla aparırdı. Çox səliqəli, təmiz geyinirdi. Bir dəfə də olsun, onu kinostudiyanın yeməkxanasında oturan görmədim. Yadımdadır, görkəmli kinorejissor Əlisəttar Atakişiyev ona çay içməyi təklif edəndə: “Əlisəttar müəllim, gəlin otağımda söhbət edək”, – deyirdi. Özünü çox sanballı aparırdı, kiminsə xətrinə dəymirdi. Yüksək daxili mədəniyyətə malik insan idi. Buna görə də hamının hörmətini qazanmışdı”.

Dövlət Film Fondu