Azərbaycan teatr, kino sənətində daim peşəkarlıq nümayiş etdirən Əməkdar artist Müxlis Cənizadə yaddaşlardan silinməyən, adını qəlblərdə əbədiləşən sənətkarlarımızdandır. Özünəməxsus ifa manerası, bənzərsiz mizanları ilə ekran obrazlarını yaddaşlara yazan aktyor milli kinomuzun unudulmaz simalarındandır. Qəlbəyatımlı səsi, aydın diksiyası ilə poetik parçaların məntiqi mənasını açan, realist, romantik yaradıcılığında hadisələrin psixoloji ahənginə uyğun olan rollarına ruh, nəfəs verən, məzmunlu ifası ilə könüllərdə, yaddaşlarda iz salan Müxlis Cənizadənin səhnə və ekran obrazları unudulmazdır. Sənətkarın anadan olmasının 96-cı (26.11.1928) ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik, kino fəaliyyətinə qısa nəzər salırıq.
1928-ci ilin noyabr ayının 26-da Bakıda dünyaya göz açan Müxlis Sabir oğlu Cənizadənin qismətinə mehriban ailədə böyümək qismət olub. 4 oğlan bir qız uşağı böyüyən evdə maraqlı bir ab-hava yaşanıb. Belə ki, qardaşların hər birinin musiqiyə həvəsi olduğundan hərəsi müxtəlif alətlərdə ifa edib, bununla yanaşı, qiraətə, sözə, sənətə böyük həvəs göstəriblər. Gələcəyin tanınmış aktyoru hələ orta məktəbdə oxuyarkən müəllimlərinin diqqətini daha çox ədəbiyyata olan marağına görə çəkib. Bakıdakı 6 saylı orta məktəbi bitirən gənc yeddiillik təhsil aldıqdan sonra, 1942-ci ildə Volodarski adına tikiş fabrikində işləyib. Sənətə böyük marağı olduğundan 1943-cü ildə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində aktyorluq təhsili alıb. Bir müddət sonra Teatr Məktəbinin bazasında yaranan Dövlət Teatr İnstitutuna daxil olub (1945). Hələ tələbəlik illərində (1945-1949) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Görkəmli sənətkar, Xalq artisti Adil İsgəndərovun dəvəti ilə (1953) Akademik Dram Teatrına gəlib. Teatrın səhnəsində bir çox maraqlı, diqqət çəkən rollar yaradıb. 1962-ci ildə müxtəlif səbəblərdən teatrdan ayrılmalı olub. Həmin ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyət göstərib.
Müxlis müəllimin pedaqoji fəaliyyət göstərməsi kino, dublyaj və teatr sənətimizin inkişafına təkan verib. Belə ki, ifadəli, cəlbedici səs tembrinə, yüksək intellektə, mükəmməl səhnə danışığı qabiliyyətinə malik olan aktyor, onlarla tələbəyə səhnə danışığından dərs deyib, ana dilimizin saflığının qorunması, danışıq dilindən istifadə qaydalarının təbliğində gənclərə doğru sənət istiqaməti verib.
1960-1970-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında çəkilən bədii filmlərin sayının artması kino işçiləri üçün böyük yaradıcılıq imkanları yaradırdı. Həmçinin kino aktyorlarının filmlərdə mütəmadi çalışması (çəkiliş və dublyaj işi) onların həyat şəraitini yaxşılaşdırır, sənətdə özlərini təsdiqləməyə imkan verir, geniş tamaşaçı auditoriyası tərəfindən daha tez tanınıb sevilmələrinə səbəb olurdu. Müxlis müəllim də teatrdan uzaqlaşdıqda yerli kinostudiyada istehsal olunan filmlərdə çəkilib, eləcə də “Mosfilm”, “Lenfilm” kinostudiyalarında istehsal olunan filmlərdə iştirak edib.
