İnsanın hər hansı bir sahəyə erkən yaşlarından göstərdiyi maraq sonrakı peşə seçimini müəyyənləşdirir, məsuliyyətini əvvəlcədən dərk etdirir, etibarlı yol yoldaşına, həyatının nicatına çevrilir. Bəzi məqamlarda peşə seçimi uzunmüddətli prosesə, bəzi məqamlarda isə böyük bir arzuya dönür. Bu mənada məqsədinə nail olanlar, sənətinə sarılır, məsləyinə böyük məsuliyyətlə yanaşır, peşəsinin ustadına çevrilir, cəmiyyətdəki mövqelərinə görə də sayılıb seçilirlər.
Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərov da hələ kiçik yaşlarından kinematoqrafçı olmağı arzulayıb. Məqsədinə nail olduqdan sonra da ömrünün sonunadək sənətinin keşiyində durub. Kim bilir, bəlkə də o, kiçik yaşlarından tanınmış sovet kinorejissoru Leo Murun “Gilan qızı” filminin çəkilişi zamanı yaradıcı heyətlə qarşılaşmasaydı, taleyinə daha kədərli həyat hekayələri yazılacaqdı. Amma hər bir halda onu bacardığı qədər qoruduğuna, istedadını üzə çıxardığına, elinə, obasına xeyirli vətəndaş kimi yetişdirdiyinə, milyonların sevimlisinə çevirdiyinə görə Azərbaycan kinosuna minnətdarıq.
Milli kinomuzda uşaq rolunun ifaçısı kimi məşhurlaşan Lətif Səfərov həyatın mürəkkəb tərəflərini, çətinlikləri, insanların qəliz xüsusiyyətlərini uşaq yaşından gördüyünə görə kino fəaliyyətində (aktyor və rejissor kimi) komik situasiyalardakı dramatizmə gətirib çıxara biləcək məqamları (“Bəxtiyar”), gərgin vəziyyətlərdəki insan xarakterinin (“Qızmar günəş altında”) gülüşə səbəb olan nüanslarını tamaşaçıya çatdırıb, hər hansı bir həyat hadisəsi daxilindəki dramatik situasiyalardan ehtiyat etməli mesajını verib.
“Lətif” filmində (1930) kasıb bir ailədə yaşayan balaca Lətifin ögey anasından, ətrafdakılardan gördüyü təzyiqlərə, yaşadığı çətinliklərə rəğmən özündə güc tapıb həyatda qalması, uşaqdakı bir çox mənəvi (cəsarət, düzgünlük, zəhmətkeşlik) keyfiyyətlərin üstünlüyü tamaşaçıda obraza heyranlıq, rəğbət hissi yaradır. Bir qarın çörək üçün səhərdən axşama qədər çobanlıq edən Lətif təkcə özünün və yaşıdlarının ətalət içində boğulan həyat hekayəsini danışmır, həmçinin ətrafında baş verən hadisələrə müdaxilə etməklə dövrün dramatik hadisələrinin mənbəyini, onu yaradan səbəbləri açıqlayır.
Kinematoqrafiya ilə ilk dəfə 1927-ci ildə tanış olan Lətif Səfərov ona olan vurğunluğuna görə həyatını bu sənətə bağlayıb. Həmin il “Gilan qızı” filminin natura çəkilişləri üçün Şuşaya gedən çəkiliş qrupunun üzvləri onu görüb, bəyənib və həmin filmdə Gülgül roluna çəkib. Bunun ardınca o, “Sevil” filmində Gündüz, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli və “Qızıl kol” filmlərində epizodik rollarda oynayıb.
Uşaqlığını, demək olar ki, kinostudiyada keçirən Lətif Səfərov 1937-ci ildə burada əmək fəaliyyətinə başlayıb. Əvvəlcə dublyaj şöbəsində “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda” və digər bu kimi dövrünün siyasi-tarixi filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor və rejissor köməkçisi işləyib, kinonun müxtəlif sahələrində çalışaraq peşə bilgisini artırıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino təhsilini davam etdirməklə sənətin nəzəri biliklərinə dərindən yiyələnib.
İnstitutu bitirib vətənə qayıdan kinematoqrafçı rejissor kimi əmək adamlarının həyat yoluna həsr olunan, həmçinin ictimai-sosial mövzulu (10-a yaxın) sənədli film ekranlaşdırıb. Səməd Mərdanovun quruluş verdiyi “Kəndlilər” filmində rejissor köməkçisi olub, kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Yeni horizont” filmində rejissor assistenti vəzifəsini icra edib. Növbəti illərdə müstəqil olaraq “Bəxtiyar” (1955), “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) filmlərini ekranlaşdırıb.
Lətif Səfərovun müxtəlif janrlarda quruluş verdiyi filmlərin məzmunu tamamilə bir-birindən fərqlənsə də, ideya baxımından hər üç filmdə həyat problemlərinin həllində (xeyirlə-şərin mübarizəsində) mərd ürəkli, haqqın tərəfini tutan əməlpərvər, yüksək mənəviyyatlı insanların (Bəxtiyar, Eldar, Aydın həkim, Qeys, Nofəl, Zeyd və s.) həyat prinsipinin tədqiqat obyektinə çevrilməsi faktı filmlərin illərlə sevilməsinə, ürəklərə yol tapmasına səbəb olub. Kinomuzun qızıl fonduna daxil olan hər üç filmin bu gün də maraqla baxılmasına səbəb mənəvi yüksəlişə xidmət edən ekran obrazlarının tamaşaçılara məhz sadə dillə çatdırılmasıdır.
Azərbaycan milli kino ənənələrini yaradıcılığında layiqincə yaşadan Lətif Səfərov ömrü boyu həsrətində olduğu, arzuladığı, bütün zamanların tələbi, ehtiyacı olan ali dəyərlərə həssaslıqla yanaşdı, dəqiq müşahidəsinə əsasən çəkdiyi filmlərini (ailəyə, sevgiyə dəyər, dostluğa, insanlığa hörmət) hər kəsin anlayacağı forma və üslubda ekranlaşdırdı. Zəhmətkeşliyinə, istedadının böyüklüyünə görə də kinosevərlərin böyük rəğbətini qazandı, unudulmadı, xatirəsi daim hörmətlə anıldı.
Dövlət Film Fondu