Kinorejissor Ağarza Quliyevin doğum günüdür

Kino yaradıcılığında dövrünün həyat gerçəkliklərinin bədii təcəssümünü yaradan görkəmli kino xadimlərimizdən biri də kinorejissor, Əməkdar incəsənət xadimi Ağarza Quliyevdir. Azərbaycan kinosunun inkişafında mühüm xidmətləri olan Ağarza Quliyevin doğum günüdür (22.12.1898). Kinomuzun təşəkkül tapmasında, milli kadrların yetişdirilməsində xidməti olan, müasirlərinin həyat tərzini, düşüncə və hisslərini aktyor, rejissor kimi emosional boyalarla tamaşaçılara çatdıran Ağarza Quliyev ömrü boyu sənətinin keşiyində durub, məzmunlu yaradıcılığında əzmkarlığını, öncüllüyünü sübut edib.

XX əsrin birinci yarısında Azərbaycan kinosunda yaradıcı heyətin yadellilərdən ibarət olması digər vətənpərvər sənətkarlar kimi (Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev və s.) Ağarza Quliyevi də narahat edirdi. Kino xadimlərinin ən böyük arzusu filmlərin vətənpərvərlik mövqeyindən yaradılması,  tamaşaçını düşündürməsi, cəmiyyəti maariflənməsi, formalaşması isitiqamətində mühüm rol oynaması idi. Yüksək mənəvi dəyərləri, vacib amilləri yalnız və yalnız qəlbi vətən eşqi ilə döyünən, torpağına bağlı olan, xalqın dərdini yaradıcılığının qayəsinə çevirən insanlar təbliğ edə, ictmai şüurun formalaşmasına təkan verə bilərdi. Məhz buna görə də Ağarza Quliyev də aktyor, rejissor kimi imza atdığı hər bir işi ilə kinomuzun simasının yaranmasına, formalaşmasına çalışırdı.

Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən, fərqli yaradıcılığı ilə kino salnaməmizi zənginləşdirən Xalq artisti, kinorejissor Muxtar Dadaşovun fikirləri yerinə düşür: “Ömrünün yarım əsrini Azərbaycan kinosunun təşəkkül tapmasına və inkişafına həsr edən Ağarza Quliyev respublikamızda gənc kinematoqrafçıların yetişməsinə böyük əmək sərf etmişdir. Biz həmkarları ona hörmətlə “uçitel” deyə müraciət edirdik”. Bəli, nümunəvi davranışına, dərin sənət bilgisinə görə kinematoqrafçıların yaşlı və gənc nəsli sözün əsl mənasında onu özünə müəllim hesab edir, hörmətlə də “ağsaqqal” deyə müraciət edirdilər.

Ağarza müəllim kinonun ibtidai mərhələsində, bir sözlə, kinonun ona ehtiyacı olduğu vaxtlarda sənətə gəldi. Kino çəkilişləri zamanı kollektivə hər bir işdə kömək edən gənc kinematoqrafçı tədricən filmlərə çəkilməyə başladı. İlk dəfə “Bayquş” (1924) filmində nökər Əli rolunu canlandırdı. Gələcəyin istedadlı aktyor və rejissoru kimi tanınacaq Ağarza Quliyev ilk rolu haqqında bildirirdi: “Filmdə Əlinin özünü dənizə atması kadrının real alınması üçün fırtınalı havada suya tullanmalı oldum. Üzməyi bacarmadığım üçün az qala batacaqdım. Yoldaşlarım vaxtında köməyimə gəlməsəydi, kino ilə də, həyatla da vidalaşcaqdım”. Beləcə, ilk filmdən, ilk roldan aldığı həyəcanlı təəssüratı daim xatırlayan kino aşiqi bu sənətin xoş, sevilən tərəfləri ilə yanaşı, sərtliklərini də qəbul etdi, məsləyinin çətinliklərinə dözdü, həmkarlarının uğurunu özünün uğuru, nailiyyəti bildi.  Maraqlıdır ki, rejissorun yaradıcılıq filmoqrafiyasına nəzər salanda quruluş verdiyi filmlərin bir neçəsinin məhz elə çətin çəkilişləri olan səhnələrdən ibarət olduğunu görürük. Bu isə Ağarza müəllimi narahat edən mövzuları gündəmə gətirmək istəməsindən, kinonun maarifləndirici xarakter daşımasına üstünlük verməsindən irəli gəlirdi.

