Kino kollektiv sənət növüdür. Elə insanlar var ki, kadr arxasında qalsalar da, onların əməyi, zəhməti sayəsində filmlər ərsəyə gəlir, təqdim olunur.
Kino istehsalı təşkilatçısı, kinoprodüser, Əməkdar mədəniyyət işçisi Azər Quliyev də 80-ci illərin əvvəllərindən həyatını kino sənətinin inkişafına həsr edib. Bu il o, 65 yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Azər müəllimi yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.
Azər Quliyev 1960-cı il yanvarın 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kino istehsalının təşkilatı fakültəsini bitirib (1981-1985). 1985-1992-ci illərdə “Azərbaycanfilm” kinostuditasında bədii filmlər üzrə direktor işləyib. 1992-1999-cu illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində olan “Haray” YİB-də baş direktor, bir müddət sonra “Azərbaycanfilm” kinostudiyasında baş iqtisadçı (2002-ci ilə qədər), daha sonra kinostudiyanın istehsalat və maliyyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
Onu da qeyd edək ki, A.Quliyev “Qəzəlxan” (1991) kinodramında direktor, “Cavad xan” (2009) tarixi-döyüş filmində layihə rəhbəri, “Qəm pəncərəsi” (1986) faciəvi komediya dramında inzibatçı, “İlahi məxluq” (2011), “Qırmızı bağ” (2016) kinodramlarında xətt prodüseri işləyib, bir neçə sənədli filmin direktoru olub.
“Süd dişinin ağrısı” (1987), “Ata” (1988), “Başqa dünya” (1992), “Üç qız” (2005), “Ondan yaxşı qardaş yox idi” (2010), “Buta” (2011), “Çölçü” (2012) və digər filmlərin icraçı prodüseri olub.
Bir sıra ekran əsərlərinin prodüseri, bəzilərinin layihə rəhbəri və müəllifi olan kinematoqrafçı hazırda “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindədir. Həmçinin müstəqil “Baquan” kino şirkətinin vitse-prezidentidir.
Azər müəllimə yeni-yeni yaradıcılıq uğurları diləyirik.
Dövlət Film Fondu