Bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür

Kino hələ yarandığı ilk vaxtlarından etibarən musiqiyə ehtiyac duyub. İlkin mərhələdə ekran hadisələrini müşayiət edən tapyorları sonralar kino musiqiləri əvəz edib.  Ekran hadisələrinin emosionallığını, baxımlılığını artıran musiqilər kinonun ayrılmaz hissəsinə çevrilib, inkişafına təkan verib, baxımlılığını artırıb. Kino bəstəkarlarının orijinal, qəlbləri riqqətə gətirən əsərləri kinonun uğuruna uğur qatıb.

Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin orijinal, koloritli kino musiqiləri də milli kinomuzun inkişafına, şöhrətlənməsinə səbəb olub, ekran taleyini uğurlu yaşamasına imkan yaradıb. Ustad sənətkarın anadan olmasının 89-cu ildönümündə kino yaradıcılığına qısa nəzər salırıq.

XX əsrin birinci yarısından etibarən musiqi dünyasına qədəm qoyan, istər simfonik, istər kamera orkestri üçün yazdığı əsərləri, istərsə də digər musiqiləri ilə tanınan Xəyyam Mirzəzadənin kino bəstələri, kompozisiyaları ona xüsusi şöhrət qazandırdı.

Əsrarəngiz musiqiləri ilə ekran kompozisiyasını zənginləşdirən, hadisələrin emosional təsir gücünü artıran, kadrların təsvir həllini təmin edən bəstəkarın ecazkar əsərlərinin müşayiətində cərəyan edən ekran hadisələri emosional təsir gücünə malik olduğuna, məzmun tamlığına, baxımlılığına görə bu gün də maraqla izlənilir.

Rəngarəng, orijinal üslubda işlənilən əsərləri ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza böyük dəstək olan, inkişafını təmin edən  Xəyyam Mirzəzadə əsasən dram, faciə janrlı filmlərə musiqi yazıb, ekran əsərlərinin ideyasını, hadisələrin mahiyyətini, mənasını, obrazların daxili aləmini, hiss və düşüncələrini musiqi dili ilə çatdırmağa müvəffəq olub.

40-a yaxın ekran əsərinə, o cümlədən 21 bədii (“Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s.), 16 sənədli (“Abidələr danışır”, “Bakı eyvanları”, “Mikayıl Abdullayev” və s.), 3 animasiya (“Daş”, “Günlərin bir günü”, “Meşəyə insan gəlir”) filminə yazdığı musiqi lövhələrini xatırlamaq kifayət edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan.

Sözügedən filmlər və yaxud digər ekran əsərlərindəki musiqi parçaları, melodiyalar bəstəkarın yaradıcılığında kino musiqisinin əsas yer tutduğunu sübut edir. Bəstəkarın  bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi və digər yüksək mənəvi dəyərlər, insani keyfiyyətlər tərənnüm olunur.

Xəyyam Mirzəzadənin kino musiqiləri personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirir, epizoda, eləcə də filmə emosional çalar verir. Təsvir olunan materiala dəqiq münasibət yaradır, filmin ideya məzmununun tam olaraq qavranılmasına səbəb olur. Azərbaycan kino tarixində uğurlu ekran taleyini yaşayan “Yeddi oğul istərəm, “Arxadan vurulan zərbə”, “Bizim küçə”, “Bakıda küləklər əsir” və digər filmlərin sözsüz melodiyaları, lirik-poetik musiqiləri qəlblərdə iz salır, düşündürür, ekran hadisələrini daha da dolğunlaşdırır. Müxtəlif janra müvafiq musiqilər dövrlərin mühitini, ictimai, iqtisadi, siyasi hadisələrin axınını aramla müşayiət edir, filmin məqsəd və mətləbini çatdırır. Qəhrəmanların xarakterləri, daxili aləmləri incəliklə, həssaslıqla cilalanır, bədii əsərlərin məzmunu dəqiqliklə şərh edilir.

Xəyyam Mirzəzadə kino yaradıcılığında mahnı janrına az yer verib. “Bakıda küləklər əsir” filminin final səhnəsində baş qəhrəman Azadın şücaətini təqdir, rolun nümunəvi həyat mövqeyini tərənnüm edən, insanlarda vətənpərvərlik hissinin oyanmasında böyük rol oynayan, düşüncələrdə ən ülvi, ən gözəl hisslərin oyanmasına, yaşamasına səbəb yaradan, vətən anlayışının böyüklüyünü, vətəndaş borcunun qaçılmazlığını ifadə edən mahnını xatırlamaq kifayət edir ki, bəstəkarın filmin ideyasını  dərindən duyaraq yaddaşlarda həkk olmasına səbəb yaradan istedad və bacarığına heyran olasan.

