Kinorejissor Ziyafət Abbasovun doğum günüdür

Kino intuitiv yanaşma və idrak qüvvəsinin cəmindən ərsəyə gəlir, istehsal prosesində böyük məsuliyyət, mənəvi, fiziki hazırlıq tələb edir. Bu mənada, yalnız kinonun çətinliklərinə hazır, nəzəri və praktik bilgilərə sahib olanlar məsləyini təsdiqləyə, nümunəvi, məhsuldar yaradıcılıq nümayiş etdirə, tanına bilərlər.

Əməkdar incəsənət xadimi, kinorejissor Ziyafət Abbasov da kinoda çalışdığı 27 il ərzində çoxşaxəli fəaliyyət göstərdi, məsləyinə olan sevgisini, sadiqliyini yaradıcılığında təsdiqlədi, maraqlı, məzmunlu filmlər ərsəyə gətirdi. Tanınmış kino veteranı bu il (01.10.1935) 89 yaşını qeyd edir. Fürsətdən istifadə edib Dövlət Film Fondunun əməkdaşları, kinosevərlər adından Ziyafət müəllimə möhkəm cansağlığı, nailiyyətlər arzulayırıq.

Bakıda dünyaya göz açan Ziyafət Abbasov buradakı 31 nömrəli orta məktəbi bitirib. Özünün dediyinə görə hələ kiçik yaşlarından incəsənətə böyük maraq göstərib. Elə buna görə də sənədlərini  Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə verib və instituta daxil olub. Burada Azərbaycanın  məşhur opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabskinin oğlu Rza Sarabskinin kursunda təhsil alıb (1963-1968). Həmçinin, görkəmli rejissor, pedaqoq, teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədovun tədris etdiyi estetika fənnindən bəhrələnib.

İnstitutu bitirdikdən sonra Azərbaycan Televiziyasında (1968-1974) radio verilişlərinin rejissoru kimi fəaliyyətə başlayıb. Bir müddət sonra baş rejissor işləyib. 1974-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Kinostudiyaya gəlmə səbəbini Ziyafət müəllim belə izah edir: “Mən radioda işə başlayanda tanınmış kinorejissor Tofiq İsmayılov artıq orada çalışırdı. Hamı ona peşəkarlığına, dərin sənət bilgisinə görə böyük hörmət bəsləyirdi. Radio sənətinin sirlərini demək olar ki, mənə Tofiq İsmayılov öyrədib. Biz qısa müddətdə  dostlaşdıq. O, kinoya, ümumiyyətlə incəsənətə çox bağlı insan idi. Kinostudiyaya tez-tez gedirdi, məni də özü ilə aparırdı. Ora artıq mənim üçün doğma məkana çevrilmişdi. Orada günü-gündən dostlarım da çoxalırdı. Eyni zamanda kurs yoldaşlarımdan tanınmış kino işçiləri Akif Rüstəmov, Arif Həbibi, Rauf Nağıyev də orada çalışırdılar. Kinostudiyada işləyən və böyük hörmət sahibi olan kinorejissorlardan Arif Babayev və Kamil Rüstəmbəyovla Azərbaycan Televiziyasında işlədiyim vaxtlardan tanış idik. Buna görə bir-birimizi yaxşı tanıyırdıq və dostluq edirdik.

Görkəmli aktyor Həsənağa Turabova xüsusi hörmətim vardı. Onunla da yaxın dost idik. Həsənağa məni Eldar Quliyevlə, Rasim Ocaqovla tanış etmişdi. Demək olar ki, kinostudiyada kollektivin çoxunu tanıyırdım.

Həmin vaxtlarda Cəmil Əlibəyov Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini işləyirdi. Elə oldu ki, 1974-cü ildə onu “Azərbaycanfilm” kinostudiyasına direktor vəzifəsinə təyin etdilər. Ora gedəndən sonra Cəmil müəllim məni də kinostudiyaya işləməyə dəvət etdi. Beləliklə də, mənə əziz olan məkanın doğma sakininə çevrildim.

Orada işlədikcə kollektivin digər üzvləri ilə də dostlaşdım, birgə işlərimiz çoxaldı, davamlı oldu. Kino xadimlərindən məşhur kinooperator Arif Nərimanbəyovla, kinorejissor Şamil Mahmudbəyovla tanış oldum. Adil İsgəndərovun tələbələrindən Elxan Qasımov, Xamis Muradov, Əbdül Mahmudov, Fikrət Əliyev və digərləri ilə yaxın dost olduq. Onu da deyim ki, kino işçilərinin çoxunu hələ institut illərindən tanıyırdım. Yəni kinostudiya mənə heç də yad yer deyildi və orada çalışdığım illər mənim üçün maraqlı, məhsuldar oldu”.

Ziyafət Abbasovun yaradıcı mühitdə məhsuldar çalışmasını onun filmoqrafiyasına daxil olan 130-dan artıq filmi də təsdiqləyir. Belə ki, o, “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərdiyi illərdə özünəməxsus üslubda “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan “Bağçada rahat yer” novellasını, “Onun bəlalı sevgisi” bədii filmini çəkib. “Müqəddəs torpaq”, “Ümid qapısı”, “Gözəlliklər diyarı” və digər müxtəlif mövzulu sənədli filmlər ekranlaşdırıb. “Abşeronda subtropik bitkilər” (Eldar Quliyevlə birgə), “Lalə” qızlar ansamblı” sənədli filmlərinin ssenarisini yazıb, eyni zamanda, kinoaktyor şöbəsində bədii rəhbər kimi çalışıb (1974-1978).

“Mozalan” satirik kino jurnalının bədii rəhbəri (1982-1984), baş redaktoru (1984-1998) vəzifələrini icra edib. “Mozalan” kinojurnalı üçün dövrün sosial problemlərinə, ictimaiyyəti narahat edən məsələlərə aid olan 40-a yaxın aktual mövzulu bədii, sənədli süjetin yaranmasında əməyi olub. İnsanları narahat edən vacib məsələlərin həllini tapmasında mühüm xidməti olan yüksək keyfiyyətli filmlər ərsəyə gətirib (1976-1982). “Ailə” bədii fiminin prodüserlərindən biri olub.

Həmkarları, sənət dostları ilə daim xoş ünsiyyət yaradan, onların yaradıcılıq istəklərinin gerçəkləşməsinə imkan yaradan Ziyafət Abbasov çalışqanlığına, nümunəvi fəaliyyətinə görə 1994-cü ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin edilib. 2001-ci ilə qədər həmin vəzifəni icra edib. Bu ərəfədə maraqlı, məzmunlu bədii (“Həm ziyarət, həm ticarət”, “Ağ atlı oğlan”, “Ümid”, “Özgə vaxt”, “Otel otağı”, “Sarı gəlin”, “Nə gözəldir bu dünya”,  “Yuxu” və s.) və sənədli (“Əsrin kontraktı”, “Müstəqilliyin keşiyində”, “Dədə Qorqud dünyası”, “Şəhidlik zirvəsi” və s. ) filmlərin ekranlaşdırılmasına imkan yaradıb.

Azərbaycan kino sənətinin inkişafına təkan verən, kino sənətimizin keşiyində duran Ziyafət Abbasovu bir daha doğum günü münasibətilə təbrik edirik, ona cansağlığı, sağlam ömür arzulayırıq.

Dövlət Film Fondu