Dərin mütaliəsi sayəsində məsləyini təkmilləşdirən, sənətdə özünəməxsus, koloritli rollar yaradan Müxlis Cənizadə eyni zamanda bədii qiraət ustası kimi də tanınıb, dövrünün istedadlı sənətkarlarından biri kimi qəbul edilib. Bu mənada aktyorun parlaq istedadı korifey kino rejissorlarımızın filmlərində əksini tapıb. Sənətkarın şəxsiyyətinə və sənətinə hörmət əlaməti olaraq görkəmli kinorejissor Hüseyin Seyidzadə üç filmində Müxlis Cənizadə yaradıcılığına yer verib, onu “O olmasın, bu olsun” filmində Sərvərin dostlarından biri, “Dəli Kür” filmində Kipiani, “Yenilməz batalyon”da isə Nəriman Tağıyev rollarına çəkib. Aktyorun istedadına yaxşı bələd olan Seyidzadə “O olmasın, bu olsun” filmində Müxlis müəllimin bədii qiraət ustası olduğunu şeir söylədiyi kadrda göstərməklə yaddaşlarda qalmasına imkan yaradıb.
“Dəli Kür” filmində aktyorun canlandırdığı Kipiani obrazı kino yaradıcılığındakı uğurlu rollardandır. Onu da qeyd edək ki, rolun uğurunun digər səbəblərindən biri də Əməkdar artist Həsən Əblucun rolu obrazlı səsi ilə ifaçı qədər inandırıcı təqdim etməsindədir. Kino sənətinin bu kimi incəliklərinə varan yaradıcı heyətin dərin sənət bilgisi filmin ekran ömrünün uzanmasına, mükəmməl kompozisiya şəklində ekran təhkiyəsinin yaranmasına səbəb olub.
“Yenilməz batalyon” filmindəki Nəriman Tağıyev obrazı isə aktyorun təqdimatında olduqca səmimi, fərqli və yaşarıdır. Bundan başqa 20-ə yaxın filmdə çəkilən aktyorun istedadı “Görüş” kinokomediyasında Ənvər, “Bəxtiyar” kinokomediyasında Kərim, “Ən vacib müsahibə”də Ənvər müəllim, “Ulduzlar sönmür”də Mustafa, “Əsl dost”da Əsəd və başqa obrazlarda orijinal, cazibədar üslubda cilalanıb, ekran əsərlərinin mahiyyəti rolların təfsirində yüksək peşəkarlıqla təsdiqini tapıb.
“Ən vacib müsahibə” filmində Ənvər müəllim obrazı insan mənəviyyatını, ziyalı təfəkkürünü, çalışqanlığını uca tutan vicdanlı redaktordur. O, ətrafındakıları, həmkarları üçün sözün əsl mənasında örnək vətəndaşdır.
“İyirmialtılar” tarixi-inqilabi filmində aktyorun istedadını forma və məzmunca tam fərqli olan qoçu obrazında görürük. Dövrünün reallığından irəli gələn səbəblərdən siyasi gərginliyi yaşayan minlərlə insandan biri olan bu obraz vətəninin müdafiəsinə qalxan, doğma torpağını yadellilərdən qorumağa çalışan personajdır. Obrazın təfsirində XX əsrin əvvəllərində yaşayan, vətən təəssübünü çəkən eloğlumuzun qorxmaz, cəsarətli xarakterini izləyirik.
Dublyaj fəaliyyətində də böyük nailiyyətlər əldə edən Müxlis Cənizadə 1947-ci ildən Azərbaycan, 1953-cü ildən isə xarici filmlərin səsləndirilməsində yaxından iştirak edib. Ahəngdar, həlim səs tembri ilə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb, personajların həyat mövqeyinin incə məqamlarını səmimiyyətlə nəql edib.
İstedadlı aktyor “Xatirələr sahili” filmində prokuror, “İstintaq davam edir”də Çingizov, “Sehrli xalat”da Eynulla müəllim, “Səhər” filmində Rəşid, “Ulduz” kinokomediyasında Bəxtiyar, “Əhməd haradadır?” kinokomediyasında sürücü Əhməd və başqa obrazların tipik cəhətlərini, fikir və mövqelərini ifadəli, aydın tələffüzü ilə dəqiq çatdırıb.
Milyonların sevdiyi sənətkar olmaq üçün ömrünü sənətə həsr etmək, sənət üçün doğulmaq lazımdır. Ömrü boyu sənətin keşiyində duran, yüksək bacarıqla təqdim edən Müxlis müəllim, heç də hamar olmayan sənət yolunda göstərdiyi peşəkarlığa, dublyaj sahəsindəki fəallığına görə çoxsaylı tamaşaçıların qəlbini fəth etdi. İnsanpərvərliyinə, müsbət şəxsi keyfiyytlərinə görə də dönə-dönə xatırlanmağına, xatirələrdə yaşamağına səbəb yaratdı.
Dövlət Film Fondu