Əməkdar artist Ətayə Əliyevanın 105 illik yubileyi münasibətilə kitab təqdimatı keçirildi

Yanvarın 17-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar artist, teatr və kino aktrisası Ətayə Əliyevanın 105 illik yubileyi münasibətilə Rəhilə Soltanqızının “Bir ömürlük xatirə” kitabının təqdimat mərasimi keçirildi.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ətayə Əliyevanın kino yaradıcılığından söz açdı. Sonra Xalq artistləri Şəfiqə Məmmədova, Hacı İsmayılov, Əbdül Mahmudov, Cəfər Namiq Kamal, Əməkdar artist Füzuli Hüseynov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Əməkdar jurnalist Gülbəniz Hüseynova, kinooperator Fəramiz Məmmədov tanınmış sənətkar haqqında xatirələrini bölüşdülər. Sonra “Bir ömürlük xatirə” kitabının müəllifi Rəhilə Soltanqızı tədbirin təşkilində və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdə Dövlət Film Fondunun və “Belə-belə işlər” layihəsinin hazırladığı, Ətayə Əliyevanın həyat və yaradıcılığını özündə əks etdirən videoçarxlar və aparılan araşdırmalar zamanı bir neçə il əvvəl aşkar olunmuş, geniş tamaşaçı kütləsinə az məlum olan “Axırıncı namaz” filmi nümayiş etdirildi.