Ağarza Quliyevin müstəqil rejissor kimi debüt işi “Direktiv bant (1932) qısametrajlı filmidir. Bundan sonra o, Azərbaycan diviziyasının səhra təlimlərindən, hərbi və siyasi hazırlığından bəhs edən “Azərbaycan diviziyasının düşərgələrində” adlı (1932) qısametrajlı sənədli, ardınca isə “Dostlar” (1934) bədii filmini çəkib. C.Cabbarlının arzusu olan, hazırlıqlarına başladığı lakin, yarımçıq qalan “Almaz” səssiz filminin çəkilişlərini kinorejissor Qriqori Braginski ilə birgə reallaşdırıb (1936). Dövrünün vacib mövzusu olan, yeni neft yataqlarının kəşf edilməsindən bəhs edən “Yeni horizont” (1940) filmi Ağarza müəllimin quruluş verdiyi ilk səsli, tammetrajlı film olub. Bundan sonra o, müxtəlif janrda “Vətən oğlu” (1941), “Bəxtiyar” (1942), “Qara daşlar” (1956), “Səhər” (1960), “Ulduz” (1964) filmlərini müstəqil rejissor kimi tamaşaçılara ərmağan edib.

“Mən ki gözəl deyildim” kinodramı (kinorejissor T.Tağızadə və R.Əsgərovla birgə, 1968) mövzusuna və çəkiliş zamanı baş verən faciəli hadisəyə görə rejissorun həyatında, xatirəsində əbədi kədərli iz salan film kimi qalıb. Göründüyü kimi ustad sənətkarın yaradıclığına nəzər salmaq kifayət edir ki, arzularını məqsədə çevirən, kinoda reallaşdırmağa çalışan, məsləyində özünü, sözünü təsdiqləyən insanın ömrünü kinoya əbəs yerə sərf etmədiyinin, həmçinin gənc kinematoqrafçıların təfəkkürünü doğru səmtə istiqamətləndirdiyinin şahidi olaq.

Rejissorun filmlərinin ümumi məzmununun məcmusu insanpərvərlik, humanistlik, vətənpərvərlik kimi ali məqsədlərin təbliği və təsdiqidir. 1941-ci ildə ekranlaşdırdığı “Vətən oğlu” filmi İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyat dəstəsində almanlara qarşı vuruşan Kamalın şücaətindən, arxa cəbhədəki insanların onun ailəsinə göstərdiyi maddi və mənəvi dayaqdan bəhs edir. Qısametrajlı film müharibə illərinin faciəli, çətin günlərini, gözü yolda qalan anaların həsrətini, bir ailənin timsalında evlərdə yaşanan nigarançılığı əks etdirir. “Bəxtiyar” (1942) filmində isə ön cəbhədə əsgər yoldaşlarına ərzaq (at arabası ilə) daşıyan Bəxtiyarın pusquda duran almanlarla qarşılaşmasını, onlarla təkbətək döyüşməsini, alman əsgərlərini məhv etməsini, yaralı halda belə düşmənə bir tikə belə çörək verməməsini görürük. Hər iki filmin süjeti sadə, səmimi priyomlarla işlənsə də, mühüm və aktual hadisələrin zamanında tamaşaçıya çatdırılması, insanlarda döyüş əzminin yüksəldilməsi baxımından önəmlidir.

