Afaq Bəşirqızı – 70

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktrisası Afaq Bəşirqızının 70 illik yubileyidir.

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər orada çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır.

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra film və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Bala – başa bəla”, “Yarımştat”, “Nekroloq” teletamaşalarında müxtəlif xarakterli rollar və “Afaq gülür, güldürür” şousunda müxtəlif obrazlar yaradıb. “Bəxt üzüyü”, “Girov”, “Həddən artıq uyğunluq” filmlərində maraqlı surətlər yaratmışdır. “Mozalan” satirik kinojurnalıında “Uşaq bağçası”, “Ət kombinatında”, “Xaricdə belə deyil”, “Belə də olur” nömrələrinin süjetlərində iştirak edib.

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızı 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2013-cü ildə “Şöhrət” ordeni ilə, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 2025-ci ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.