Aktrisa Elmira Şabanovanın doğum günüdür

Aktyorluq sənəti istedaddan, bacarıqdan əlavə böyük cəsarət tələb edir. Milyonların qarşısında başqalaşmaq, dəyişmək, tamamilə sənə yad olan ömürləri, obrazları özününküləşdirib, nəfəs, can vermək, tamaşaçıların müasirinə çevirmək, səhnədə və ekranda ikinci bir ömrü yaşamaq, fərqli dünya yaratmaq, rolların fövqündə düşündürmək, inandırmaq, həyatın nizamında bilavasitə iştirak etmək deməkdir.

Xalq artisti Elmira Şabanova da maraqlı, yaddaqalımlı ana, nənə rollarının təfsirində etik dəyərlərin vacibliyini, önəmli amillərin (ailə dəyərləri, xeyirxah əməllərin üstünlüyü və s.) aliliyini açıqlayıb, təhlil edib. Özünəməxsus yaradıcılıq üslubu ilə yaddaşlarda iz salan, sevilən aktrisa 84 yaşın astanasındadır. Çoxsaylı tamaşaçı və Dövlət Film Fondunun əməkdaşları adından sevimli aktrisamızı səmimi qəlbdən təbrik edirik, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Elmira Şabanova 1940-cı ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. Atası əvvəl zavod direktoru, sonra isə Ali Sovetin deputatı olub. Sənətə, ədəbiyyata böyük maraq olan ailədə elm və mədəniyyət aləmi haqqında söhbətlər, müzakirələr içərisində böyüyən gələcəyin məşhur aktrisası özü də sənət aləminin bir üzvü, təqdimatçısı, yüksək mənəvi dəyərlərin təbliğatçısı olmağı qarşısına məqsəd qoyaraq aktyorluq sənətini seçib. 1958-1962-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun əvvəlcə aktyorluq, sonra isə rejissorluq fakültəsini bitirib. Aktrisa uzun illər institutda pedaqoji fəaliyyət göstərib, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə çəkilib. 20-dən artıq filmdə çəkilərək maraqlı, dolğun ekran obrazları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Aktrisanın kinoda debüt rolu görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Əsl dost” filmindəki Leyla obrazıdır. Bundan sonra o, “Səhər” kinodramında Sevda rolunu canlandırıb. Tarixi-inqilabi dramda Aslanın nişanlısı obrazını realist səpkidə, səmimi ifada təqdim edib.

XX əsrin əvvəllərində ölkədə baş verən tarixi-inqilabi proseslərdə, qarışıq, gərgin dövrlərdə qadın hüquqsuzluğunu, gərgin hadisələr fonundakı çıxılmazlığını, sevgisini  pünhan saxlamaq məcburiyyətini, cəmiyyətdən qorumaq cəhdini özünəməxsus kövrək, incə ştrixlərlə aydınlaşdıran aktrisa personajın fərdi xüsusiyyətlərini dram janrının şərtlərinə, rolun mövqeyinə uyğun təbii boyalarla çatdırıb, yaddaqalan obraz  səviyyəsində təqdim edib. Rolun aktrisaya qazandırdığı böyük müvəffəqiyyət digər filmlərə dəvət almasına, yaradıcılıq potensialını geniş səpkidə çatdırmasına səbəb olub. Bu filmdən sonra o, “Gəmi saatının sirri” filmində Əlinin anası, “Ötən ilin son gecəsi”ndə Həmidə, “Avqust gələndə” filmində Xumar, “Şahid qız”da Rənanın anası, “Fəryad” müharibə dramında İsmayılın anası, “Təhminə”də Aliyə, “40-cı qapı” kinodramında Fatma xala və digər rollarda, həmçinin bir neçə serialda, televiziya tamaşasında xarakterik obrazlar təqdim edib, ekran hadisələrinin inandırıcı təsir bağışlamasına, uğur qazanmasına nail olub.

Sözügedən filmlərdən də göründüyü kimi Elmira xanım yaradıcılıq imkanlarını əsasən dramatik rollar üzərində püxtələşdirib, təsdiq edib. Müxtəlif həyat hadisələrini tamaşaçını düşündürən, həyəcanlandıran səpkidə çatdırıb.