Ümumiyyətlə, müharibə anlayışı Ağarza müəllimi ömrü boyu narahat edən, yaradıcılığında önəmli yer tutan mövzulardandır. Onun aktyor fəaliyyətində də həyat üçün vacib nüansları peşəkarcasına qabartdığını, ələlxüsus “Mən ki gözəl deyildim” filmində canlandırdığı Rəhim baba surətini məzmunlu və emosional yaratdığını görürük. Kiçikplanlı rol olan Rəhim baba obrazı filmin dramatizmini maksimal həddə çatdıran, dövrünün gərgin situasiyalarını şəxsi faciəsində təqdim edən roldur. Film boyu poçtalyon Səidənin “qara kağız harayı”ndan qorxması həyəcanını yaşayır, onunla birlikdə pis xəbərlə rastlaşan insanlara ünvanlanan bəd xəbərlərin yükünü çəkirik. Film boyu ürəklərə dolan qubarlı, həyəcanlı təəssüratlar kor qocanın harayında qatılaşmış nifrətə, hayqırtıya çevrilir. Əllərini göyə qaldıraraq dünyadan imdad diləyən Rəhim babanın: “Vəhşilər oğullarımızı əlimizdən alırlar. Məni eşidirsinizmi ay adamlar…”, – deyərək nalə çəkməsi minlərlə köməksiz yaşlının həyatına ağı deyir. Qara kağızların evlərə gətirdiyi bu kimi nisgili, bəlanı törədənləri o, çarəsizliyi, müharibəyə olan üsyanı ilə lənətləyir. Bununla da sənət bilgisi və duyumu güclü olan aktyor, rejissor Ağarza Quliyev kiçik bir epizodda, düzgün mizan verdiyi rolda müharibənin dəhşətlərinə nifrət püskürən hiddət tablosu yaradır. Buna görə də Rəhim babanın bala həsrəti ilə fəğan edən monoloqunu məhz filmin kulminasiya nöqtəsi hesab etmək olar.

Sakit təbiətli, sadə insanların adətən daxili təlatümü güclü, xarakteri bəzi məqamlarda mürəkkəb olur. Ağarza müəllim də təbiət etibarı ilə sakit, az danışan bir insan olsa da, yaradıcılıqda məntiqli məqamların bolluğuna önəm verirdi. Bu mənada aktyor kimi canlandırdığı rolları filmin aparıcı qüvvəsinə çevirirdi. “Sən niyə susursan?” filmindəki kənd müəllimi obrazı kiçikplanlı olsa da, jest və ifadə tamlığına görə filmin axıcılığına rəvac verən roldur. Bu kimi personajların fərdi cəhətlərini filmdə geniş planda izləməsək də (qısa və aydın jestlərlə təqdim olunması baxımından) həyat mövqeyinin ardıcıllığını görürük, anlayırıq.

Uşaqlıq və gənclik illəri ağır müharibə dövrünə təsadüf edən edən Ağarza Quliyevi çətinliklərə sinə gərən iradəsinə, sənət mücadiləsinə, həyat təcrübəsinə, məsləyinə olan sevgisinə görə kinomuzun fədaisi adlandıra bilərik. O, peşə bilgisini böyük həvəslə gənc kinematoqrafçılara tədris edir, ali məqsədlərə doğru yönəltdiyi sənəti ilə onlara örnək olurdu.

Kino öncüllərimizdən biri kimi yadda qalan Ağarza Quliyev sənətdə novator oldu. Həmvətənlərinin düşüncələrini, problemlərini yaradıcılığının qayəsinə çevirdi. Filmləri vasitəsilə hər birimizlə dərdləşdi, müasiri olmağımıza, onu tanımağımıza imkan yaratdı. Filmlərində şərh etdiyi məsələlərə bizləri şahid çəkdi, ağsaqqal, pedaqoq nəsihətini əsirgəmədi. Vacib fikirlərin ötürücüsü kimi hafizələrdə qaldı, qəlblərdə yaşadı.

Dövlət Film Fondu