Sənədli kino ustası Cavanşir Məmmədovun xatirəsi kinosevərlər üçün həmişə əzizdir. Respublikanin Xalq artisti, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi, Lenin mükafatı laureatı Cavanşir Məmmədov yüzdən artıq tammetrajlı, qısametrajlı sənədli və elmi-kütləvi filmlər çəkmiş, kinojurnallar üçün mindən artıq kinosüjet ərsəyə gətirmişdir.
Cavanşir Məmmədov 1915-ci il oktyabrın 17-də Azərbaycanın səfalı guşələrindən olan Şuşada dünyaya göz açmışdır. Erkən yaşlarında valideynlərini itirdiyinə görə uşaqlıq və gənclik illəri Aşqabadda keçmişdir. Orada yediillik orta məktəbi bitirdikdən sonra “Türkmənfilm” kinostudiyasına işə düzəlmiş (1931), laboratoriya şagirdi kimi çalışmışdır. Kinostudiyada işləyə-işləyə axşamlar ali məktəbə hazırlıq üzrə təhsilini də davam etdirmişdir. 1932-ci ildə kinostudiyada operator şagirdi, daha sonra operator köməkçisi işləmişdir. 1934-cü ildə operator assistenti, 1935-ci ildən II dərəcəli operator, 1945-ci ildən I dərəcəli operator (xronikal filmər üzrə) kimi çalışmışdır.
Aşqabad kinostudiyasında çalışarkən “Sovetskaya Turkmeniya” respublika və “Novosti dnya” ümumittifaq kinojurnalları üçün 120-dən artıq süjet çəkmiş, “Yeddi qəlb” bədii filminin (1935) operator assistenti olmuşdur. “Sovet vətənpərvərləri” (1939), “Cigit oğlu” (1940, N.Dostalla birgə) bədii filmlərinin operatoru olmuşdur. “Türkmənistan” (1939, operator qrupu), “Sovet Türkmənistanı” (1946, operator qrupu) və “Dörd sərvət adası” (1946) sənədli filmərini çəkmişdir.
1942-ci ildə SSRİ kinematoqrafiya nazirinin əmri ilə “Xəzər dənizçiləri” (Xəzər Dəniz Donanması) tammetrajlı sənədli filminin çəkilişində iştirak etmək üçün Bakıya ezam olunmuşdur. 1949-cu ilin dekabr ayında SSRİ kinematoqrafiya nazirinin əmrinə əsasən, Aşqabad kinostudiyasından Bakı kinostudiyasına işə köçürülmüşdür. Burada işlədiyi müddətdə ssenariləri əsasında “S.M. Kirov adına körfəzdə”, “Təbiətin dostları” (Ə.Qulubəyovla birgə), “Lahıc dağlarında əks-səda” (H. Nəcəfovla birgə) və s. filmlər çəkilmişdir.
Operator kimi “Xəzər dənizçiləri” (N. Bolşakov, Q. Donets, V. Yeremeyev, S. Bədəlovla birgə), “Əbədi odlar ölkəsi” (S.Bədəlov, V.Yeremeyev, M.Mustafayev, A.Nərimanbəyovla birgə), “Respublika stadionu” (X.Babayev, L.Koretski, V.Zbudski ilə birgə), “Azərbaycan atları”, “Xəzər neftçiləri haqqında dastan” (R.Karmen, A.Zenyavin, S.Medınski ilə birgə) və s. sənədli, “Dənizi fəth edənlər” (S.Medınski ilə birgə) bədii-sənədli, “Görüş”, “Mahnı belə yaranır” (T.Axundovla birgə) bədii filmlərində işləmişdir.
Rejissor kimi “416-cı”, “Keçmişin şahidləri”, “Təbiətin dostları”, “Azərbaycan mədəniyyətinin baharı”, “S.M. Kirov adına körfəzdə”, “Azərbaycan elmi”, “Oktyabrın şəfəqləndirdiyi yol” sənədli filmlərini ərsəyə gətirmişdir. C.Məmmədov yaradıcılığını əsasən sənədli filmlər üzrə püxtələşdirmiş, kinostudiyadakı fəaliyyəti dövründə müxtəlif mövzulara müraciət etmişdir. Ekranda canlandırdığı məzmunlu həyat lövhələri ilə tamaşaçılarda sənədli kinoya qarşı böyük maraq yaratmış, yüksək səviyyədə çəkdiyi filmlərə görə bir sıra mükafatlara layiq görülmüşdür.
1951-ci ildə Kannda keçirilən (Fransa) IV Beynəlxalq Kinofestivalda C.Məmmədovun operatorlarından biri olduğu “Sovet Azərbaycanı” sənədli filminə elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin xüsusi mükafatı verilmişdir. Rejissor və operator kimi çalışdığı “S.M. Kirov adına körfəzdə” elmi-kütləvi filmi 1955-ci ildə Venesiyada (İtaliya) keçirilən beynəlxalq festivalda diplom almışdır. Yaradıcı heyətin tərkibində çalışdığı “Dənizi fəth edənlər” filminə 1959-cu ildə I Moskva kinofestivalında qısametrajlı sənədli filmlər bölməsi üzrə gümüş medal verilmişdir. Operatorlarından biri olduğu “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” filmlərinə görə 1960-cı ildə Lenin mükafatına layiq görülmüşdür.
Çəkdiyi filmlərlə sənədli kinomuzun salnaməsini yaradan Cavanşir Məmmədov zəhmətkeşliyinə, məsləyinə olan sonsuz sevgisinə, insani xüsusiyyətlərinə görə ömrünə yazılan 82 illik həyat tarixçəsini örnək ömür hekayəsinə çevirdi. Həyatdan alınmış hadisələri dəqiq prizmadan, peşəkarlıqla canlandırdığına görə filmləri dövrünün bələdçisinə çevrildi, mühitinin reallığını, müasirlərinin əmək qabiliyyətini, həyat tərzini nəsillərə ötürməyə nail oldu. Kinonun mahiyyətini, peşəsinin vacibliyini illərlə təsdiqlədi, adı düşüncələrdə iz saldı, minnətdarlıq hissi ilə xatırlandı.
Dövlət Film Fondu