Aktrisaya uğur gətirən uğurlu ekran rollarından biri də “Qəm pəncərəsi” filmindəki Həmidə obrazıdır. Xalq yazıçısı Anarın yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin müəllimi” əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq həm də çəkdiyi filmdə Elmira xanım Cəlil Məmmədquluzadənin (aktyor Həsən Turabov) həyat yoldaşı Həmidə xanım rolunu oynayıb. Müasirlərinin maariflənməsi, tərəqqisi üçün əlindən gələni əsirgəməyən ziyalı, maarifpərvər xanımın təmkinli, dövrün ağrılı, gərgin hadisələrinə biganə yanaşmayan müdrik obrazını yaradıb. Cəlil Məmmədquluzadənin daim uşaqlığını xatırlaması, gərgin, acınacaqlı situasiyalarla dolu məqamları göz önündə canlandırması, insanların avamlığını daxili hüznünə, kədərinə, dərdinə çevirməsi, yaradıcılığı vasitəsilə müasirlərini cəhalət buxovlarından azad etməyə çalışması tərəf-müqabillərinin yaradıcılıq sazişində yüksək peşəkarlıqla, dolğun, təsirli şəkildə əksini tapıb. İctimai bəlalara yol açan avamlıq, köləlik kimi amillər psixoloji priyomlarla tənqid hədəfinə çevrilib, qınanılıb.

Ətalət dolu mühitin gərgin hadisələrinin şərhçisi olan hər iki personajın bəzən sükut, bəzən qısa dialoqları, dərin xəyallara dalması, kədərə qərq olması yaxın keçmişə keçid alan kadrlardakı dramatik konfliktləri kəskinləşdirib, mühitin ağrılı yükünü tam dərinliyi ilə izah edib.

Elmira Şabanovanın mühitə və rola uyğunlaşdırdığı mizanları, daxili təlatümünü gizlədən müdrikliyi, səbirli, təmkinli davranışı, dövrə və rola uyğunlaşdırdığı fərdi  keyfiyyəti filmin əsas ideyasını, süjet xəttini müəyyənləşdirib, inandırıcı şəkildə çatdırılmasına imkan verib. Obrazın şəxsində üstün fərdi keyfiyyətlərin ictimai mühitə təsirini və yaxud avam mühitin kamil insanlara zərbəsini, lakin bütün çətinliklərə baxmayaraq, ləyaqət üstünlüyünün labüdlüyünü səciyyəvi cizgilərlə göstərməyə nail olub. Aktrisanın rolun daxili mənini dərindən duyması, intuitiv yaratması yaxın keçmişin həyat həqiqətlərinin yalnız ekranda deyil, düşüncələrdə də kök salmasına, nəticə çıxarmağımıza səbəb yaradıb.

Daha çox mülayim, nəcib xüsusiyyətlərə malik ana rollarını ifa edən aktrisa kinorejissor Rasim Ocaqovun 1993-cü ildə ekranlaşdırdığı “Təhminə” filmində Aliyə obrazının təfsirində tamamilə fərqli, özündən müştəbeh, var-dövləti, ətrafındakılardan üstünlüyü ilə qürrələnən meşşan bir qadın olan Aliyə rolunu canlandırıb.

Aliyə qızı Firəngizin Zaurla ailə qurmasına çalışır və buna da nail olur. Qonşu qadın Zivərlə (Zərnigar Ağakişiyeva) qohumluq əlaqələrinin möhkəmlənməsi üçün dostluq edən, lüks yaşam tərzinə görə öyünən Aliyə filmin baş qəhrəmanlarının (Təhminə ilə Zaurun) ayrılmasına səbəb yaradan personajlardandır.

Qızının Zaurla tez bir zamanda izdivaca girməsini arzulayan Aliyənin təbliğatı və yersiz tənələri Zivərin Zaurla Təhminənin sevgi münasibətlərinə son qoymasını tezləşdirir, konfliktləri kəskinləşdirir. Böyük səbirlə şəxsi maraqlarını reallaşdıran Aliyə qonşusunun ailədaxili münasibətlərini kəskinləşdirməklə hadisələrin axıcılığını təmin edir, dramatizmi artırır, həmçinin tərəf-müqabillərinə (filmin iştirakçılarına) fərdi xüsusiyyətlərini, əsl simalarını rahatlıqla göstərməyə meydan açır. Dramatik konflikti taktiki müdaxilələri ilə gərginləşdirən, iddialı, nigaran qız anası rolunu məharətlə canlandıran aktrisa bir neçə kadrda görünsə də, Zaurla Təhminənin həyatındakı rolunu təsdiqləmiş, nakam gənclərin tezliklə ayrılmasını və filmin taleyini həll etmiş olur. Bu mənada aktrisanın ustalıqla təqdim etdiyi bu və ya digər yaddaqalımlı rolları filmlərin əsas personajı, hadisələrin axıcılığına rəvac verən xarakterlər kimi yüksək qiymətləndirilir, baxılır, sevilir.

Elmira Şabanovanın kino və televiziya tamaşalarında oynadığı məzmunlu obrazları haqqında çox danışmaq olar. Ən əsası isə aktrisanın Azərbaycan kino sənətində, korifey rejissorların filmlərində rol alması, onlarla çiyin-çiyinə çalışması, həyat eşqini, ürək sözünü rolları vasitəsi ilə bildirməsi, sənətin ucalığını baxımlı rolları ilə təsdiqləməsi, qəbul edilməsi, sevilməsidir.

Dövlət Film Fondu