İlklərə imza atmaq bacarıq, istedadla yanaşı, böyük cəsarət tələb edir. Uğuru məqsədə çevirənlərin həyat nərdivanının birinci pilləsində də məhz çalışqanlıqları, qorxmazlıqları, şücaətləri durur. Azərbaycanın ilk milli kinoaktrisası İzzət Orucovanın da (16.09.1909) adı örnək ömürlər sırasındadır. Tanınmış incəsənət və elm xadimi nəsillərin yaddaşında mütərəqqi düşüncələrə, zəhmətkeş həyat tərzinə, əmək qabaqcıllığına malik əzmkar qadın kimi əbədiləşib. Onun həyat missiyası, işıqlı ziyası, ictimai fəallığı dövrünün mövhumatçı reallığı çərçivəsində boğulan, köləlik buxovlarından azad olmağa çalışan qadınların mübarizlik ruhunun dirçəlişi istiqamətində mayak olub.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, neft emalı sahəsindəki uğurlu tədqiqatları ilə tanınan, yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərən İzzət Orucovanın elm və incəsənət sahəsində böyük nailiyyətlər əldə etməsi, həmçinin milli kinomuzda mübariz qadın rollarının mahir ifaçısı kimi tanınması, ilk milli kino aktrisası kimi məşhurlaşması heç də təsadüfi deyildi.
Köhnə adət-ənənələrin əsirinə çevrilən, hüquqları əlindən alınan qadınların dözülməz şəraiti, ağır şərtlər altında yaşaması İzzət xanımı narahat etməyə, düşündürməyə bilməzdi. Buna görə də o, müasirlərinin həyatına biganə qala bilmədiyini, sosial problemlərdən, köləlik buxovlarından azad olmağın həlli istiqamətini nümunəvi ömür yolunu, məsuliyyətli sənət seçimini məhsuldar yaradıcılığında göstərdi, özündə cəsarət tapıb həyatını nizama sala bilməyən qadınlara örnək oldu. Bu isə zəmanəsinin qabaqcıl seçilmişindən böyük zəhmət, iradə, dözümlülük tələb edirdi.
Bakıda dünyaya göz açan İzzət Orucova orta təhsilini Hüseyn Cavid adına məktəbdə alıb. Oranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) neft texnologiyası fakültəsini bitirib (1927-1932). İnstitutun ikinci kursunda oxuyarkən görkəmli dramaturq Cəfər Cabbarlının təklifi ilə “Sevil” filmində çəkilib.
Hüquqları əlindən alınan, ailədə, cəmiyyətdə heç bir yeri olmayan Sevilin kədərli həyatını realist ifası ilə kino lentlərində əbədiləşdirib, cəmiyyətin mühakiməsinə verib. Obrazın daxili sarsıntılarını, həyatını etibar etdiyi doğmaları arasındakı sıxıntılarını, acılarını inandırıcı jest və mimikalarla çatdırıb. Sənətşünas Nazim Sadıqovun məqalələrinin birində aktrisanın rola dəvət alması barədə xatirələrinə rast gəlirik: “Şəxsən mənim kinoya gəlməyimə Cəfər Cabbarlı səbəb olmuşdur. O, dəfələrlə evimizə gəlir, saatlarla valideynimlə söhbət edirdi. Atəşin söhbətlərində kino aləmindən məhəbbətlə danışırdı, onu milli mədəniyyətimizlə bağlayırdı.
Düzünü deyim ki, mən kinoda çəkilmək istəyirdim. Yalnız qohum-qardaşımdan, xüsusilə atamdan çəkinirdim. Bir gün Cəfər Cabbarlı xudahafizləşib bizdən gedəndən sonra atam onun ardınca baxıb bizə dedi: “Bu eynəkli oğlan məndə özünə qarşı etibar yaradıb”. Ertəsi gün atam öz razılığını Cabbarlıya bildirdi. Bu dəfə Cəfər bizdən gedəndə tamam dəyişmişdi, elə bil ki, onun çöhrəsi də eynəyinin şüşəsi kimi parıldayırdı”.
“Sevil” kinodramı 1929-cu ildə ekranlara çıxdı. Film azadlıq ideyalarının carçısı kimi qadınların bərabərhüquqlu vətəndaş olmasını tələb edən güclü təbliğat-təşviqat vasitəsinə çevrildi. Qadınların maariflənməsi, həyat rifahının yaxşılaşdırılması istiqamətində mühüm rol oynadı, bütün dövrlərin azad qadın simvoluna çevrildi.
Həyat yoldaşı Balaş tərəfindən təhqir, tənqid olunan, evindən qovulan, övladı əlindən alınan Sevilin bütün iztirablara tab gətirməsi ailəsinə bağlılığından, onlara olan hörmətindən irəli gəlir. Dövrünün gender bərabərsizliyinin qurbanlarından olan Sevil həyat yoldaşı tərəfindən uçuruma yuvarlanıb. Buradan onu yalnız daxilində cücərtdiyi, böyütdüyü, nəhayətdə hayqıraraq car çəkdiyi azadlığı, nümunəvi sosial mövqeyi, ictimai fəallığı xilas edə bilər. Beləliklə də azadlığın, hüquq bərabərliyinin carçısına çevrilən Sevil nəinki özünün, milyonlarla müasirinin xilaskarına çevrilir, işıqlı düşüncəsi, mətinliyi ilə milyonların həyat yolunu işıqlandırır.
Qısa müddət ərzində böyük şöhrət qazanan filmin uğurunda peşəkar aktyorlarla yanaşı, İzzət Orucovanın da rolu böyükdür. Bu filmdən sonra o, Cəfər Cabbarlının eyniadlı pyesi əsasında ekranlaşdırılan “Almaz” filmində baş rola dəvət aldı, Almaz obrazını yaratdı.
Azərbaycanın ucqar dağ kəndlərinin birində müəllimə işləyən Almaz pedaqoji fəaliyyətindən əlavə, kənddə yaşayan qadınların həyat şəraitinin yaxşılaşması üçün fəallıq göstərir. Lakin insanların maarifləndirilməsi və maddi rifahının yaxşılaşması istiqamətində apardığı işlərə mane olan mürtəce qüvvələrə kənd sakinlərinin savadlanması sərf etmir. Buna görə də gənc qadının xoşməramlı missiyasını həyata keçirməsinə cidd-cəhdlə mane olurlar. Ağlı, iradəsi sayəsində qarşısına çıxan əngəllərə qalib gələn Almaz sonda istəyinə nail olur. Bütün kənd sakinlərinin qarşısında xarakter üstünlüyünü sübut edir, mənəvi gözəlliyin, xeyirxah amalların hər zaman qalib gələcəyini təsdiqləyir.
İzzət Orucova hər iki filmdə dövrü üçün son dərəcədə əhəmiyyətli olan ekran qəhrəmanlarının üstün cəhətlərini, fərqli həyat mövqeyini böyük coşqu ilə yaradıb. Özünü heç vaxt aktrisa kimi görməyən, kinoda qalmağı arzulamayan, ömrünü bütünlüklə elmin inkişafına həsr edən İzzət Orucovanın kinonun ona ehtiyacı olan vaxtda kamera qarşısına çıxması, maraqlı, koloritli ifadə vasitələri ilə ziyalı qadın obrazını yaratması, rolun təfsirində mərdliyin, cəsarətin, əzmkarlığın köləlikdən, avamlıqdan ən böyük qurtuluş olduğunu sübut etməsi özü də cəsarətdir, şəxsiyyətini, varlığını unudulmağa qoymamaqdır.
Dövlət Film Fondu