Təbii ki, kino musiqisi yazmaq olduqca çətindir və kino bəstəkarı olmaq üçün musiqidə peşəkarlıq şərtdir. Əsərin ideyasını emosionallıqla auditoriyaya çatdıran, mətnə tabe edilən musiqilər kadrların məzmununu, hadisələrin məntiqini izah edir, tamaşaçı qəlbinə yol tapır, zövqünü (yüksək şəkildə) formalaşdırır. Bu isə düşündürücü, müdrik melodiyaların təsiri ilə tamaşaçını ikiqat maarifləndirmək, müdhiş sənət incilərinin nurundan insanların həyatına nur saçmaq, ətrafı gözəlləşdirmək, mənəvi yüksəlişin, inkişafın istiqamətini göstərmək, humanistliyin, insanpərvərliyin mayakına çevrilmək deməkdir.

Xəyyam Mirzəzadənin orijinal kino musiqiləri kadrların quruluşunu ardıcıllıqla təsdiqləyir, insan ruhunun dərinliyinə sirayət edir, hadisələrin inandırıcılığına zəmin yaradır. Xarakterləri emosionallıqla, həssaslıqla müşayiət etməklə musiqinin tərkibində alternativ bir süjet təqdim edir.

“Arxadan vurulan zərbə” filminə istinad edək. Filmin əvvəlində səslənən musiqilər filmin süjeti, detektiv hadisələr haqqında anons verir. Dəmiryolu platformasını, qatarın gəlişini müşayiət edən melodiyalar tamaşaçını ziddiyyətlərə aydınlıq gətirən sərnişinin gəlişinə, ağır cinayət işi üzərində aparılacaq istintaq prosesinin gərginliyini izləməyə hazırlayır. Kriminal hadisələrin sirli məqamlarını maraqla gözləməyə, ekrana diqqət etməyə vadar edir. Məsələn, Gündüz Kərimbəyli ilə İmaşın dialoqunu müşayiət edən lirik musiqi, ilk görünüşdə insanlarda xof yaradan, özündən tez çıxan, əslində isə müəyyən səhvlərinə görə əzab çəkən İmaşın rəzil həyat tərzinin, daxili iztirabının şərhini verir. İmaşla tanışlığı ərəfəsində xarakterinin cılızlığını xatırladan, həmsöhbətinin yaşına, şəxsiyyətinə hörmət, rəftarına diqqət  etməyə çağıran Kərimbəylinin müdrikliyini,  qorxmazlığını xarakterizə edir.

“Bizim küçə” filminin başlanğıcında səslənən, musiqi parçalarının mövzuyla uyğunlaşdırılması isə çətinliklərlə yanaşı, əldə edilən gözəl həyatın müjdəçisi mövqeyindədir.

“Güllələnmə təxirə salınır” filminin gərginliklə dolu hadisələrini müşayiət edən kədərli, lirik musiqi parçaları ağır dövrdə, çətinliklərlə dolu mühitdə yaşayan insanların çarəsiz, kədərli günlərinə ağı deyir. Bu və ya digər filmlərdəki hadisələri təhlil edən musiqilər ekran qəhrəmanlarının həyat hekayəsinin nəqlinin emosionallığını artırır, mövzunu şərh edir, personajların tale yükündən, mövqeyindən, münasibətindən, xüsusiyyətindən danışır, vəziyyətin səbəb və nəticəsi haqqında düşünməyə vadar edir. Müxtəlif dövr insanlarının davranış, əxlaq kodeksi bəstəkarın həssas, emosional musiqilərinin müşayiətində təhlil edilir, kamil və cahil xarakterlərin mündəricəsi ürək yanğısı ilə cəmiyyətin mühakiməsinə verilir.

Qəlbəyatımlı, dolğun musiqiləri ilə milyonlara yüksək estetik zövq, gözəllik bəxş edən Xəyyam Mirzəzadənin ziyasından, zəkasından mayalanan əsrarəngiz kino musiqiləri şəxsiyyətini hər zaman hörmətlə xatırladır, qəlblərdə, düşüncələrdə ucaldır, yaşadır.

Dövlət Film Fondu