Xalq artisti Hacı İsmayılov 81 yaşını qeyd edir (22.01.1944). İstedad və bacarığı ilə Azərbaycan teatr, kino sənətinə uğur gətirən, çoxsaylı tamaşaçı rəğbəti qazanan aktyorumuzu Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından təbrik edirik. Cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
1963-cü ildən həyatını sənətə həsr edən, realist yaradıcılığı fonunda müxtəlif həyat hadisələrinin dəqiq şərhini verən, müəlliflərin istək və məqsədlərini teatr və kino obrazlarının təfsirində incəliklə cilalayan aktyor 62 ildir ki, sevdiyi sənətin keşiyindədir.
Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən Hacı İsmayılov 1968-ci ildən Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1970-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirib, burada hazırlanan tamaşalarda 50-dən artıq obraz canlandırıb. Realist təqdimatı, aydın diksiyası, ahəngdar səs tembrinə görə 70-ci illərin əvvəllərindən kinoya cəlb olunub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj studiyasında ilk dəfə “Axırıncı aşırım” kinodramında kəndli rolunu səsləndirib. Bundan sonra ardıcıl olaraq “Sahilsiz gecə”də İsrafil (Muxtar Maniyev), “Ağ atlı oğlan”da Şahin (Elxan Quliyev), “Aşkarsızlıq şəraitində…” filmində Musazadə (Vyaçeslav Həsənov), “Babamızın babasının babası” kinokomediyasında kolxoz sədri (Hamlet Qurbanov) və digər filmlərin səsləndirilməsində iştirak edib.
Kinoda debüt rolunu görkəmli kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Ad günü” filmində oynayan aktyor Mustafa obrazı ilə kinosevərlərin rəğbətini qazanıb. Personajın həyat mövqeyini bəyan edən aktyor baməzə və maraqlı təqdimatı ilə rejissorların diqqətini çəkib. Ardıcıl olaraq filmlərə dəvət alıb, “Anın quruluşu” filmində Ələkbər, “Dantenin yubileyi” sosial dramında Əlikram, “Bağlı qapı” kinodramında Əli, “Fəryad” müharibə dramında Rövşən, “Həm ziyarət, həm ticarət…” filmində Mustafa, “Ölsəm… bağışla” məhəbbət dramında Qulam, “Özgə ömür” kinodramında Həsənov, “Yay günlərinin xəzan yarpaqları” filmində mühasib, “Sarı gəlin” müharibə dramında Qədir, “Qara gölün cəngavərləri”ndə Bağır və digər ekran əsərlərində maraqlı, dolğun obrazlar canlandırıb.
Realist aktyor məktəbinin davamçısı olan aktyor dramatik rollarla yanaşı, yaradıcılıq qismətinə düşən komik personajları da (Mürşüd – “Yol əhvalatı”, Qasımov – “Belə lazımdır”, Əhmədov – “Musiqili xaş” və s.) dolğun, koloritli mizanlarla təqdim edib. Vəziyyətdən yaranan komik situasiyaları həssaslıqla çatdırıb, müəlliflərin nəsihət və mesajlarını məntiqli ifada təqdim edib. Fərdiyyəti, ətrafındakılara qarşı olan münasibəti gülüş doğuran personajların qeyri-normal cəhətlərini xarakter və mimika cizgilərində dolğunluqla, yeni çalarlarla, bənzərsiz boyalarla əks etdirib, məntiqli yumorla təqdim edib. Tamaşaçı ilə rol arasında əlaqə qurmağa, dövr hadisələrini əhatəli şəkildə, qabarıq göstərməyə, ictimai davranış qaydalarını, mühiti yaxından tanıtmağa nail olub. Hər bir rolun kimliyini maksimal həddə şəffaflıqla təcəssüm etdirən aktyor kinokomediyalarda rol almaqla yanaşı, “Mozalan” satirik kinosüjetlərində də (“Atamın sənəti”, “Fövqəladə hadisə”, “Gethagetdə”, “Arayış”, “Belə də olur”, “Gedərsən bizə…” və s.) maraqlı surətlər canlandırıb.
Aktyorun müxtəlif televiziya tamaşalarında oynadığı xarakterik rolları, o cümlədən Fərman (“Alov”), Xuduş (“Atayevlər ailəsi”), Candarlı Əli paşa (“Fatehlərin divanı”), Səməndər (“Kişilər”), Əhməd Əhmədov (“Qonşu qonşu olsa..”), Gülbala (“Ordan-burdan”), Qafar (“Yaşıl eynəkli adam”) və digərləri tamaşaçıların sevərək izlədiyi, həyat mövqeyini, tərəf-müqabilinə münasibətini, fikir və mesajlarını tamlıqla anladığı, gülərək izlədiyi personajlardır.
Yaradıcılığı fonunda cəmiyyətin maarifləndirilməsi prinsipini əsas götürən Hacı İsmayılovun hər bir roluna həssaslıqla yanaşmsı, orijinal təqdimatı tamaşaçılara, müəlliflərə və ədəbi əsərlərə olan hörmətdən, məsuliyyətdən qaynaqlanır. Yüksək sənətkarlıq keyfiyyəti ilə sənətin aliliyini təsdiqləyən, insan mənəviyyatının qidası olduğunu vurğulayan aktyor daim mədəniyyətimizin keşiyində durub, insanlara olan sevgisini, hörmətini hər bir təqdimatında təsdiqləyib. Yüksək mənəvi cəhətlərinə, sənətkarlıq keyfiyyətinə görə də xalqın sevgisini, rəğbətini qazanıb.
Hacı İsmayılovun sənətdə göstərdiyi xidmətlər Dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1980-ci ildə respublikanın Dövlət mükafatına, 1989-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Onu da qeyd edəkl ki, 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, 2023-cü ildən sədri vəzifəsini icra edən Hacı İsmayılov Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə mükafatlandırılıb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Dövlət Film Fondu